Azərbaycanın iqtisadi gücü - 105 ölkəni geridə qoyduq
Azərbaycanın nominal ümumi daxili məhsulunun (ÜDM) həcmi 2026-cı ilin yekunlarına dair proqnoza əsasən, 89,18 milyard dollara çatacaq. Bu göstərici ölkəni dünyanın ən böyük iqtisadiyyatlarının sıralamasında 191 ölkə arasında 86-cı pilləyə yerləşdirir.
Day.Az xəbər verir ki, Kanadanın analitik onlayn platforması Visual Capitalist-in açıqladığı qiymətləndirməyə görə, 2026-cı ilin sonunadək dünya iqtisadiyyatının ümumi həcmi 128 trilyon dolları ötəcək. Reytinqdə Azərbaycan iqtisadiyyatının nominal ÜDM-i 89,18 milyard dollar səviyyəsində qiymətləndirilir.
Bu göstərici Azərbaycanın postsovet məkanında mühüm iqtisadi mövqeyini nümayiş etdirir. Təqdim olunan məlumatlara əsasən, Azərbaycan nominal ÜDM-in həcminə görə Ermənistanı, Gürcüstanı, Moldovanı, Türkmənistanı, Qırğızıstanı və Tacikistanı qabaqlayır. Ermənistanın nominal ÜDM-i 32,97 milyard dollar, Qırğızıstanın 26,69 milyard dollar, Tacikistanın isə 21,11 milyard dollar həcmində qiymətləndirilir.
Beləliklə, Azərbaycanın nominal ÜDM-i Ermənistanın göstəricisindən təxminən 2,7 dəfə, Qırğızıstanın göstəricisindən 3,3 dəfə, Tacikistanın göstəricisindən isə 4,2 dəfə çoxdur.
MDB ölkələri arasında reytinqə Rusiya başçılıq edir. Qazaxıstan 397,92 milyard dollar nominal ÜDM ilə dünya sıralamasında 47-ci, Özbəkistan 178,17 milyard dollarla 60-cı, Belarus 108,11 milyard dollarla 81-ci yerdə qərarlaşıb.
Dünya iqtisadiyyatının liderləri sırasında ABŞ, Çin və Almaniya yer alır. Qiymətləndirməyə əsasən, ABŞ-nin nominal ÜDM-i 32,64 trilyon dollar, Çinin 21,55 trilyon dollar, Almaniyanın isə təxminən 5,47 trilyon dollar təşkil edəcək.
Qeyd edək ki, nominal ÜDM ölkədə müəyyən müddət ərzində istehsal edilən son məhsul və xidmətlərin cari bazar qiymətləri ilə ümumi dəyərini ifadə edir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре