Paşinyanı "Qarabağ Azərbaycandır!" deməyə nə vadar edir? - İrəvanın geri addımının PƏRDƏARXASI
Müəllif: Elvin Səxavətoğlu
Ermənistanın baş naziri Nikol Paşinyanın ötən gün Bakı-İrəvan normallaşma prosesi ilə bağlı səsləndirdiyi fikirlər hər iki ölkənin ictimaiyyəti və mediası tərəfindən geniş şəkildə müzakirə olunur.
Paşinyan mətbuata açıqlamasında nə demişdi?
Erməni baş nazir Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını detallı şəkildə vurğulamışdı: "Ermənistan Qarabağdakı erməni əhalinin güvənliyinin təmin edilməsi şərti ilə Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa hazırdır. 86 600 kv. km Azərbaycanın Ermənistan tərəfindən tanınan ərazisinə Qarabağ ərazisi daxildir".
Jurnalistin Tiqranaşen (Kərki) və Tavuş (Qazaxın kəndləri) anklavlarının Ermənistanın 29 min 800 kvadrat kilometr ərazisinə daxil olub-olmaması ilə bağlı aydınlaşdırıcı sualına isə Paşinyan belə cavab verib: "Yox".
Aydındır ki, Paşinyanın müsbət bəyanatları Ermənistandakı və Qarabağdakı revanşist separatçıları bərk qıcıqılandırıb. Amma ümumilikdə Nikol Paşinyan bu etirafı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına yeni təkan verə bilər.
Təbii ki, Paşinyan bu fikirləri öz xoşu ilə səsləndirmir.
Hər kəs yaxşı xatırlayır ki, erməni baş nazir Vətən Müharibəsindən əvvəl Azərbaycana qarşı sərsəm iddialar səsləndirir, hərbi addımlar atmağa cəhd göstərirdi:
- Ermənistanın baş naziri Nikol Paşinyan "Qarabağ Ermənistandır" ifadəsini işlətdi;
- Qondarma rejimin parlamentinin Şuşaya köçürülməsinə cəhd göstərildi;
- Keçmiş müdafiə naziri David Tonoyanın ABŞ-dan "Yeni ərazilərin işğalı üçün yeni müharibə" şüarı ilə çıxış etdi.
Həmçinin 2020-ci ilin 12 iyulunda Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində qarşı tərəfin törətdiyi təxribat İrəvanla Bakı arasında hərbi gərginliyi pik həddə çatdırmışdı.
Bu hadisədən qısa müddət sonra - yəni sentyabrın 27-də Vətən Müharibəsi başladı və Ermənistan ordusu 44 gün ərzində darmadağın edildi.
Paşinyan müharibə bitdikdən sonra Azərbaycana qarşı yumşaq davranmağa çalışsa da, bu ritorika qısamüddətli oldu.
Nikol Paşinyan 2022-ci ilin 13-14 sentyabr tarixində baş verən təxribatdan sonra beynəlxalq dəstək alacağını düşünərək, Azərbaycana qarşı sərt bəyanatlar səsləndirməyə başlamışdı.
Ermənistan hətta müharibədən ötən dövr ərzində müxtəlif ölkələrlə silah alış-verişi də həyata keçirib, nizami ordu qurmağa cəhdlər göstərib.
Digər tərəfdən, Paşinyan müxtəlif beynəlxalq platformalarda Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi məsələsini gündəmə gətirməklə prosesi beynəmiləşdirməyə, bölgəyə xarici qüvvələrin daxil olmasına çalışırdı.
Göründüyü kimi, Paşinyanın bu cəhdlərinin heç bir nəticəsi olmadı.
Bakının İrəvan üzərindəki diplomatik qələbəsi
Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə uzaqgörən, prinsipial və məntiqli siyasət aparır. Sözü həqiqi mənasında rəsmi Bakı hansı qərarın nə vaxt vermək lazım olduğunu bilir.
Rəsmi Bakı diplomatik əzm və hərbi güc nümayiş etdirməsəydi, Nikol Paşinyan hələ də Azərbaycana ərazi iddiaları ilə çıxış etməyə davam edəcəkdi. Azərbaycanın bütün diplomatik masalarda sərgilədiyi qəti mövqe Paşinyanı Azərbaycan Prezidenti İlham Əliyevlə hesablaşmağa məcbur etdi.
Amma Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında rəsmi Bakının qəti mövqeyi kifayət deyil. Ermənistan da prinspial mövqe nümayiş etdirməlidir.
Ötən dövr ərzində apardığımız müşahidələr göstərir ki, Nikol Paşinyan bir mətbuat konfransında dediyi sözü, digərində inkar edir. Məsələn, Paşinyan müharibədən sonra dəfələrlə Azərbaycan əleyhinə bəyanatlar səsləndirib, Qarabağdakı separatçılara dəstək ifadə edib. Qısa müddət sonra isə fikrini dəyişib, müsbət sözlər deyib.
Bəzi hallarda görürük ki, xaricdə hansısa güc erməni xalqını Paşinyandan çox düşündüyünü göstərməyə çalışır. Erməni baş nazirə müxtəlif yollarla təzyiq göstərirlər ki, Azərbaycanla münasibətlərin normallaşmasında qəti addımlar atmasın.
Paşinyan bu təzyiqlərə boyun əyməməlidir. Hər hansı dövlətin liderinin xarici təzyiqlər nəticəsində mövqeyini dəyişməsi siyasi etikaya da sığmır. Bir mövqe olmalıdır və hər iki dövlət o istiqamətdə irəliləməlidir. Azərbaycanın mövqeyi bəllidir.
Ermənistanın atmalı olduğu praktiki addımlar
Paşinyan isə çıxış yolunu Azərbaycanla hesablaşmaqda görür. Onu yolundan döndərməyə çalışanlar erməni xalqının həqiqi düşmənləridir. Çünki Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması hər iki xalqın yararınadır. Xüsusilə də ermənilərin. Bu müqavilə Ermənistanın iqtisadi inkişafı üçün müsbət nəticələr doğuracaq.
Hazırda Paşinyan siyasi qətiyyət göstərməli və praktiki addımlar atmalıdır.
Praktiki addımlar sırasına qanunsuz erməni silahlı birləşmələrinin bölgədən çıxarılması, Azərbaycanın işğal altında olan 8 kəndinin boşaldılması daxildir. Həmçinin Paşinyan separatçılara maliyyə və digər istiqamətlərdə dəstəyi dayandırmalıdır.
Rəsmi İrəvan sadalanan praktiki addımları atmaq əvəzinə, özü istəyərək və ya hər hansı xarici gücün təzyiqi ilə Azərbaycan əleyhinə bəyanat səsləndirərsə, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi kimi məsələləri gündəmə gətirərsə, Bakı-İrəvan münasibətləri normallaşmayacaq, əksinə gərginləşəcək.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре