Bakı Kitab Sərgisində Səudiyyə Ərəbistanının mədəniyyəti və ədəbiyyatı təqdim olunub - FOTO
Səudiyyə Ərəbistanı Krallığının Ədəbiyyat, Nəşriyyat və Tərcümə Komissiyası Krallığın 2026-cı il Bakı Beynəlxalq Kitab Sərgisində iştirakını başa çatdırıb. Oktyabrın 21-dən 25-dək Azərbaycanın paytaxtı Bakıda keçirilən sərgi Krallığın ədəbiyyat, nəşriyyat və tərcümə sahəsində artan mövqeyini, eləcə də beynəlxalq mədəniyyət müstəvisində fəal iştirakını nümayiş etdirib.
Day.Az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Ədəbiyyat, Nəşriyyat və Tərcümə Komissiyasının icraçı direktoru doktor Əbdüllətif bin Əbdüləziz əl-Vasil bildirib ki, Krallığın Bakı Beynəlxalq Kitab Sərgisində iştirakı Səudiyyə Ərəbistanının ədəbi və elmi-mədəni əsərlərin tanıdılması, həmçinin Səudiyyə Ərəbistanı Krallığı ilə Azərbaycan Respublikası arasında möhkəm mədəni əlaqələrin nümayiş etdirilməsi istiqamətində Komissiyanın həyata keçirdiyi səylərin davamıdır.
O qeyd edib ki, Səudiyyə Ərəbistanı pavilyonu "Səudiyyə Ərəbistanı - 2030" strategiyası çərçivəsində ölkənin mədəni həyatında müşahidə olunan sürətli inkişafı və mədəni fəallığı hərtərəfli şəkildə təqdim edib.
Əl-Vasilin sözlərinə görə, sərgidə iştirak kitab və nəşriyyat sektorunun nümayəndələri ilə peşəkar əlaqələrin möhkəmləndirilməsi, bilik mübadiləsinə əsaslanan tərəfdaşlıqların qurulması, əməkdaşlıq və mədəni mübadilə imkanlarının genişləndirilməsi baxımından mühüm fürsət yaradıb. Bu, Səudiyyə Ərəbistanının yaradıcı şəxslərinin və nəşriyyatçılarının dəstəklənməsinə, eləcə də Səudiyyə məzmununun Azərbaycan və beynəlxalq miqyasda daha geniş oxucu və maraqlı auditoriyaya çatdırılmasına töhfə verir.
Krallığın pavilyonunda Ədəbiyyat, Nəşriyyat və Tərcümə Komissiyasının rəhbərliyi ilə bir sıra dövlət qurumları, mədəniyyət və bilik mərkəzləri təmsil olunub. İştirakçılar arasında Kral Fəhd Milli Kitabxanası, Kral Əbdüləziz İctimai Kitabxanası, Kral Əbdüləziz Vəqf Kitabxanaları Kompleksi, İslam İşləri, Dəvət və İrşad Nazirliyi, Müqəddəs Quranın Çapı üzrə Kral Fəhd Kompleksi, Səudiyyə Ərəbistanının Türkiyədəki Mədəniyyət Attaşeliyi və Şahzadə Məhəmməd bin Salman adına Beynəlxalq Ərəb Xəttatlığı Mərkəzi ("Dar əl-Qələm") yer alıb.
Krallığın sərgidə iştirakı onun beynəlxalq mədəni tədbirlərdə mövqeyinin gücləndirilməsi istiqamətində milli qurumların birgə və əlaqələndirilmiş səylərini əks etdirib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре