Sülh danışıqları intensivləşir, İrəvanın hərbi ritorikası kəskinləşir - Bakının cavabı necə olmalıdır?
Müəllif: Elvin Səxavətoğlu
Son günlər Qarabağdakı separatçılara bağlı qanunsuz erməni silahlı birləşmələr və Ermənistan ordusu bölgədə vəziyyəti gərginləşdirmək üçün hərbi aktivliyi artırıb.
Müdafiə Nazirliyinin yaydığı son məlumata görə, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Şuşa, Xocavənd və Ağdam rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
İyunun 5-də də fortifikasiya qurğuları qurmağa cəhd göstərən silahlıların qarşısı alınmışdı. Həmçinin rəsmi İrəvan Azərbaycan-Ermənistan şərti sərhədində də vəziyyəti gərginləşdirməyə davam edir.
Son məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Həmçinin oxuyun: Qarabağ separatçıları bir-birlərinin "ətini yeyir" - Bakı bunu necə bacardı?
Bundan başqa, ötən gün Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri də atəşə tutulub.
Ermənistanın hər üç təxribat cəhdinin qarşısı uğurla alınıb.
Diqqətçəkən məqam isə təxribatların sülh danışıqlarının intensivləşdiyi dövrdə daha da artmasıdır.
Məlumdur ki, mayın 14-də Brüsseldə, 25-də Moskvada, iyunun 1-də isə Moldovanın paytaxtı Kişineu şəhərində Azərbaycan və Ermənistan liderləri arasında görüş keçirilib. Buna paralel olaraq, hər iki ölkənin xarici işlər nazirləri və Baş nazirlərinin müavinləri səviyyəsində də danışıqlar intensiv şəkildə davam etdirilir.
Məlumata görə, sülh müqaviləsinin müxtəlif bəndləri üzrə razılaşmalar da əldə olunub.
Həmçinin oxuyun: Paşinyanı "Qarabağ Azərbaycandır!" deməyə nə vadar edir? - İrəvanın geri addımının PƏRDƏARXASI
Hərbi ekspret Ədalət Verdiyev Day.Az-a açıqlamasında bildirib ki, rəsmi İrəvanın öz öhtəliklərini yerinə yetirmədiyi müddətdə sülhdən danışması dünya ictimaiyyəti qarşısında müsbət imic yaratmaq cəhdidir.
"Məlumdur ki, Ermənistan ərazilərimizi 30 ilə yaxın müddətdə işğal altında saxlayıb. Hazırda isə 8 kəndimizi işğal altında saxlayır və qoşunlarını Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizdən çıxarmır, həmçinin Zəngəzur dəhlizinin açılması istiqamətində addımlar atmır. Ümumilikdə Ermənistan üçtərəfli bəyanatların müddəalarını yerinə yetirməkdən yayınır. Bütün bu kimi faktlar bir daha sübut edir ki, rəsmi İrəvanın öz öhtəliklərini yerinə yetirmədiyi müddətdə sülhdən danışması, dünya ictimaiyyəti qarşısında müsbət imic yaratmaq cəhdindən başqa bir şey deyil. Çünki Ermənistanın əməllərində sülhdən əsər-əlamət yoxdur".
Ədalət Verdiyev vurğulayıb ki, düşmənin təxribatlarının qarşısını almaq üçün daha adekvat, təsirli və səmərəli addımlar atmaq məcburiyyətindəyik.
"Hesab edirəm ki, siyasətçilərimiz sülh müqaviləsi ətrafında danışıqları, diplomatlarımız alternativ yollarla bağlı axtarışları davam etdirə bilərlər. Amma hadisələrin gedişi göstərir ki, işğalçılıq siyasəti yürüdən Ermənistan yenidən silahlanma ilə bağlı addımlar atır. Buna paralel olaraq, həm Qarabağda, həm də Azərbaycan-Ermənistan şərti sərhəddində təxribatların miqayasını genişləndirmək üçün fəaliyyətlər həyata keçirir. Düşmənin törətdiyi təxribatların haradan və hansı miqyasda olmasından asılı olmayaraq, dərhal reaksiya verməli, düşmən mövqelərində bayrağımız qaldırılmalı, qarşı tərəfin inşa etdiyi mühəndis-istehkam qurğuları darmadağın edilməlidir. Əgər belə halların qarşısı dərhal alınmazsa, gələcəkdə təxribatların miqyası böyüyə bilər".
Həmçinin oxuyun: Moskva görüşü niyə nəticəsiz başa çatdı? - Paşinyanın qurduğu oyun və imzalanmayan sənədlər
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре