Nəhəng şirkətlərin Azərbaycana artan marağı ölkənin böyük iqtisadi perspektivlərindən xəbər verir - Azər Qarayev
Nəhəng şirkətlərin Azərbaycana artan marağı ölkənin böyük iqtisadi perspektivlərindən xəbər verir.
Bunu Day.Az-a açıqlamasında politoloq Azər Qarayev deyib.
"Davosda keçirilən Dünya İqtisadi Forumu təkcə qlobal iqtisadi məsələlərin müzakirə edildiyi bir platforma deyil, həm də ölkələr və şirkətlər arasında strateji əlaqələrin qurulduğu unikal məkandır. Bu il Azərbaycan Prezidenti İlham Əliyevin forum çərçivəsində dünyanın nəhəng şirkətləri, xüsusi ilə də qarşı tərəfin istəyi əsasında görüşləri diqqət mərkəzində olub. Bu görüşlər, Azərbaycan iqtisadiyyatına artan marağın və ölkənin beynəlxalq iqtisadi münasibətlərdəki əhəmiyyətinin bir daha təsdiqi oldu.
Azərbaycan Prezidenti İlham Əliyev ilə görüş istəyi bildirən şirkətlər sırasında dünya iqtisadiyyatında böyük nüfuza malik olan "Carlsberg Group", "DP World" və "The Goldman Sachs Group Inc." kimi nəhənglər yer alıb. Hər biri öz sahəsində lider olan bu şirkətlər, Azərbaycanın iqtisadi imkanlarını, coğrafi yerləşməsini və investisiya potensialını diqqətlə dəyərləndirir.
Prezident İlham Əliyevin Davosda beynəlxalq şirkətlərlə keçirdiyi görüşlərdə əsas diqqət Azərbaycanın iqtisadi uğurlarına, qeyri-neft sektorunun inkişafına və xarici investorlar üçün yaradılan şəraitə yönəlib. Son illər ölkədə həyata keçirilən iqtisadi islahatlar, infrastruktur layihələri və enerji sektorundakı yeniliklər Azərbaycanın qlobal iqtisadiyyatın mühüm oyunçularından birinə çevrilməsinə şərait yaradıb", - o bildirib.
A.Qarayev qeyd edib ki, Şərqlə Qərb arasında strateji mövqedə yerləşən Azərbaycan, enerji resurslarının ixracı və tranzit dəhlizləri ilə beynəlxalq ticarət üçün əvəzsiz bir hab kimi çıxış edir. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi layihələr bu rolu daha da gücləndirir. Sözügedən layihələr və bir sıra digərləri ölkənin əhəmiyyətini daha da artırır.
"Bundan əlavə, Azərbaycanda biznes mühitinin təkmilləşdirilməsi, şəffaflıq və rəqabətlilik kimi prinsiplərə əsaslanan iqtisadi model xarici investorların diqqətini çəkir. Qeyri-neft sektorunun prioritet elan edilməsi, kənd təsərrüfatı, sənaye, turizm və maliyyə xidmətləri kimi sahələrin inkişafına yol açıb.
Azərbaycanın beynəlxalq iqtisadi sistemdəki rolu artdıqca, ölkə qlobal şirkətlər üçün maraqlı tərəfdaşa çevrilir. Bu marağın əsas səbəbləri isə davamlı iqtisadi artım, stabil siyasi mühit, regional və beynəlxalq əlaqələrdir", - o bildirib.
Politoloq vurğulayıb ki, Azərbaycan iqtisadiyyatı son illərdə sabit artım tempi nümayiş etdirir.
"Neft-qaz sektorunda əldə olunan gəlirlər qeyri-neft sahələrinin inkişafına yönəldilir ki, bu da ölkənin iqtisadiyyatını daha dayanıqlı edir. Azərbaycanın daxili siyasi sabitliyi və qlobal səviyyədə balanslı xarici siyasəti investorlar üçün etibarlı mühit yaradır.
Azərbaycan təkcə enerji resurslarının ixracı deyil, həm də regional nəqliyyat və logistika mərkəzi kimi çıxış edir. Avropa ilə Asiya arasında strateji körpü rolunda olan ölkə, "Orta Dəhliz" layihəsi ilə beynəlxalq ticarətin vacib hissəsinə çevrilib.
Davos İqtisadi Forumu çərçivəsində Prezident İlham Əliyevin beynəlxalq şirkətlərlə keçirdiyi görüşlər Azərbaycanın iqtisadi inkişafına, beynəlxalq münasibətlərdəki mövqeyinə və investisiya potensialına verilən dəyərin bir daha sübutudur. Azərbaycanın qlobal iqtisadiyyatda artan rolu, ölkəyə xarici şirkətlərin diqqətini cəlb etməklə yanaşı, ölkənin beynəlxalq miqyasda bir investisiya mərkəzinə çevrilməsi istiqamətində mühüm addımların atıldığını göstərir. Bu görüşlər sübut edir ki, Azərbaycanın iqtisadi gələcəyi parlaqdır", - A.Qarayev qeyd edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре