Əminəm ki, "İdman və biz" layihəsi Azərbaycan media məkanında öz layiqli yerini tutacaq

"İdman və biz" (idman.biz) layihəsi Azərbaycanın idman sahəsində yenilikdir, çünki sayt 3 dildə fəaliyyət göstərəcək.

Trend xəbər verir ki, bunu Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Trend BİA-nın "İdman və biz" (idman.biz) layihəsinin təqdimat mərasimində çıxışı zamanı deyib.

Ç.Hüseynzadə bildirib ki, Trend BİA Azərbaycanda tanınmış, öz yerini qazanmış media resursudur.

"Əminəm ki, Trend BİA-nın formalaşdırdığı idman saytı da Azərbaycan media məkanında öz layiqli yerini tutacaq. İnanıram ki, bu idman portalında olimpiya və qeyri-olimpiya idman növlərinə də geniş yer veriləcək.

Saytın yaradıcı heyətinə idmançılarımızın qələbələrindən əlavə, həmin idmançıların qələbəyə aparan həyat yolu, əzmi barədə də məqalələr hazırlamağı tövsiyə edirəm.

Sonda layihənin peşəkar yaradıcı heyətə sahib olduğunu xüsusi vurğulamaq lazımdır. Yaradıcı heyətə uğurlar arzu edirəm. İnanıram ki idman.biz saytı Azərbaycan media məknanında önəmli yer tutacaq", - deyə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə qeyd edib.

Qeyd edək ki, bu gün Trend BİA-nın "İdman və biz" (idman.biz) layihəsinin təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Trend BİA-nın direktoru İlqar Hüseynov, digər rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə qeyd olunub ki, İdman.biz saytında bütün idman növləri haqqında məlumat veriləcək. Sayt Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərəcək. Unikal texniki imkanlar, peşəkar mütəxəssislər və komanda vasitəsilə xəbərlər eyni vaxtda hər üç dildə yayımlanacaq.