İranın ali rəhbərliyi Azərbaycan xalqından üzr istəməlidir

İrandakı Azərbaycan səfəriliyinə edilən terror hücumuna görə məsuliyyət bilavasitə İranın üzərinə düşür. Azərbaycan cəmiyyəti bu hadisəni qəti şəkildə pisləyir və hesab edirəm ki, İranın ali rəhbərliyi Azərbaycan xalqından üzr istəməlidir.

Bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O bildirib ki, Vynana Konvensiyasında göstərilir ki, diplomatların və diplomatik korpusların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məsuliyyət birbaşa yerləşdiyi ölkənin üzərinə düşür.

"Vyana Konvensiyasının müddəaları kobud şəkildə pozulub. Hadisə ciddi şəkildə araşdırılmalı və cinayətkar, onun arxasında dayananlar öz cəzasını almalıdır. Azərbaycan dövləti məsələnin obyektiv araşdırılmasını gözləyir. Lakin buna ümid çox azdır. Belə ki, İran həmişə terror dəstək verən bir ölkə kimi tanınır. İranda səfirliklərə, diplomatik nümayəndəliklərə, həmçinin xarici vətəndaşlara qarşı hücumların olması ilə bağlı çoxsaylı faktlar mövcuddur. Ona görə də səfirliyimizə qarşı törədilən terror hadisəsinin obyektiv araşdırılmasına böyük şübhələr var. Yayılan məlmatlardan da görünür ki, hadisəni törədən Yasin Hüseynzadə İran vətəndaşıdır və o, İranın xüsusi xidmət orqanları, xüsusilə də SEPAH-la əlaqəli olan bir şəxsdir. Əgər səfirliyin öz mühafizəsi terrorçunun qarşısını almasaydı, bütün səfirlik əməkdaşları qətlə yetirilə bilərdi. Yayılan videogörüntülərdən də görünür ki, İran polisi terror hücumun qarşısını almaq üçün heç bir cəhd göstərməyib və hazırda da hər hansı bir operativ addımların atılması müşahidə olunmur.

İran tərəfi hadisənin məsuliyyətini üzərindən atmaq üçün hadisənin mahiyyətini təhrif etməyə çalışır. Guya ki, bu hadisə məişət zəminində baş verib. İran tərəfi terrorçunun həmin əraziyə uşaqla gəlməsi və s. kimi yalan məlumatlar yayır. Bütün bunlar yalandır və İran xüsusi xidmət orqanları ilə bağlı olan terrorçunun hədəfdən yayındırılması məqsədi güdür. Cinayətkar mütləq öz cəzasını almalıdır", - deyə o əlavə edib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.