Azərbaycanın Fransa üzərindəki diplomatik qələbəsi – Bakı Brüssel formatını necə xilas etdi?
Müəllif: Elvin Səxavətoğlu
Xəbər verdiyimiz kimi, mayın 14-də Azərbaycan və Ermənistan liderinin Brüssel görüşü keçiriləcək.
Görüş Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə təşkil olunub.
Üçtərəfli toplantıdan əvvəl Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla ayrı-ayrılıqda görüşəcək.
Məlumdur ki, liderlərin Çexiyanın paytaxtı Praqada 2022-ci il, 6 oktyabr tarixli görüşündən sonra Brüssel formatında görüş keçirilməyib. Çünki Praqada dördtərəfli formatda keçirilən görüşdə Fransa Prezidenti Emmanuel Makron Brüssel formatını öz nəzarəti altına keçirməyə cəhd göstərmişdi.
Hətta görüş zamanı Fransanın maraqlarını diktə etməkdən belə çəkinməmişdi.
Həmin toplantıda Makronun təşəbbüsü ilə Azərbaycan və Ermənistan ərazisinə Avropa İttifaqı mülki missiyasının göndərilməsi ilə bağlı məsələ gündəmə gətirilmişdi. Ermənistan buna razılıq versə də, Azərbaycan imtina etmişdi.
Görüşdən bir neçə gün sonra Makron "France 24" televiziyasına müsahibəsində Azərbaycana qarşı ağır ittihamlar səsləndirmişdi. Hətta bəyan etmişdi ki, Azərbaycan Ermənistan ərazisini işğal edib.
Fransa prezidentinin bu açıqlamalarından sonra Azərbaycan tərəfi Makronun Brüssel formatında iştirakına qəti şəkildə qarşı çıxmışdı.
2022-cil noyabrın 25-də ADA Universitetində "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı Fransanın anti-Azərbaycan və sülh prosesinə zərbə vuran davranışları barədə danışmışdı.
Fransanın sülh prosesini pozmağa cəhd göstərdiyini açıq şəkildə dilə gətirən Prezident Brüssel formatının ləğv oluna, başqa alternativlərin nəzərdən keçirilə biləcəyinə işarə etmişdi.
Sitat: "Bütün bunlar nəzərə alınsa, aydındır ki, Fransa sülh danışıqlarında iştirak edə bilməz. Bu, bizim deyil, onların günahıdır. Çünki heç vaxt nə ABŞ, nə də Rusiya rəsmi səviyyədə tərəfkeşlik etməyib. Bu, o deməkdir ki, 7 dekabr görüşü baş tutmayacaq və biz digər alternativləri nəzərdən keçirəcəyik. Görək, vasitəçi rolunu kim həyata keçirəcək və bu, hansı platformada baş tutacaq?".
Dördtərəfli Praqa görüşündən sonra Avropa İttifaqının rəhbərliyi bir neçə dəfə Brüssel formatında toplantının təşkilinə cəhd göstərdi. Amma Ermənistan tərəfi Makronun da görüşdə iştirakını istədiyi üçün Azərbaycan toplantıya razılıq verməmişdi.
Göründüyü kimi, ötən dövr ərzində Azərbaycanın Ali rəhbərliyi Fransanın Brüssel formatına daxil olmaq cəhdlərinə qarşı siyasi iradə nümayiş etdirib. Çünki Markon hakimiyyəti açıq şəkildə Ermənistanı müdafiə edir.
Fransanın Brüssel formatını dağıtmaq və ya formata daxil olmaq cəhdi baş tutdumu?
Proseslərin gedişi göstərir ki, rəsmi Parisin formatla bağlı heç bir cəhdi uğurlu alınmadı.
Məlumdur ki, Ermənistan geri addım atıb, Markonsuz görüşə razılaşıb.
Bununla da Azərbaycanın səyləri nəticəsində maraqlarımıza uyğun olan Brüssel formatının xilas edildiyini deyə bilərik.
Ümumilikdə formatın yenidən aktivləşməsi Azərbaycanın maraqlarına uyğundur. Xüsusilə Fransanın formatdan kənarda saxlanılmasını Azərbaycanın diplomatik qələbəsi kimi qeyd etmək olar. Bu həm də Ermənistan Azərbaycanla hesablaşdığı anlamına gəlir. İrəvan Bakı ilə sülh müqaviləsi imzalamaq istəyirsə, Azərbaycanın diktə etdiyi formatı və şərtləri qəbul etmək məcburiyyətindədir. Proseslər göstərir ki, Ermənistan Azərbaycanla hesablaşmaq məcburiyyətində qalır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре