AZCON-un nizamnamə fondu məlum olub

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) nizamnamə fondu 10 milyon manat məbləğində müəyyən edilib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi AZCON-nun Nizamnaməsində bildirilib.

AZCON-un əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi digər əmlakdan, dövlət müəssiələrinin ödədiyi vəsaitdən, habelə fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.

AZCON öz əmlakından yalnız bu Nizamnamədə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir.

AZCON qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra AZCON-un, onun idarə, filial, nümayəndəliklərinin və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malikdir.

AZCON-un mənfəəti Azərbaycan Respublikası Prezidentinin qərarı ilə dövlət büdcəsinə köçürülə bilər.

AZCON-un məhsullarının (malların, işlərin, xidmətlərin) qiymətləri tənzimlənən qiymətlərə aid deyildir.

Dövlət müəssisələrinin AZCON-a ödədikləri vəsaitdən AZCON-un bu Nizamnamədə nəzərdə tutulmuş səlahiyyətlərini həyata keçirmək üçün istifadə olunur.