İRİA “Apple” şirkəti ilə əməkdaşlıq müqaviləsi bağlamağa hazırlaşır
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) "Apple" şirkəti ilə əməkdaşlıq müqaviləsi bağlamağa hazırlaşır.
Əməkdaşlıq çərçivəsində Azərbaycandan səkkiz müəllimin hazırlanması və onların gələcəkdə universitet tələbələrinə təlim keçməsi nəzərdə tutulur.
Day.Az xəbər verir ki, Trend-in sessiyada iştirak edən müxbirinin məlumatına görə, bunu İRİA-nın Rəqəmsal Səriştələrin İnkişafı departamentinin müdiri Vüsalə Qurbanova çərşənbə axşamı Bakıda keçirilən "Rəqəmsal bacarıqlar: bu günün nəticələri, sabahın imkanları" mövzusunda tədbirdə deyib.
Onun sözlərinə görə, əməkdaşlıq çərçivəsində seçilmiş səkkiz müəllim "Apple Certified Trainer" sertifikatına yiyələnəcək. Daha sonra onlar Azərbaycanda, əsasən universitet tələbələri üçün təlimlər təşkil edəcəklər.
V.Qurbanova bildirib ki, müəllimlər universitetlərin təqdim etdiyi namizədlər arasından seçilib. Bu məqsədlə ali təhsil müəssisələrinə müraciət olunub və əməliyyat sistemləri, xüsusilə iOS proqramlaşdırılması sahəsində dərs deyən müəllimlərin müəyyənləşdirilməsi xahiş edilib.
"Universitetlərə müraciət etdik və iOS proqramlaşdırılması, əməliyyat sistemləri üzrə dərs deyən müəllimlərini təqdim etmələrini xahiş etdik. Məqsədimiz həmin müəllimləri hazırlamaqdır ki, onlar da öz növbələrində universitet tələbələrinə təlim keçə bilsinlər", - deyə o qeyd edib.
Departament rəhbəri İRİA-nın rəqəmsal bacarıqların inkişafı istiqamətində digər layihələrindən də danışıb.
O bildirib ki, bu il "Webros" İT olimpiadasında 15 min şagirdin iştirak etməsi planlaşdırılır. Bununla yanaşı, "Holberton School Azerbaijan"da süni intellekt, maşın öyrənməsi, kompüter elmləri, "full-stack" proqramlaşdırma və kibertəhlükəsizlik kimi istiqamətlər üzrə 447 məzun hazırlanıb.
V.Qurbanovanın sözlərinə görə, İRİA regionlarda da süni intellekt üzrə təlimlər həyata keçirir. Hazırda bu təlimlərdə iştirak edən 405 nəfərin 300-ü Azərbaycanın 20 regionunu təmsil edir. Digər 105 nəfər isə müxtəlif proqramlar çərçivəsində, o cümlədən İT sahələrinə süni intellekt elementlərinin inteqrasiyası istiqamətində təlimlərdə iştirak edir. Onların arasında dövlət qurumlarının əməkdaşları da var.
O, universitet tələbələri üçün nəzərdə tutulan "IT Skills Sprint" layihəsinin nəticələrinə də toxunub. Bildirib ki, layihəyə qoşulan 120 nəfərin hamısı proqramı uğurla başa vurub.
"120 nəfər layihəyə qoşulub və 120-si də proqramı bitirib. Heç kim dərsləri buraxmayıb və ya uğursuz nəticə göstərməyib. Layihəni başa vuran kimi məşğulluq göstəricisi 31 faiz təşkil edirdi", - deyə V.Qurbanova vurğulayıb.
Departament rəhbəri "Cisco Networking Academy" ilə əməkdaşlıq çərçivəsində əhali üçün müxtəlif rəqəmsal təlim imkanlarının yaradıldığını da qeyd edib. Bu proqramlarda iştirakçılar öz maraq və ehtiyaclarına uyğun istiqamət seçə bilirlər. Təlim istiqamətlərinə İT sahəsi üçün ingilis dili, kibertəhlükəsizlik və süni intellekt üzrə əsas biliklər daxildir.
Onun sözlərinə görə, proqramın ilk mərhələsi üzrə 101 nəfər məzun olub, hazırda isə ikinci mərhələdə 400-ə yaxın iştirakçı təlimlərini davam etdirir.
V.Qurbanova, həmçinin İsraildəki süni intellekt sahəsində fəaliyyət göstərən tərəfdaşlar və Holon Texnologiya İnstitutu ilə birgə həyata keçirilən innovasiya layihəsi barədə məlumat verib. Qeyd edib ki, layihənin üç mərhələsi keçirilib və indiyədək 98 məzun hazırlanıb. Hər mərhələdə bir neçə startap layihəsi formalaşıb.
O əlavə edib ki, İRİA-nın layihələrində iştirak qaydaları proqramların məqsəd və tələblərindən asılı olaraq dəyişir. Bəzi təlimlər bütün maraqlananlar üçün açıqdır, digərlərində isə namizədlər müəyyən meyarlar əsasında seçilir.
"Seçim proseduru layihədən asılıdır. Bəzi proqramlara hər kəs qoşula bilər. Lakin maşın öyrənməsi və kompüter elmləri kimi istiqamətlərdə iştirak etmək üçün müəyyən baza bilikləri və ingilis dili biliyi tələb olunur. Startap layihələrində isə iştirakçıların ideyaları və layihəni inkişaf etdirmək potensialı nəzərə alınır", - deyə o bildirib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре