Taksidə siqaret çəkmək olar? Ekspertdən açıqlama
Taksidə siqaret çəkməklə bağlı qadağa olsa da bəzən sərnişinlər sürücüdən siqaret çəkməyə icazə istəyir, sürücülər də buna narazılıq edirlər. Bu cür hallarda isə tərəflərin qarşılıqlı razılığı olsa belə, qanunvericilikdə məsələyə necə yanaşılmalı olduğu sual doğurur.
Day.Az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, taksi fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı qaydalara əsasən, taksidə tütün məmulatlarından istifadə qadağandır.
O, qeyd edib ki, bu qadağa həm sürücüyə, həm də sərnişinə aiddir.
"Amma bəzi sürücülər sərnişinlə razılaşaraq deyə bilərlər ki, "mən komfortlu xidmət göstərirəmsə, burada siqaret də çəkə bilərsən". Hətta sosial şəbəkələrdə bəzi sürücülərin taksidə sərnişinə viski və müxtəlif içkilər təklif etdiyini, avtomobildə müxtəlif içkilər düzdüyünü, güllər və çiçəklərlə xüsusi ab-hava yaratdığını da görmüşük. Yəni sürücü öz avtomobilində müəyyən bir xidmət modeli formalaşdırır və bunu özünəməxsus platformaya çevirir.
Ona görə də sürücü ilə sərnişin arasında həmin anda nə baş verəcəyini heç kim əvvəlcədən müəyyən edə və tam nəzarətdə saxlaya bilməz. Məsələn, sürücü də siqaret çəkəndir, sərnişin də. Sərnişin soruşur: "İcazə olarsa, bir siqaret çəkim?" Sürücü də deyir: "Etiraz etmirsənsə, birini də mən çəkim". Beləliklə, hər ikisi siqaret çəkməyə başlayır. İndi bu vəziyyətdə kimsə gəlib sürücüyə "Niyə siqaret çəkirsən?" deyə bilərmi?", - o bildirib.
Ekspert vurğulayıb ki, taksilərin əksəriyyətinin üzərində onları fərqləndirən hər hansı bir işarə də yoxdur.
"Bəziləri taksi operatorunun loqosunu avtomobilə yapışdırır, qalanlarında isə ümumiyyətlə, onun taksi olduğunu müəyyən etmək çətin olur.
O baxımdan, mən bu məsələnin bu qədər ciddi şəkildə müzakirə olunmasının tərəfdarı deyiləm. Çünki bu, müəyyən mənada sürücü ilə sərnişin arasında yaranan qarşılıqlı münasibətə və həmin an verilən qərara bağlı məsələdir. Sürücü ilə sərnişin arasında yaranan ani münasibət və razılaşma bir çox şeyi dəyişə bilər.
Belə olan halda, bunu ayrıca qanunvericilik məsələsinə çevirmək, üzərində uzun-uzadı müzakirələr aparmaq və əlavə qaydalar müəyyənləşdirmək ciddi praktiki nəticə verməyəcək", - o deyib.
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре