Azərbaycanın ilk özəl regional televiziyasının yaranmasından 30 il ötür

"Kəpəz" Müstəqil Teleradio Şirkəti 1993-cü ilin yayında Gəncə şəhərində yayıma başlayıb.

Gəncə - Daşkəsən və Qazax - Tovuz iqtisadi rayonlarında yaşayan insanların gündəlik informasiya tələbatını ödəyən Kəpəz TV, hər gün 4 xəbər buraxılışında və müxtəlif səpkili verilişlərində qərb bölgəsində baş verən bütün prosesləri işıqlandırır.

Day.Az xəbər verir ki, uşaqlara hər zaman vaxt ayıran televiziya xüsusilə şəhid ailələrinin övladlarını diqqətdə saxlayır, balacaların dili ilə atalarının qəhrəmanlıqları nümayiş olunur. Telekanalın əsas məqsədlərindən biri hərbi-vətənpərvərlik məsələlərinə diqqət yetirmək, milli-mənəvi dəyərləri, adət-ənənələri özündə əks etdirməkdir. Bu illər ərzində Kəpəz TV 100-dən çox tarixi, bədii-sənədli filmlər istehsal edib, müxtəlif mükafatlara layiq görülüb.

Televiziyanın www.kepeztv.az saytı izləyicilərin ixtiyarındadır və telekanalı canlı olaraq izləyə bilərlər.

Qeyd edək ki, Azərbaycan Respublikası Audioviziual Şuranın 11 oktyabr 2022-ci il tarixli müvafiq qərarı ilə Kəpəz televiziyasına peyk yayımı həyata keçirən platforma yayımçısı lisenziyası da verilmişdir.