Dövlət humanist üzünü göstərdi...

Bakı Apelyasiya Məhkəməsində Tofiq Yaqublu barəsində verilən şikayətə baxıldı və barəsində  seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edildi...

Dövlət humanist üzünü göstərdi və vətəndaşının həyatını, sağlamlığını hər şeydən üstün tutduğunu  bir daha nümayiş etdirdi.

Amma şübhə etmirəm ki, Tofiq Yaqublunun həyatı, sağlamlığı üzərindən öz maraqlarının davasını aparanlar bu humanist addımı da özlərinin və sifarişçilərinin ənənəvi arzu və istəkləri, mənafeləri müstəvisindən dəyərləndirəcək, Bakı Apelyasiya Məhkəməsinin qərarı ətrafında növbəti virtual şoular yaratmağa cəhd göstərəcəklər.
Məhz bu baxımdan da geridə qalan zaman kəsiyində Əli Kərimli, Sevinc Osmanqızı, Gültəkin Əlibəyli, Cəmil Həsənli, Qənimət Zahid, həmçinin allı-güllü, "milli şura"nın digər böhtan və söyüş terminatorlarının davranışlarına diqqət çəkməyi vacib hesab edirəm.

Tofiq Yaqublunun aclıq aksiyası keçiridiyi zaman kəsiyində adlarını sadaladığım və sadalamadığım şəxslərin heç biri onu aclığı dayandırmağa çağırmadı. Əksinə, Yaqublu ətrafındakı emosional mühitin daha da kəskinləşməsinə çalışdılar. Verdikləri bütün mesajlar da Tofiq Yaqublunun aclığı davam etdirməsinə, həyatının ciddi risk altına düşməsinə xidmət edirdi. Nə deyirdilər bu adamlar? Deyirdilər ki, "yox, Tofiq Yaqublu aclığı heç bir halda dayandırmayacaq", "sonadək mübarizə aparacaq", "geri çəkilməyəcək"...  Püskürdükləri bütün aqressiv bəyanat və açıqlamar da yalnız bir məqsədə xidməti edirdi... Bəlkə də artıq sifarişçiləri ilə birlikdə hadisələrin inkişaf ssenarisini də müəyyənləşdirmiş, ehtiyat bəyanatlar, açıqlamalar, şüarlar da hazırlamışdılar...

Söhbət isə hansısa siyasi fikir ayrılıqlarından, fərqli baxış və dünyagörüşlərinin toqquşmasından yox, insan həyatından gedirdi...

Tofiq Yaqublunun həyatını siyasi alver predmetinə çevirənlərin hədəfə aldığı Azərbaycan dövləti isə sözügedən şəxsin sağlamlığının qorunması üçün qanun çərçivəsində bütün mümkün vasitələrə əl atdı. Hətta Yaqiblunun xahişi ilə mülki sektorda çalışan dostu, həkim Adil Qeybullaya onun müayinəsi, müalicəsi və sağlıq durumuna nəzarət edə bilməsi üçün lazımi şərait yaradıldı. Sağlıq durumunda problem yaranmaması üçün Tofiq Yaqublunun özünün və həkimi Adil Qeybullanın təklifi ilə onun "City Hospotal"da müalicəsi davam etdirildi... Və nəhayət ziyalıların, tanınmış ictimaiyyət nümayəndələrinin, millət vəkillərinin müraciətləri nəzərə alındı və Tofiq Yaqublu bütün mümkün təxribat ssenarilərini nəzərdən keçirənlərin arzu və istəklərinə rəğmən artıq öz evindədir...
Beləliklə, hər iki üz göz qabağındadır. Dövlətin humanist üzü də, siyasi üzsüzlüyü özünün həyat fəlsəfəsinə çevirənlərin hər an dəyişməyə hazır olan "çoxvektorlu" üzləri də...

Dövlət humanist üzünü göstərdi, təbii ki... Amma bu, kimlərinsə baş verənləri öz əxlaqı və dünyagörüşü müstəvisindən dəyərləndirməsinə yol açmamalıdır. Tofiq Yaqubluya münasibətdə nümayiş etdirilən yanaşma president olaraq humanizm prinsiplərinin həyata keçirilməsi, "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn vəzifələrin icrası ilə bağlı olan bir addımdır. Bu şantaj qarşısında geriçəkilmə deyil. Dövlətlə heç kim şantaj dilində danışa bilməz və danışmamalıdır da! Dövlətçiliyin, dövlət təhlükəsizliyinin nə olduğunu azacıq da olsa başa düşənlər çox güman ki, nə demək istədiyimin yaxşı fəqindədirlər. Şantajın presidentə çevrilməsinə edilən bütün cəhdlər isə istisnasız olaraq dövlət təhlükəsizliyinə təhdid kimi dəyərləndirilməli və buna müvafiq olaraq hüquqi addımlar atılmalıdır.
Təcrübə göstərir ki, təzyiq, şantaj və bu kimi yollarla Azərbaycan dövlətinə, hakimiyyətə, məhkəməyə təsir etmək mümkün deyil və belə cəhdlər həmişə olduğu kimi iflasa məhkumdur.

Elçin Mirzəbəyli
Milli.Az