Strasburq ölkəmizdə jurnalistikanı təşviq deyil, təhdid edir

Müəllif: Müşfiq Ələsgərli, XQ-nin media eksperti

Peşəkar jurnalistikanı ciddi şəkildə təhdid edən aktul problemlər, qlobal proseslər mövcuddur. Bu sırada "texnologiya nəhənglərinin" informasiya ekosistemində dominantlığı ələ keçirməsindən başlamış, generativ süni intellekt texnologiyalarının mediaya neqativ təsirlərinə, aparıcı sosial şəbəkə platformalarının reklam gəlirlərini özünə çəkərək media-biznes modelini məhv etməsinə qədər ən müxtəlif istiqamətlər mövcuddur. Bu yeni tendensiyalarla yanaşı, ənənəvi problemlər də qalıb, davam edir və onlar peşəkar media mühitini təhdid edirlər.

Məsələn, jurnalistlərin təhlükəsiz şəkildə fəaliyyət göstərmək hüquqlarının pozulması kimi klassik problem indi daha da intensivləşib; daha kobud, ağır forma alıb. Statistika mərkəzləri qeyd edirlər ki, son 4 il ərzində, yəni Rusiya-Ukrayna müharibəsinin başlanması və İsrail-Həmas savaşı fonunda Yaxın Şərq regionunda gərginliyin artmasından sonra jurnalistlər üçün olduqca təhlükəli dövr başlayıb. Bu 4 il ərzində təqribən 300 nəfər jurnalist peşə fəaliyyətini yerinə yetirərkən öldürülüb. 470 nəfər jurnalist yaralanıb, ağır xəsarətlər alıb. 90 nəfər jurnalist girov götürülüb və ya həbs edilib.

Bu cür klassik problemlərin "modern" təhdidlərlə çulğaşması peşəkar media mühitini boğur, faktiki olaraq, onu məhv edib sıradan çıxarır. Mediaya aidiyyəti olan beynəlxalq təşkilatların, qlobal platformaların birbaşa missiyasıdır ki, həmin problemlərin həlli üçün səmərəli təkliflər versinlər və təkidli tələblərlə onların həllinə nail olsunlar. Avropa Şurasının Jurnalistikanın Müdafiəsi və Jurnalistlərin Təhlükəsizliyinin Təşviqi Platforması (AŞJMTTP) da bu məqsədlə təsis edilib. 2014-cü ildə yaradılan Platformanın tərkibində 15 beynəlxalq jurnalist təşkilatı birləşir. Bu 15 təşkilatın fəaliyyətinin AŞJMTTP tərkibində koordinasiya edilməsində məqsəd budur ki, güclərini birləşdirsinlər, "modernləşərək", güclənən təhdidlərə qarşı çıxış edə bilsinlər.

Çox təəssüf ki, biz bu sahədə heç bir ciddi fəaliyyət və nailiyyət görə bilmirik. Beynəlxalq jurnalist təşkilatları sanki şikəst ediliblər, ölüblər və heç bir funksiyalarını icra edə bilmirlər. Medianın qlobal risklərdən qorumaq üçün nə səmərəli təklifləri var, nə də effektiv addımları. Onlar ildə bir dəfə sınıq-salxaq bəyanatlar verməklə gündəmə gəlirlər. Ölmədiklərini, yaşadıqlarını, fəaliyyət göstərməkdə davam etdiklərini sərgiləmək istəyirlər.

Avropa Şurasının Jurnalistikanın Müdafiəsi və Jurnalistlərin Təhlükəsizliyinin Təşviqi Platformasının "Avropada mətbuat azadlığının vəziyyətinə dair 2025-ci il üzrə illik hesabatı" da bu streotipin davamıdır. Hesabatda heç bir yenilik yoxdur. Diqqət yetirsək görərik ki, 5 il, 10 il öncə hazırlanmış hesabatları simvolik şəkildə redaktə edərək indi yenidən yayıblar. Medianın modern problemlərini əhatə etmir, təsirli təhdidlərin üzərinə getmir.

Həmin hesabat nəinki köhnə faktlar, tezislər üzərində qurulub, həm də qərəzlidir, qeyri-obyektivdir. Yuxarıda media mühitini ciddi şəkildə təhdid edən qlobal tendensiyalardan bir neçəsini sadaladıq. Həm modern, həm də klassik təhdidləri əks etdirən bu tendensiyaların heç biri, konkret olaraq, Azərbaycanla bağlı deyil. Amma Avropa Şurasının platforması - AŞJMTTP - hesabatda tənqid hədəfi kimi Azərbaycanın və bizim kimi bir sıra dövlətlərin adını önə çəkir. Çox aydın şəkildə görünür ki, bu hesabat real arqumentlər əsasında deyil, siyasi konyukturaya əsaslanan qondarma faktlar əsasında hazırlanıb.

Avropa Şurasının Azərbaycanla mübahisəsi var. Bu mübahisəni ölkəmizə ləkə atmaqla, qisas almaqla həll etmək istəyir. Platformanın yaydığı hesabatda bu tendensiya çox aydın şəkildə görünür.

Amma unutmasınlar ki, Azərbaycana təzyiq göstərməklə nəsə qazanmaq taktikası heç vaxt gözlənilən və arzu edilən effekti verməyib.