Kartdan karta köçürmələrin limiti artır? - Ekspert AÇIQLADI
"Əməliyyat sayına dair limitlərin artırılması və ya yumşaldılması yalnız kartdan-karta köçürmələrdən qeyri-kommersiya məqsədləri üçün istifadə edən fiziki şəxslərə münasibətdə tətbiq edilməlidir".
Bunu Day.Az-a açıqlamasında bank məsələləri üzrə ekspert Emin Kərimov deyib.
O, kartdan-karta köçürmələr üzrə müəyyən edilən limitlərin artırılması barədə fikirlərini səsləndirib.
Ekspert qeyd edib ki, əsas məqsəd burada həmin əməliyyatlardan kommersiya fəaliyyətinin həyata keçirilməsi üçün istifadə edən şəxslərin qarşısını almaq idi.
"Bununla belə, kartdan-karta köçürmələrdən qeyri-kommersiya məqsədləri üçün istifadə edən fiziki şəxslərə münasibətdə müəyyən yumşaldıcı mexanizmlərin tətbiqini məqsədəuyğun hesab edirəm. Belə ki, şəxsin əməliyyatlarının qeyri-kommersiya xarakteri daşıdığını təsdiq edən tutarlı əsasları və müvafiq sübutları olduqda, həmin şəxslər üçün əməliyyat sayına dair daha yumşaq limitlərin müəyyən edilməsi mümkün ola bilər.
Məsələn, çoxuşaqlı ailələrdə valideynin gün ərzində övladlarına, həyat yoldaşına və ya müxtəlif ərazilərdə yaşayan digər ailə üzvlərinə mütəmadi olaraq pul köçürməsi zərurəti yarana bilər. Bu kimi hallarda şəxs köçürmələrin ailə və məişət ehtiyacları ilə bağlı olduğunu, habelə kommersiya məqsədi daşımadığını müvafiq sübutlarla təsdiq edərsə, onun üçün fərqli yanaşmanın tətbiqi nəzərdən keçirilə bilər. Məsələn, müəyyən edilmiş beş əməliyyat limitindən sonra standart komissiyanın deyil, onun 50 faizinin tətbiqi və ya digər güzəşt mexanizmlərinin nəzərdə tutulması mümkündür", - o deyib.
E.Kərimov vurğulayıb ki, bu qərarın əsas mahiyyəti kartdan-karta köçürmə mexanizmində mövcud olan boşluqlardan istifadə edərək sahibkarlıq və digər kommersiya fəaliyyətini həyata keçirən şəxslərin bu əməliyyatlar vasitəsilə fəaliyyət göstərməsinin qarşısını almaqdır.
"Başqa sözlə, beş əməliyyat limitinin tətbiqində əsas məqsəd kartdan-karta köçürmələrin kommersiya məqsədli istifadəsini məhdudlaşdırmaq və belə halların qarşısını almaqdır. Bu baxımdan, limitlərin ümumi qaydada artırılması qərarın ilkin məqsədinə və məntiqinə zidd ola bilər.
Ona görə də hesab edirəm ki, əməliyyat sayına dair limitlərin artırılması və ya yumşaldılması yalnız kartdan-karta köçürmələrdən qeyri-kommersiya məqsədləri üçün istifadə edən fiziki şəxslərə münasibətdə tətbiq edilməlidir. Bununla yanaşı, belə güzəştlərdən kommersiya fəaliyyəti ilə məşğul olan şəxslərin sui-istifadə etməməsi üçün aydın və effektiv meyarlar müəyyənləşdirilməlidir. Həmin mexanizm çərçivəsində müştərinin əməliyyatlarının xarakteri, təyinatı və qeyri-kommersiya məqsədi daşıdığını təsdiq edən sübutlar qiymətləndirilməli, yalnız müvafiq tələblərə cavab verən şəxslərə güzəştlər tətbiq olunmalıdır", - o yekunlaşdırıb.
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре