Paşinyan Münxendə özünü belə ifşa etdi

Müəllif: Elvin Səxavətoğlu

Ermənistanın baş naziri Nikol Paşinyan yenə Azərbaycana qarşı səsləndirdiyi ziddiyyətli bəyanatla gündəmə gəlib.

Paşinyan fevralın 18-də Münxendə erməni icması ilə görüşdə belə bir sitat səsləndirib.

"Ermənistanın "Qarabağ"ın öz müqəddəratını təyinetmə hüququnun reallaşması ilə müstəqil olması istiqamətində səyinə beynəlxalq ictimaiyyət dəstək göstərmədiyi üçün bu münaqişəni yalnız Azərbaycana qarşı deyil, beynəlxalq ictimaiyyətə qarşı aparırdıq. Ancaq bu ağılsızlıq idi".

Paşinyanın Azərbaycana ərazi iddiaları 

Məlumdur ki, Ermənistan rəhbərliyi Alma-Ata bəyannaməsini rəhbər tutaraq, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Amma Paşinyanın Münxendə səsləndirdiyi fikirlər göstərir ki, rəsmi İrəvan Azərbaycanın ərazi bütövlüyünü təzyiqlər nəticəsində tanıyıb.

Məsələn, baş nazir beynəlxalq ictimaiyyətdən dəstək ala bilmədikləri üçün Qarabağ iddialarından əl çəkdiklərini deyir. Demək ki, əgər rəsmi İrəvana beynəlxalq dəstək göstərilsəydi, Paşinyan hələ də Azərbaycan ərazilərinə iddia etməyə davam edəcəkdi. Bu fikir dolayı yolla Azərbaycana ərazi iddialarının indi də davam etdiyinə işarədir. Ehtimal etmək olar ki, hazırda Bakının diplomatik və hərbi üstünlüyü olmasa, İrəvan Sarkisyan və Köçəryan dövründəki siyasəti yürütməyə hazırdır.

İrəvanın çıxış yolu 

Əslində rəsmi Bakı İrəvana sülh prosesində səmimi olduğunu sübut etməsi üçün böyük şanslar verib.

Ən böyük şans konstitusiya dəyişikliyinin həyata keçirilməsidir. Əgər Paşinyan hakimiyyəti bu şansı dəyərləndirəcəksə, o zaman İrəvanın sülh prosesi ilə bağlı səmimiyyətinə inanmaq olar. Çünki konstitusiya dəyişikliyi olmasa, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları rəsmi sənədlərdə öz əksini tapacaq. Məsələn, Ermənistan konstitusiyası öz hədəflərini ölkənin İstiqlal Bəyannamasi ilə müəyyənləşdirir. İstiqlal Bəyannaməsində isə Azərbaycana və Türkiyəyə açıq ərazi iddiaları yer alıb.

Paşinyanın Münxendə səsləndirdiyi fikirlərin kökündə də İstiqlal Bəyannaməsinin müddəaları dayanır.