Ermənistanın təxribat planının PƏRDƏARXASI - İrəvanın hədəfi nədir?
Müəllif: Elvin Səxavətoğlu
Azərbaycan-Ermənistan şərti sərhədində vəziyyət yenidən gərginləşib.
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib.
Məlumata görə, Ermənistan ordusunun təxribatı səhər saatlarında da davam edir. Mayın 11-i səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri vəziyyəti daha da gərginləşdirməyə başlayıb. Ermənistan hərbçiləri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini minaatanlardan atəşə tutublar.
İlkin məlumata görə, gərginlik nəticəsində Ermənistan ordusunun 3 hərbçisinin yaralanıb. Qarşı tərəfdən ölənlərin olduğuna dair də məlumatlar var.
Azərbaycan Ordusunun isə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Mahmudlu Müslüm Vidadi oğlu başından ağır yaralanıb.
Qeyd edək ki, son genişmiqyaslı təxribatı aprelin 11-də törətmişdi. Həmin təxribat zamanı Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutmuşdu. Döyüşlər zamanı hər iki tərəfdən itkilər olmuşdu.
Hadisələrin gedişi göstərir ki, Ermənistan önəmli görüşlərdən sonra və əvvəl təxribat törətməyə adət edib. Aprelin 11-də törədilmiş təxribat Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında keçirilən görüşdən bir neçə gün əvvələ təsadüf edirdi. Qeyd edək ki, Vaşinqton görüşü mayın 1-4 tarixlərində keçirilib.
Məlumata görə, Vaşinqton görüşündə bəzi razılaşmalar əldə olunmuşdu, amma hələ razılaşdırılmayan məsələlərdə mövcuddur. Buna baxmayaraq, Vaşinqton görüşü uğurlu hesab olunurdu.
Görüşdən bir neçə gün sonra, yəni ötən gecə Ermənistan yeni təxribata əl atdı.
Bəs, Ermənistan hakimiyyətinin hədəfi nədir?
Rəsmi İrəvan bir tərəfdən Azərbaycanla sülh müqaviləsi imzalamaq istədiyini bəyan edir, digər tərəfdən isə təxribatlar törədir.
Görünür, əsas hədəf Vaşinqton görüşündə əldə olunmuş razılaşmaları sıfırlamaq, mayın 14-də Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçiriləcək görüşə yeni gündəliklə getməkdir.
Həmçinin bu yaxınlarda Moskvada Azərbaycan-Ermənistan XİN başçılarının görüşü də planlaşdırılır.
Təxribatın törədilməsi üçün seçilən ərazi də xüsusilə diqqət çəkir. Məlumdur ki, Basarkeçər rayonunun Zod bölgəsi təbii ehtiyatlarla zəngindir. Ermənistanın bölgədə təxribat törətməsinin pərdəarxasında həmin təbii ehtiyatların olduğu əraziləri ələ keçirmək planı da dayana bilər.
Ümumilikdə önəmli görüşlərin keçiriləcəyi ərəfədə Ermənistanın təxribatlar törətməsi həmçinin onu sübut edir ki, qarşı tərəf məsələni uzatmaq, sülh müqaviləsinin imzalanmasından yayınmaq istəyir.
Azərbaycanın Ali rəhbərliyi isə bəyan edib ki, Ermənistan sülh istəməsə, sülh olmayacaq. Rəsmi Bakı üçün kommunikasiyaların açılması o qədər də əhəmiyyətli məsələ deyil. Bu əsasən Ermənistanın blokadadan çıxması üçün önəmlidir. Ermənistan tərəfi isə belə təxribatçı addımlar atmaqla özünü təcrid vəziyyətində saxlamaqda davam edəcək.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре