Qarabağ separatçıları bir-birlərinin "ətini yeyir"

Müəllif: Elvin Səxavətoğlu

Qarabağ separatçıları arasında gərginlik pik həddə çatıb. Son günlər baş separatçı Araik Arutyunyana qarşı yeni cəbhənin açıldığı müşahidə olunur.

Terrorçu Samvel Babayan və oliqarx Ruben Vardanyan Arutyunyana qarşı ciddi müqavimət göstərməyə hazırlaşır. Hətta Samvel Babayan Xankəndinin mərkəzində "mitinq"də keçirib. "Aksiyada" az adam iştirak etsə də, qondarma rejimə qarşı sərt şüarlar səsləndirilib.

Ruben Vardanyan da Arutyunyanın "kreslosunu" tərk etməsini istəyir.

Digər tərəfdən, Qarabağdakı qondarma rejimin parlamentinin "spikeri" Artur Tovmasyan Araiki istefa verməyə çağırır. O, Qarabağda baş verən proseslərə görə Arutyunyanı günahlandırır.

Həmçinin oxuyun: Paşinyan sülh müqaviləsinin imzalanmaması üçün dua edir - O, nədən qorxur? - İLGİNC İDDİA

Hraparak yazır ki, Tovmasyan Araikin qarşısına iki şərt qoyub.

Araik ya istefa verməlidir və yeni "seçki" keçirilməlidir, ya da etimad "referendumu" təşkil olunmalıdır.

Əsas sual isə bu olacaq: "Artsaxlılar "prezidentinə" güvənir, yoxsa yox?"

Arutyunyanın "referendum" yolunu seçdiyi iddia olunur.

Göründüyü kimi, separatçılar Qarabağda sözün həqiqi mənasında bir-birinin "ətini yeməyə" başlayıblar.

Həmçinin oxuyun: Ermənistanın təxribat planının PƏRDƏARXASI - İrəvanın hədəfi nədir?

Onlar niyə bir-birlərinə düşmən kəsildilər?

Aydındır ki, separatçıları bir-birinə vuran Azərbaycanın İkinci Qarabağ Müharibəsindən sonra sərgilədiyi qəti mövqedir:

1. Separatçılara qarşı ard-arda uğurlu hərbi təzyiq metodları tətbiq olunub;

2. Azərbaycan diplomatik masalarda qəti mövqe  sərgiləyib;

3. Bakının təzyiqləri nəticəsində Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb;

4. Azərbaycanın təzyiqi ilə oliqarx "nazir" Vardanyan vəzifəsindən azad olunub;

5. Qarabağa silah daşınması həyata keçirilən yollar nəzarətə götürülüb;

6. Ekofəalların aksiyası uğurla nəticələnib;

7. "Laçın" nəzarət-buraxılış məntəqəsi qurulub.

Bütün bu kimi məqamlar separatçıların müharibədən sonrakı planlarını alt-üst edib. İndi vəziyyətdən çıxış yolu tapmaq adı altında bir-birlərini kreslodan salmaq üçün plan qururlar. Təbii ki, bu vəziyyət Azərbaycanın maraqların uyğundur.

Təyin olunan "referendum" isə özfəaliyyətdən başqa bir şey deyil. Çünki bölgədəki terrorçuların qəbul etdiyi hər hansı qərarın hadisələrin gedişini dəyişməyəcəyini indidən proqnozlaşdırmaq olar.

Məsələn, bir müddət əvvəl oliqarx Ruben Vardanyan Qarabağda "dövlət naziri" postuna təyin olunanda ermənilərə onlarla vəd vermişdi. Amma bir neçə ay sonra məlum oldu ki, Vardanyanın heç özünün gələcək siyasi taleyindən xəbəri yox imiş. Azərbaycanın təzyiqləri nəticəsində oliqarx vədləri ilə birlikdə vəzifəsindən getdi.

Həmçinin oxuyun: Gah nala, gah mıxa vuran Paşinyan - Erməni baş nazirin ziddiyyətli bəyanatlarının sirri

İndi tutaq ki, Qarabağda separatçıların girovuna çevrilən 10-15 min erməni Araikə etimad göstərmədi və o, getdi. Yerinə yenisi gəldi.

Nə dəyişəcək?

Təbii ki, Qarabağ ermənilərinin həyat tərzi, iqtisadi vəziyyəti və digər təminatları ilə bağlı heç nə dəyişməyəcək.

Artıq Baş nazir Nikol Paşinyan beynəlxalq tribunalardan Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını bəyan edir. Praqa, Brüssel və Vaşinqton danışıqlarında Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin Azərbaycan qanunları ilə təsbit olunacağı təsdiqlənib.

Qarabağda prosesləri Azərbaycan yönləndirir. Ona görə də Qarabağ ermənilərinin yeganə çıxış yolu Azərbaycana reinteqrasiyadır.

Ermənilər yalnız Azərbaycan cəmiyyətinə reinteqrasiya etdikdən sonra rahat həyat tərzinə nail olacaqlar. Hazırda Qarabağ ermənilərinin reinteqrasiyaya meyilləndiyini müşahidə olunur. Məsələn, onlar Azərbaycanın qurduğu "Laçın" nəzarət-buraxılış məntəqəsindən sivil qaydada istifadə edirlər. 

Qalır bircə separatçılar və qanunsuz erməni silahlı birləşmələrinin neytrallaşdırılması...

Hadisələrin gedişi göstərir ki, Azərbaycan Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinin bölgədən çıxarılmasına və ya məhvinə nail olacaq.

Həmçinin oxuyun: Bakının qəti mövqeyi, Brüssel formatının bərpası və Paşinyan-Makron cütlüyünün fiaskosu

Separatçıların güvəndiyi Rusiya sülhməramlılarının isə 2025-ci ildə Qarabağda qalma müddəti bitir və onlar gedəcəklər.

Ondan sonra kimə güvənəcəklər?

Artıq Vardanyan Qarabağdan çıxa bilmədiyini dolayı yolla etiraf edir. Deyir ki, məni aparmaq üçün helikopter gəlsə, Azərbaycan vuracaq, bura onların ərazisidir.

Ümumilikdə hadisələrin gedişi göstərir ki, növbəti aylarda separatçılar üçün vəziyyət biraz da gərginləşəcək. Çünki rəsmi Bakı öz ərazilərindəki terrorçuları hərbi yolla təmizləməklə bağlı məsələni həmişə gündəmdə saxlayır.

Həmçinin oxuyun: Azərbaycanın Fransa üzərindəki diplomatik qələbəsi - Bakı Brüssel formatını necə xilas etdi?

Bölgədə separatçıların havadarları onları nə qədər müdafiə etməyə çalışsa da, silah təchizatı üçün canla-başla kömək etsə də, anti-terror əməliyyatı gündəmdədir. Separatçıların özlərini "dövlət başçısı" kimi aparıb, "referendum" təşkil etməsi isə bu prosesi tezləşdirə bilər.