Onlar üçün növbəti imtahan keçiriləcək - Tarix açıqlandı
Dövlət İmtahan Mərkəzi xüsusi hazırlıq keçmiş və şəhadətnamə almaq istəyən taksi minik avtomobili sürücüləri üçün dekabrın 3-də növbəti imtahan keçirəcək.
Day.Az xəbər verir ki, bu barədə DİM-dən məlumat verilib.
Bildirilib ki, imtahanda iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinə müvafiq qurumlar tərəfindən sürücü olmaq istəyənlərin məlumatları təqdim olunub.
Həmin şəxslər 19 noyabr saat 18:00-dək qeydiyyatdan keçməlidirlər.
İmtahanda iştirak etmək üçün sürücülər ilk növbədə DİM-in internet saytında (https://ekabinet.dim.gov.az/) "Şəxsi kabinet" yaratmalı və göstərilən vaxtadək "Aktual elektron imtahanlara qeydiyyat, buraxılış vərəqəsi və nəticələrin çapı" xidməti vasitəsilə qeydiyyatdan keçməlidirlər. "Şəxsi kabinet"in yaradılması və hesaba lazımi vəsaitin əlavə olunması qaydaları ilə bağlı təlimatlar yuxarıdakı keçidə yerləşdirilib.
İmtahanda iştirak ödənişlidir. Namizədlər "Şəxsi kabinet" yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştirak etmək üçün tələb olunan 35 AZN məbləğində vəsaiti əlavə etməlidirlər. Qeydiyyatdan keçmiş imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.
Test imtahanı Bakıda DİM-in elektron imtahanlar korpusu, Naçıvan şəhər 4 saylı orta məktəb və Gəncə şəhər Vaqif Əliyev adına 12 saylı orta məktəb keçiriləcəkdir. Namizədlər "İmtahana buraxılış vərəqəsi"ni qeydiyyat prosesi başa çatdıqdan sonra, imtahana 3 gün qalmış DİM-in saytından "Aktual elektron imtahanlara qeydiyyat, buraxılış vərəqəsi və nəticələrin çapı" xidməti vasitəsilə əldə edə biləcəklər.
İmtahanın davametmə müddəti 1 saatdır. İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcəkdir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре