Gah nala, gah mıxa vuran Paşinyan

Müəllif: Elvin Səxavətoğlu

Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə keçirilən üçtərəfli görüşdən sonra Azərbaycan və Türkiyə ilə münasibətlərin qurulmasından danışıb.

Paşinyan Çexiyanın "Respekt" nəşrinə müsahibəsində deyib ki, mürəkkəb tariximizə görə biz bəzi qonşularımızla normal münasibət qurmamağı öyrənmişik.

"Qonşularla dostluğu Ermənistanın xarici siyasətinin əsas məqsədidir. Bu vəziyyətin dəyişdirilməsi ölkəmiz üçün həyati əhəmiyyət kəsb edir. Ermənistan Gürcüstan və İranla yaxşı münasibətlər saxlayır.  Eyni zamanda, İrəvanın Türkiyə və Azərbaycanla demək olar ki, heç bir əlaqəsi yoxdur. Bunu dəyişdirmək lazımdır".

Paşinyanın bu açıqlamasını Azərbaycan və Türkiyəyə göndərilən müsbət mesaj kimi qiymətləndirmək olar. Məlumdur ki, erməni baş nazir bundan əvvəl də dəfələrlə Bakı və Ankaraya müsbət mesajlar göndərib. Azərbaycan və Türkiyənin mövqeyi aydındır. Hər iki dövlət regionda sülh istəyir və ona görə də konkret, sülhə yönələn fikirlər səsləndirirlər.

Amma təcrübə göstərir ki, Paşinyan Bakı və Ankaraya qarşı tez-tez fikirlərini dəyişir. Daha sadə dildə desək, erməni baş nazir gah nala, gah mıxa vurur.

Aşağıda sadalanan faktlar sübut edəcək ki, Ermənistanı sanki iki Paşinyan "idarə edir".

Məsələn, Paşinyan son açıqlamasından əvvəl də Türkiyə ilə münasibətlərin bərpası barədə danışıb, müsbət mesajlar vermişdi.

Müsbət mesajlardan bir müddət sonra məlum oldu ki, İrəvanda ermənilərin Türkiyə-Ermənistan düşmənçiliyinin simvoluna çevrilən "Nemesis"ə abidə ucaldılır.

Abidənin ucaldılması Türkiyə və Azərbaycan tərəfindən kəskin reaksiya ilə qarşılandı. Hər iki ölkənin Xarci İşlər Nazirliyi abidənin açılmasını pisləyən bəyanat yaymışdı. Türkiyə bəyanatla kifayətlənməyərək, Ermənistan üçün hava məkanını bağladığını elan etmişdi.

Daha sonra Paşinyan açıqlama vermişdi ki, abidənin inşasından xəbərsiz olub. O da bu abidənin ucaldılmasına qarşıdır. Amma satqın adlandırılacağından qorxduğu üçün heçnə deyə bilmir. Təbii ki, bu qorxu Paşinyanı məsuliyyətdən xilas etmir. Çünki ölkənin rəhbəri odur və Ermənistan sərhədləri daxilində onun siyasətinə qarşı atılan addıma qarşı çıxmaq borcudur. Hətta abidənin sökülməsini belə tələb etməlidir.

Görünür, erməni baş nazirin buna cürəti çatmır. Ona görə də Türkiyə ilə münasibətlər dalana dirənib.

Paşinyan Azərbaycanla bağlı daha ziddiyyətli bəyanatlar verir. Məsələn, dəfələrlə şahid olmuşuq ki, Paşinyan Soçi, Praqa, Vaşinqton və Brüssel görüşləri zamanı əldə olunmuş razılaşmaları bir Qarabağ bəyanatı ilə sıfırlayıb.

Erməni baş nazir bir tərəfdən Alma-Ata bəyannaməsinə görə Azərbaycanın ərazi bötövlüyünü tanıdığını deyir, digər tərəfdən Qarabağla bağlı sərsəm bəyanatlar səsləndirir. Həmçinin separatçıların "müstəqillik" gününü təbrik edir, rejimin ömrünü uzatmaq üçün Ermənistanın dövlət büdcəsindən onlara pul ayırır, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi ilə bağlı əsassız fikirlər səsləndirir.

Ən əsası isə Azərbaycan "Laçın" nəzarət-buraxılış məntəqəsini qurana qədər Ermənistandan Qarabağın Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərinə silah-sursat, mina daşınmasına şərait yaradır.

Bu proseslər baş verdiyi dövrdə isə Paşinyan hökumətin iclaslarında və digər tədbirlərdə Azərbaycanla sülh müqaviləsi bağlamaqla bağlı bəyanatlar səsləndirirdi.

Hazırda Paşinyanın Azərbaycan və Türkiyə ilə bağlı verdiyi müsbət mesajlar qüvvədədir. Çünki hələ dediklərinin əksinə bəyanat səsləndirməyib. Amma ehtimal etmək olar ki, yaxın müddətdə Paşinyan xüsusilə Qarabağla bağlı sərsəm fikirlər səsləndirəcək.

Təbii ki, bu tipli ziddiyyətli bəyanatlar nəyinki Azərbaycan, Tükiyə ilə də münasibətlərin normallaşma prosesinə zərbədir. Ona görə ki Türkiyə də Ermənistanın Qarabağla bağlı bəyanatlarını diqqətlə izləyir.

Bəs, Paşinyan niyə ziddiyyətli fikirlər səsləndirir?

Bunun bir neçə səbəbi ola bilər:

1. Sülhə hazır deyil. Silahlanıb revanş etmək istəyir. Bu səbəbdən belə ziddiyyətli fikirlərlə vaxt qazanır; 

2. Erməni cəmiyyətindən, müxalifətdən və diaspordan qorxusu ola bilər;

3. Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasını istəməyən havadarlarının gözünə şirin görünmək hissi var. Hansısa qüvvə İrəvanın Bakı və Ankara ilə münasibətlərinin normallaşmasını istəmirsə, Ermənistan hakimiyyətinə rahat şəkildə təsir edə bilir. Paşinyan özü də ölkədə "5-ci kalon"un olduğunu etiraf edib;

4. Psixoloji problemləri ola bilər. Paşinyanın bədən dilində psixoloji problemlərinin olduğu nəzərə çarpır;

5. Rusiya-Ukrayna müharibəsinin, Türkiyədəki seçkilərin və regiondakı digər bu kimi siyasi proseslərin nəticələri Ermənistan üçün həyati əhəmiyyətə malikdir. Ehtimal etmək olar ki, Paşinyan ziddiyyətli bəyanatları ilə vaxt uzatmağa çalışır. Qeyd edilən proseslərin nəticələrini gözləyir.

Hadisələrin hansı istiqamətdə inkişaf etməsindən asılı olmayaraq, Ermənistan hakimiyyəti Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasını istəyirsə, mövqe ortaya qoyub erməni cəmiyyətindəki, diaspordakı, müxalifətdəki revanşist meyilləri neytrallaşdırmalıdır. İmkan verməməlidir ki, ölkə ictimaiyyəti, media və müxalif qruplar Bakı və Ankaraya qarşı nifrət cəmiyyəti qisasa səsləyən fikirlər səsləndirsinlər. Həmçinin havadarlarının Ermənistanın xarici siyasətinə müdaxilə etməsinə imkan yaratmamalıdır.