Vəzifəli şəxslər hər il bəyannamə təqdim edəcək
"Maraqlar toqquşması haqqında" qanun layihəsində vəzifəli şəxslərin hər il bəyannamə təqdim etməsi və həmin bəyannamələrin təhlili öhdəliyinin səlahiyyətli subyektlərin üzərinə qoyulması nəzərdə tutulur.
Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bunu Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin rəisi Elçin Nəsibov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin bugünkü birgə iclasında "Maraqlar toqquşması haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, qanun layihəsi xüsusilə dövlət qulluğunda münasibətlərin tənzimlənməsi baxımından böyük əhəmiyyət kəsb edir. İndiyədək həm "Korrupsiyaya qarşı mübarizə haqqında" qanunda, həm də müxtəlif etik davranış qaydalarında vəzifəli şəxslərin maraqlar toqquşmasının qarşısını almaqla bağlı öhdəlikləri nəzərdə tutulsa da, həmin müddəaların necə şərh edilməli olduğu məsələsi açıq qalırdı.
Elçin Nəsibovun sözlərinə görə, bunun əsas səbəbi maraqlar toqquşmasını dəqiq tənzimləyən ayrıca qanunvericilik aktının mövcud olmaması idi.
O qeyd edib ki, hazırda belə bir qanun layihəsi hazırlanaraq təqdim olunub. Layihə Ədliyyə Nazirliyi tərəfindən hazırlanıb, aidiyyəti dövlət orqanları ilə razılaşdırılıb və Prezidentin tapşırığı əsasında hökumətə təqdim edilib.
Nazirliyin rəsmisi bildirib ki, layihədə vəzifəli şəxslərin davranışı ilə bağlı bir sıra məsələlər, o cümlədən hədiyyələrin qəbulu, əlavə haqlar və reklamlarda iştirak kimi indiyədək kifayət qədər tənzimlənməyən məsələlər ətraflı əksini tapıb.
O, xüsusilə vəzifəli şəxslərin müxtəlif reklamlarda iştirakı ilə bağlı məsələlərin layihədə detallı şəkildə tənzimləndiyini vurğulayıb.
Elçin Nəsibov maraqlar toqquşması ilə bağlı öhdəliklərin yalnız vəzifəyə təyin olunarkən deyil, qulluq müddətində də qüvvədə qalmalı olduğunu diqqətə çatdırıb. Bu baxımdan, hər il bəyannamələrin təqdim edilməsi və onların təhlili öhdəliyinin səlahiyyətli subyektlərə həvalə olunmasının nəzərdə tutulduğunu bildirib.
Nazirliyin rəsmisi çıxışının digər hissəsində qanun layihəsində başqa şəxslərin də maraqlar toqquşması ilə bağlı müraciət etmək imkanının nəzərdə tutulmasına dair deputatın sualına aydınlıq gətirib.
O qeyd edib ki, qanun layihəsinin müvafiq müddəalarında bu imkan təsbit olunub. Belə ki, layihənin 20.1.5, 20.1.6 və 20.1.7-ci bəndlərində qurumların, fiziki və hüquqi şəxslərin maraqlar toqquşması ilə bağlı müraciət etmək hüququ nəzərdə tutulur.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре