Tailand Krallığının XİN-in nümayəndə heyəti Multikulturalizm Mərkəzində olub - FOTO
Sentyabr ayının 11-də Tailand Krallığının Xarici İşlər Nazirliyinin və aidiyyatı qurumlarının nümayəndə heyəti Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) olub.
Day.Az xəbər verir ki, Mərkəzin icraçı direktoru Rəvan Həsənov qonaqlara Azəbaycan multikulturalizmi və Azərbaycanın multikulturalizm siyasəti haqqında məlumat verib. O bildirib ki, Azərbaycanda multikultural dəyərlər əsrlərdən bəri son dərəcə önəmli yer tutur, burada müxtəlif xalqların və mədəniyyətlərin nümayəndələri heç bir ayrı-seçkiliyə məruz qalmadan yaşayırlar. İcraçı direktor vurğulayıb ki, multikulturalizm Azərbaycanda tarixən formalaşsa da, onun siyasi əsasları Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev tərəfindən yaradılıb. Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə multikulturalizm dövlət siyasəti səviyyəsinə yüksəlib. Hazırda Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir.
Rəvan Həsənov BBMM-in fəaliyyətindən də bəhs edib. O diqətə çatdırıb ki, Azərbaycan Respublikasının Prezident İlham Əliyevin Fərmanı ilə 2014-cü ildə yaradılan BBMM beynəlxalq statusa malikdir və azsaylı xalqların mədəniyyətinin, dilinin, inanclarının qorunması istiqamətində çox mühüm layihələr həyata keçirir. Mərkəzin təşkilatçılığı ilə dünyanın nüfuzlu universitetlərində "Azərbaycan Multikulturalizmi" fənni tədris edilir. "Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi" layihəsinin məntiqi davamı olaraq xarici və yerli universitetlərdə Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün qış və yay məktəbləri təşkil olunur. Bildirib ki, Mərkəz həm də mədəniyyətlərarası və dinlərarası dialoqu təşviq etmək məqsədilə beynəlxalq konfransların təşkili üçün platforma rolunu oynayır.
İcraçı direktor Zəfərlə başa çatan Vətən müharibəsindən də danışıb. O vurğulayıb ki, Qarabağ münaqişəsini bəzən dini və etnik münaqişə kimi təqdim edirdilər. Amma bu tamamilə yanlışdır. Çünki Qarabağ münaqişəsi Ermənistanın Azrbaycanın tarixi torpaqlarını işğal etməsinin nəticəsi idi. Bu münaqişə Azərbaycanda yaşayan bütün xalqların Prezident İlham Əliyevin ətrafında Dəmir yumruq kimi birləşərək, ölkəmizin ərazi bütövlüyünü təmin etməsi ilə sona çatdı.
Qonaqlar həmçinin Azərbaycan multikulturalizmindən bəhs edən film izləyiblər.
Görüşdə multikulturalizm sahəsində təcrübə mübadiləsi aparmaq istiqamətində qarşılıqlı əməkdaşlıq müzakirə olunub. Qonaqların sualları cavablandırılıb.
Sonda nümayəndə heyəti adından xatirə hədiyyəsi verilib. Eyni zamanda qonaqlara BBMM-in nəşrləri təqdim olunub.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре