Azərbaycanın yeni hərbi-siyasi uğuru

Müəllif: Elvin Səxavətoğlu

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanla Ermənistan arasında növbəti razılaşmanın icrasına başlanılıb.

Razılaşmanın əsasında Azərbaycanın işğal altında olan 4 kəndinin qaytarılması dayanır. İki ölkə arasında Protokol aprelin 19-da imzalanıb. Bu gün isə Azərbaycan sərhədçiləri işğaldan azad olunan Qazaxın - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndinə daxil olub.

Ermənistanı idarə edənlər tez-tez müharibədən yayınmaq üçün belə bir addım atdıqlarını, kəndləri Azərbaycana sülh yolu ilə qaytardıqlarını bəyan edirlər.  

Təbii ki, İkinci Qarabağ Müharibəsi və ondan sonra keçirilən bir neçə hərbi əməliyyat, həmçinin sonuncu antiterror tədbirləri Ermənistan rəhbərliyini belə bir qərar verməyə sövq etdi. Çünki özlərinin də etiraf etdikləri kimi başqa çıxış yolları yoxdur. Yəni rəsmi İrəvan kəndləri Azərbaycana sülhsevərliyinə görə qaytarmayıb. Rəsmi Bakı İrəvanı bu addımı atmağa məcbur edib.

Aydındır ki, bu prosesin sülh yolu ilə başa çatmasının kökündə Azərbaycanın siyasi iradəsi, hərbi gücü və diplomatik uğurları dayanır. 

Məsələn, Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziyalara müsahibəsində işğalda olan 4 kəndin qaytarılması ilə bağlı konkret mövqe ortaya qoymuşdu.

Sitat: "O ki qaldı işğal altında olan kəndlərə - bizim təklifimiz də hesab edirəm ki, çox məntiqlidir - orada (Qazaxın kəndləri nəzərdə tutulur - red.), bildiyiniz kimi, anklav və qeyri-anklav kəndlər var. O kəndlər ki, anklav deyil - 4 kənd - onlar Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır. O kəndlər ki, anklavdır - Ermənistanın bir anklav kəndi Azərbaycan ərazisindədir - bununla bağlı ayrıca ekspert qrupu yaradılmalıdır və bu, müzakirə edilməlidir. Biz hesab edirik ki, bütün anklavlar qaytarılmalıdır, bu anklavlara gedən yollara şərait yaradılmalıdır və bu anklavlara oranın sakinləri yerləşdirilməlidir. Yəni bizim mövqeyimiz bundan ibarətdir".

Göründüyü kimi, Azərbaycan mövqeyini əvvəlcədən bəyan edib və Ermənistanda rəsmi Bakının diqtəsi ilə 4 kəndi geri qaytardı.

4 kəndin geri qaytarılması Azərbaycanın  44 günlük müharibə və antiterror əməliyyatındakı qələbəsinin davamıdır.