Yağışlı hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ - Bunları mütləq BİLMƏLİSİNİZ
Yağışlı hava avtomobil sürücüləri üçün həm yol şəraitini çətinləşdirir, həm də nəqliyyat vasitəsinin texniki vəziyyətinə xüsusi diqqət tələb edir. Belə şəraitdə təhlükəsiz hərəkət üçün sürücünün yalnız sürət həddinə deyil, avtomobilin təkərlərinin vəziyyətinə, suya girmə imkanlarına və mühərrikin hava girişinin yerləşməsinə də diqqət etməsi vacibdir.
Day.Az-a açıqlamasında nəqliyyat eksperti Raqif Raufoğlu bildirib ki, yağışlı havada əsas məsələ avtomobilin texniki vəziyyətinin buna uyğun olmasıdır.
O, bildirib ki, şüşəsilənlərdən tutmuş təkərlərə qədər hər bir hissə işlək vəziyyətdə olmalıdır:
"Təkərlərlə bağlı əsas təhlükələrdən biri akvaplanlama effektidir. Təkər suyu düzgün şəkildə evakuasiya etməlidir. Təəssüf ki, buna bir çox sürücü fikir vermir, hətta təkərlərin düzgün quraşdırılmasının nə qədər vacib olduğundan xəbəri olmur.
Bəzən təkərlər düzgün istiqamətdə quraşdırılmadıqda, xüsusilə də protektorun suyu kənarlara yönəltmək əvəzinə avtomobilin altına və arxasına doğru toplaması baş verir. Bu isə ciddi qəza riski yarada bilər. Xüsusən yüksək sürətlə hərəkət edərkən avtomobil qəfildən gölməçəyə düşərsə, təkərlərlə asfalt arasındakı əlaqə itə və avtomobil idarəolunmaz hala gələ bilər. Bu, çox vacib məqamdır", - deyə o bildirib.
Ekspert qeyd edib ki, digər vacib məsələ isə avtomobilin suya girmə qabiliyyətini bilməkdir.
"Bu gün də görürük ki, demək olar, hər güclü yağışdan sonra mühərriki sıradan çıxan, gölməçələrdə qalan avtomobillər olur. Buna görə hər bir sürücü öz avtomobilini yaxşı tanımalıdır.
Sürücü bilməlidir ki, avtomobilinin mühərrik hava giriş sistemi, yəni mühərrikə havanın daxil olduğu hava xortumu harada yerləşir. Bəzi avtomobillərdə hava girişi daha aşağıda, bəzilərində isə daha yuxarıda yerləşir. Sürücü bilməlidir ki, avtomobili maksimum hansı su dərinliyindən keçirə bilər.
Burada təkcə suyun səviyyəsini deyil, yaranan dalğanı da nəzərə almaq lazımdır. Çünki avtomobil suya daxil olarkən qarşısında yaranan dalğa suyun səviyyəsini əlavə olaraq yüksəldə bilər. Həmin su hava girişinə çatarsa, mühərrikə su daxil ola və mühərrik ciddi şəkildə zədələnə bilər", - o deyib.
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре