Bakının qəti mövqeyi, Brüssel formatının bərpası və Paşinyan-Makron cütlüyünün fiaskosu
Müəllif: Elvin Səxavətoğlu
Uzun fasilədən sonra Brüssel formatı fəaliyyətini bərpa etdi. Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Brüssel formatında üçtərəfli görüş keçirilib.
Bu 5-ci görüşdür. Bundan əvvəl 4 görüş keçirilmişdi. 2022-ci il, avqustun 31-i tarixindən sonra Brüssel formatında görüş təşkil olunmamışdı.
Belə uzun fasilənin yaranmasına səbəb nə idi?
2022-ci il, oktyabrın 6-da Avropa Siyasi Birliyinin Çexiyanın paytaxtı Praqada Azərbaycan, Avropa İttifaqı, Ermənistan və Fransa liderlərinin dördtərəfli görüşü zamanı Emmanuel Makron Brüssel formatına müdaxiləyə cəhd göstərmişdi.
Bu məsələdə Makronun əsas yardımçısı Nikol Paşinyan idi. Markon və Paşinyan Brüssel formatını öz "çətirləri" altına almağa çalışırdı. Hətta Paşinyan bəyan etmişdi ki, Brüssel formatının Makronsuz təşkil olunan görüşlərinə gəlməyəcək.
Azərbaycan tərəfi də Makronun iştirak etdiyi Brüssel formatını qəbul etmədiyini vurğulamışdı. Rəsmi Bakı buna səbəb kimi, Fransa Prezidenti başda olmaqla, bütün rəsmilərin anti-Azərbaycan mövqeyini göstərirdi.
Göründüyü kimi, Brüssel formatında keçirilən görüşlərdə uzun fasilənin yaranmasına səbəb Fransanın prosesə yersiz müdaxiləsi və Ermənistanın müstəqil olmayan mövqeyidir.
Bəs, Brüssel formatı Bakı üçün niyə önəmlidir?
Aydındır ki, Brüssel formatı birbaşa olaraq, Bakının səyləri, prinsipial mövqeyi nəticəsində bərpa olundu. Azərbaycan və Ermənistan liderlərinin növbəti Brüssel görüşü iyula təyin edilib.
Ümumilikdə Brüssel formatı Azərbaycan üçün çox böyük əhəmiyyətə malikdir. Çünki bu formatda qərəzli münasibət yoxdur, Azərbaycanın ərazi bütövlüyünə, prinspilərinə və təkliflərinə müsbət münasibət bəslənilir.
Azərbaycanın Brüssel formatında üstünlükləri:
1. Azərbaycan və Ermənistan bir-birlərinin ərazisini qarşılıqlı şəkildə tanıyır. Ermənistan Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul edir;
2. Bu formatda Qarabağ məsələsi Azərbaycanın daxili işi kimi qəbul olunur və bölgədə yaşayan ermənilərin hüquq və təhlükəsizliyi məsələsini həll etmək Bakının öhtəliyinə buraxılır;
3. Delimitasiya və demarkasiya prosesinin Azərbaycan-Ermənistan birgə kommisiyasının müstəqil fəaliyyəti üçün şərait yaradılır;
4. Azərbaycan-Ermənistan sərhədində qurulan "Laçın" nəzarət-buraxılış məntəqəsi ilə bağlı müzakirə aparılmır;
5. Azərbaycanın Naxçıvanla birbaşa dəmir yolu əlaqəsinə dəstək ifadə olunur;
6. Brüssel formatında əsirlərin dəyişdirilməsi, ümumilikdə humanitar məsələlərlə bağlı mühüm qərarlar qəbul olunur. Məsələn, Azərbaycan və Ermənistan Brüssel görüşlərindən sonra dəfələrlə əsir dəyişdilməsi həyata keçiriblər.
Bütün bunlar Brüssel formatını Bakı üçün cəlbedici edir. Ona görə də Azərbaycan Şarl Mişelin təşəbbüsü ilə keçirilən və birbaşa problemli məsələlərin həllinə yönələn Brüssel görüşlərini dəstəkləyir.
Bakının qəti mövqeyi və Brüssel formatının bərpası
2022-ci il, dekabrın 7-də Brüsseldə üçtərəfli görüş nəzərdə tutulmuşdu. Görüşdə Makronun da iştirakı planlaşdırılırdı.
Bu səbəbdən, Azərbaycan 7 dekabr görüşündən imtina etmişdi. Prezident İlham Əliyev 2022-ci il, noyabrın 25-də ADA Universitetində "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı demişdi ki, Fransa anti-Azərbaycan mövqe nümayiş etdirdiyi üçün sülh danışıqlarında iştirak edə bilməz.
Sitat: "Bütün bunlar nəzərə alınsa, aydındır ki, Fransa sülh danışıqlarında iştirak edə bilməz. Bu, bizim deyil, onların günahıdır. Çünki heç vaxt nə ABŞ, nə də Rusiya rəsmi səviyyədə tərəfkeşlik etməyib. Bu, o deməkdir ki, 7 dekabr görüşü baş tutmayacaq və biz digər alternativləri nəzərdən keçirəcəyik. Görək, vasitəçi rolunu kim həyata keçirəcək və bu, hansı platformada baş tutacaq?".
Prezident bu bəyanatı verən gün Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Bakıya səfəri və ölkə başçısı ilə görüşü xüsusilə diqqət çəkmişdi. Ehtimal olunurdu ki, həmin görüşdə Fransanın iştirak etdiyi 7 dekabr görüşünün keçirilməsi əsas müzakirə mövzusu olub. Amma Azərbaycan qəti mövqe nümayiş etdirdi və Makronun iştirakı planlaşdırılan görüş baş tutmadı.
Avropa İttifaqı rəsmiləri sonralar da Azərbaycanı razı salmaq üçün cəhdlər göstərmişdi. Buna baxmayaraq, Azərbaycan Fransanın iştirak etdiyi Brüssel görüşünə heç vaxt razılıq vermədi.
Nəhayət, Ermənistan tərəfi Azərbaycanın prinspial mövqeyi qarşısında geri çəkilmək məcburiyyətində qaldı. Mayın 14-də keçirilən görüş buna bariz nümunədir. Brüssel formatında görüş Fransasız keçirildi. Proqnozlaşdırmaq olar ki, bundan sonrakı Brüssel görüşləri də Fransasız keçiriləcək.
Makronun qlobal liderlik cəhdləri və üzləşdiyi fiasko
Fransanın bu formatı dağıtmaq cəhdinin uğursuz olacağı əvvəlcədən məlum idi. Çünki rəsmi Paris Makron hakimiyyəti dövründə ard-arda siyasi fiaskolarla üzləşir. Gah Makron ədalətsiz islahat keçirdiyi üçün yumurta atəşinə tutulur, gah özünü Afrikanın sahibi rolunda təqdim etmək istədiyinə görə qitə liderlərinin sərt reaksiyası ilə üzləşir.
Fransanın Avropa İttifaqı daxilində də nüfuzu günü-gündən zəifləməkdədir.
Ukrayna-Rusiya müharibəsinin dayandırılması üçün səylər göstərməyə cəhd göstərən Makronun mövqeyini heç bir tərəf əhəmiyyətli hesab etmir. Çinə səfəri zamanı ona göstərilən münasibət də Makronun siyasi mövqeyinin nə qədər zəif olduğunu gün üzünə çıxarır.
Makron Çində anti-ABŞ bəyanatları ilə də gündəmə gəlmişdi. Sözlərindən belə aydın olurdu ki, Fransa prezidenti Avropa İttifaqının ABŞ-dan aslılığını azaltmaq üçün plan qurur və bu məqsədləri həyata keçirmək üçün Çini əsas təfərdaş seçmək niyyətindədir.
Pekində verdiyi bəyanatlarla ABŞ və digər aparıcı Qərb dövlətlərini qəzəbləndirən Makron, beləliklə Fransanı qlobal təcridə doğru aparır.
Makron-Paşinyan cütlüyünün Cənubi Qafqaz siyasətinin də fiaskoya uğradığını deyə bilərik. Brüssel görüşünün Azərbaycanın istədiyi formatda keçirilməsi buna daha bir sübutdur.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре