AzQAC, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası və İsrailin Azərbaycandakı səfirliyi arasında üçtərəfli görüş keçirilib

27 yanvar tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) baş idarəsində AzQAC, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (Beynəlxalq Federasiya) və İsrailin Azərbaycandakı səfirliyi arasında üçtərəfli görüş keçirilib. Görüşün əsas məqsədi humanitar sahədə mövcud əlaqələrlə bağlı fikir mübadiləsi aparmaq, əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi baradə gələcək layihələri müzakirə etmək olub.

Day.Az xəbər verir ki, görüşdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı cənab Novruz Aslanov, AzQAC-ın icraçı katibi Ceyhun Mirzəyev və icraçı katibin müavini Şaban Şayev, İsrailin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Corc Dik, İsrail səfirliyinin əməkdaşları Roza Səfixanlı və Doron Peer, Beynəlxalq Federasiyanın Cənubi Qafqaz ölkələri üzrə nümayəndəliyinin rəhbəri Davron Muxamadiev, Beynəlxalq Federasiyanın Azərbaycandakı nümayəndəliyinin proqramlar və əməliyyatlar üzrə meneceri Serdar Günel iştirak ediblər.

Görüşü giriş sözü ilə açan Cəmiyyətin prezidenti qonaqları AzQAC-ın kollektivi, çoxsaylı könüllüləri və üzvləri adından salamlayıb. O, Azərbaycan Qızıl Aypara Cəmiyyətin İsrailin Magen David Adom Cəmiyyəti ilə olan dostluq əlaqələrindən, ilk yardım, psixososial dəstək, Fövqəladə Hallara Hazırlıq sahəsində həyata keçirdiyi birgə fəaliyyətdən danışıb. Eyni zamanda, iki xalq arasında tarixi münasibətlərdən, davam edən dostluqdan, keçmiş səfirlə humanitar sahədə əməkdaşlıqdan bəhs edib. Daha sonra, AzQAC-ın strukturundan, hazırda icra edilən layihələr və fəaliyyətlərdən bəhs edib. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin humanitar sahədə daima əməkdaşlığa hazır olduğunu və layihələrin həm yerli həm də regional səviyyədə həyata keçirilə biləcəyini vurğulayıb. Gələcəkdə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək layihələrin daha da inkişaf edəcəyinə inandığını bildirib.

Görüşə öz çıxışı ilə davam edən İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik iki ölkə arasındakı münasibətlərdən danışıb və Azərbaycanın İsraildə səfirliyinin açılmasını tarixi bir hadisə olduğunu vurğulayıb. O qeyd edib ki, Azərbaycan dünyada yeganə dövlətdir ki, yəhudi ailələri heç bir təzyiqə məruz qalmadan burada daima sülh və firəvanlıq içərisində yaşayıblar, Qubadakı "Qırmızı qəsəbə" buna bir nümunədir. Cənab səfir eyni zamanda, AzQAC və Magen David Adom arasında olan əməkdaşlıqdan çox şad olduğunu bildirib. COVID-19 pandemiyası zamanı iki ölkə arasında bu sahədə sıx əlaqələrin olmasını da qeyd edib və səfirliyin Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə yeni layihələrdə birgə işləməyə hazır olduğunu qeyd edib.

Beynəlxalq Federasiyanın Cənubi Qafqaz ölkələri üzrə nümayəndəliyinin rəhbəri Davron Muxamadiev öz çıxışında Beynəlxalq Federasiyanın regionda olan fəaliyyətlərindən bəhs edib, İsrailin Magen David Adomla olan əlaqələrini vurğulayıb. Beynəlxalq Federasiyanın Azərbaycan Qızıl Aypara Cəmiyyətinə səhiyyə, psixososial dəstək, fövqəladə hallara hazırlıq, təşkilatı inkişaf kimi sahələrdə Azərbaycan Cəmiyyətinə daimi dəstəyə hazır olduğunu bildirib.

Görüşün sonunda AzQAC-ın prezidenti Novruz Aslanov İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dikə Qızıl Aypara Cəmiyyətinin 100 illik Yubiley medalını təqdim edib.