Novruz bayramı münasibətilə Qala Qoruğuna etno-tur təşkil olunub

21 Mart 2022-ci il tarixində xalqımızın qədim milli adət-ənənələrini özündə birləşdirən Novruz bayramı münasibətilə Qala Qoruğuna etno-tur təşkil olunub.

Day.Az xəbər verir ki, tədbirdə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Idarə heyətinin sədri Şahin Seyidzadə, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Millət vəkilləri Rauf Əliyev, Soltan Məmmədov, şəhid ailələri, qazilər, rayon ağsaqqaları iştirak ediblər.

Qonaqlar açıq səma altında yerləşən Arxeoloji-Etnoqrafik Muzey Kompleksində
dulusçuluq, xalçaçılıq, daşoyma kimi qədim sənət nümunələri ilə tanış olub, həmçinin, qədim tacir evində qonaqlara kirkirə çəkmə və lavaş yayma ənənələri nümayiş edilib.

Milli idman növü olan zorxana oyunları qonaqların marağına səbəb olub.

Tədbirdə iştirak edənlər Novruz bayramını düşməndən azad edilmiş torpaqlarda qeyd edə bildiyimizə görə möhtərəm Ali Baş Komandana təşəkkürlərini bildiriblər.

Novruz bayramınız mübarək!