Qarabağdakı bərpa prosesi dünyaya nümunədir - Pakistan səfiri
Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərinin həcmi, sürəti və keyfiyyəti olduqca təsirlidir.
Day.Az xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində Trend-ə açıqlamasında deyib.
"Bu, hər bir pakistanlı və sülh istəyən hər kəs üçün həqiqətən qürurverici məqamdır. Burada həyata keçirilən bərpa işlərinin həcmi, sürəti və keyfiyyəti möhtəşəmdir.
Ötən il Xankəndidəki konfrans mərkəzində İqtisadi Əməkdaşlıq Təşkilatının Sammiti keçirilmişdi. Cəmi bir il ərzində bura sanki tamamilə yeni bir şəhərə çevrilib. Yeni tunellərin tikilməsi, dəmir yolu xətlərinin çəkilməsi və insanların öz doğma torpaqlarına inamla geri qayıtması həqiqətən möcüzəvi prosesdir.
Azərbaycan dünyaya qürurla göstərə bilər ki, uğurlu bərpa və könüllü məskunlaşmanın qızıl standartı məhz burada yaradılır. Söhbət insanların uzun illər işğal altında qalmış doğma torpaqlarına öz istəkləri ilə qayıtmasından gedir. Bu proses digər ölkələr üçün də nümunə və etalon ola bilər. Azərbaycana qarşıdakı illərdə daha böyük uğurlar arzulayıram", - səfir bildirib.
Qasım Mohiuddin Pakistanın Qarabağdakı bərpa və yenidənqurma prosesinə töhfə verməyə hazır olduğunu da vurğulayıb.
"Bu istiqamətdə müəyyən müzakirələr aparılır. Biz texniki komandalarımız, tikinti şirkətlərimiz, müəllimlərimiz və həkimlərimiz vasitəsilə Qarabağda Azərbaycana dəstək göstərməkdən məmnun olarıq. Azərbaycan Pakistanın ən yaxın dostlarından və qardaş ölkələrindən biridir. Buna görə də biz Azərbaycana hər cür yardım və dəstək göstərməyə, eləcə də bilik və təcrübəmizi bölüşməyə hazırıq", - diplomat əlavə edib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə sentyabrın 11-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri başlayıb.
Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərdən ibarət heyət iştirak edir.
Səfər çərçivəsində diplomatik korpusun nümayəndələri Prezident İlham Əliyevin rəhbərliyi ilə Xankəndi və Şuşa şəhərlərində, Ağdərə və Kəlbəcər rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq və inkişaf prosesi çərçivəsində reallaşdırılan sosial və iqtisadi infrastruktur layihələri, eləcə də tarixi-mədəni irs nümunələrinin mövcud vəziyyəti, onların qorunması və bərpası istiqamətində görülən tədbirlərlə tanış olacaqlar.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре