Dərmanların qeydiyyat prosesi sadələşdirilir

Elvin Səxavətoğlu

Xəbər verdiyimiz kimi, Tarif (qiymət) Şurasının dekabrın 5-də dərmanların ölkəyə gətirilməsi və satışı ilə bağlı mühüm qərarlar qəbul edib. Yeni qərara əsasən, dərman vasitələrinin və dərman maddələrinin dövlət qeydiyyatı ilə bağlı ekspertiza, o cümlədən xarici qeydiyyatın tanınması üçün sadələşdirilmiş ekspertiza xidmətlərinin tarifləri təsdiq edilib.

Həmçinin Tarif (qiymət) Şurasının son iclasında sadələşdirilmiş ekspertiza tarifləri mövcud tariflərdən 20-29%-ə qədər azaldılıb. Adi ekspertiza tarifləri isə mövcud tariflərdən 20%-ə qədər yuxarı həddə təsdiq edilib.

"Dərman vasitələri haqqında" Qanuna edilən dəyişikliyə əsasən, dərman vasitələrinin qeydiyyatı üçün ixtisaslaşdırılmış ekspertiza xidmətlərinin müddəti 210 gündən 90 günə endirilib.

Xarici qeydiyyatın tanınması üzrə sadələşdirilmiş ekspertizanın nəticələrinə əsasən dövlət reyestrinə daxil edilən dərman vasitələri üçün tələb olunan sənədlər azaldılıb. Sadələşdirilmiş ekspertiza üçün qısa müddət - 11 iş günü müəyyənləşdirilib.

Bəs, yeni qərarlar dərman bazarındakı vəziyyətə necə təsir edəcək?

İqtisadçı-ekspert Eyyub Kərimli Day.Az-a açıqlamasında deyib ki, bu gün qəbul edilən qərarın bir neçə istiqamətdə əhəmiyyəti var.

"Məlumdur ki, yeni qərarla dərman vasitələrinin qeydiyyatı üçün ixtisaslaşdırılmış ekspertiza xidmətlərinin müddəti 210 gündən 90 günə endirilib. Həmçinin qeydiyyat zamanı tələb olunan sənədlərin sayı azaldılıb. Bundan başqa, proses elektronlaşdırılıb. Bütün bunlar dərmanın ölkəyə gətirilməsini, qeydiyyatını və satışını sürətləndirəcək".

Eyyub Kərimli bildirib ki, yeni dəyişiklik dərmanın qiymətinə müsbət təsir edəcək.

"Dəyişikliklər nəticəsində dərman bazarına yeni şirkətlər daxil ola bilər. Əlbəttə ki, bu ölkəyə daha çox dərmanın gətirilməsinə, onun keyfiyyətinə müsbət təsir göstərəcək. Nəticədə təbii rəqabət formalaşacaq. Rəqabətin yaranması isə qiymətlərə təsir edəcək. Ümumilikdə bu qərarlar Azərbaycan əhalisinin sağlamlığının qorunması baxımından böyük əhəmiyyətə malikdir".