Evdə hazırlanan məhsulları satmağın CƏRİMƏSİ VARMI? - Hüquqi İZAH
Azərbaycanda ev şəraitində hazırlanan məhsulların (məsələn, qidaların, şirniyyatların və ya konservlərin) satışı qəti şəkildə qadağan deyil.
Lakin bu sahə istehlakçıların sağlamlığının qorunması məqsədilə dövlət nəzarətinə götürülür. Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Qida təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramı" və "Qida təhlükəsizliyi haqqında" Qanunun tələblərinə əsasən, evdə və ailə təsərrüfatlarında istehsal olunan qidaların bazara çıxarılması üçün xüsusi tənzimləmə mexanizmləri formalaşdırılır.
Hazırda qüvvədə olan qaydalara görə, ev istehsalçılarından dərhal ağır sertifikatlaşdırma tələb olunmasa da, məhsulların təhlükəsizliyi, sanitar-gigiyenik normalara cavab verməsi, düzgün qablaşdırılması və xüsusilə botulizm kimi yüksək risk daşıyan konservləşdirilmiş məhsulların mənşəyinin bəlli olması əsas tələblərdəndir.
Hazırda evdə hazırladığı məhsulu satan kiçik sahibkarlar üçün hər hansı xüsusi sertifikatın olmamasına görə birbaşa cərimə tətbiq edilmir. Dövlət Proqramı çərçivəsində bu sahədə tam hüquqi tənzimləmə və yeni mexanizmlərin mərhələli tətbiqi nəzərdə tutulur. Lakin ümumi qanunvericiliyə, o cümlədən İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən, əgər satışa çıxarılan ev məhsulları insanların zəhərlənməsinə səbəb olarsa, sanitar-gigiyenik qaydalar kobud şəkildə pozularsa və ya yararlılıq müddəti bitmiş, təhlükəli mallar dövriyyəyə buraxılarsa, həmin şəxslər qanun qarşısında ciddi şəkildə məsuliyyət daşıyır və müvafiq pul cərimələri ilə üzləşə bilərlər.
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре