"Aksiyalar tələblərimiz yerinə yetirildiyi zaman sona çatacaq"

"Bu gün 59-cu gündür ki, ekofəalların aksiyaları davam edir. Hazırda Şuşada qarlı, soyuq hava hökm sürür. Buna baxmayaraq bizim ekofəallarımız öz fəalliyyətini davam etdirir. Biz ilk gündən mədənlərimizdə monitorinq aparılması, təbii sərvətlərimizin yağmalanmasının qarşısının alınması, ümumilikdə isə sülh tələb edirik. Biz müharibədə qələbə çalmışıq və artıq öz ərazimizdə sülhün, əminamanlığı təmin etmək istəyirik".

Day.Az xəbər verir ki, bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov bildirib.

Onun sözlərinə görə, yeraltı sərvətlərimizin Ermənistana daşınmasına icazə verə bilmərik: "Ölkəmizə qeyri-qanuni gələnlərin qarşısının alınması üçün gömrük postunun qurulmasını istəyirik. Bunlardan əlavə olaraq Ermənistana heç bir tələbimiz yoxdur.

Ermənilərin hay-küy salmasına baxmayaraq, ermənilərin həmin ərazidən 1400-dən artıq avtomobili keçib. Həmin avtomobillər ərzaq, tibbi ləvazimatlar daşıyır, humanitar yardım aparırlar. Həmin avtomobillərə qarşı ekofəallarımız heç bir mənfi addım atmır. Bizim problemimiz həmin yoldan silah-sursat daşınmasının qarşısını almaqdır. Aksiyalar da bizim tələblərimiz yerinə yetirildiyi zaman sona çatacaq. Güman edirəm ki, ermənilər gec-tez bizim tələblərimiz düzgün olduğunu anlayacaqlar".