Yüksəliş müsabiqəsi intellektual liderlərin aşkara çıxarılması baxımından strateji əhəmiyyətə malikdir

"Yüksəliş" müsabiqəsi liderlik potensialını üzə çıxarmaq və idarəçilik bacarıqlarını inkişaf etdirmək məqsədilə yaradılmış mühüm bir platformadır. Bu layihə, ölkəmizin gələcəyini formalaşdıracaq intellektual liderlərin aşkara çıxarılması və yetişdirilməsi baxımından strateji əhəmiyyətə malikdir.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu fikirləri Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov beşinci "Yüksəliş" müsabiqəsinin yarımfinal mərhələsində çıxış edərkən deyib.

O bildirib ki, ötən dövr ərzində 40 minə yaxın insanın iştirak etdiyi müsabiqədə 96 nəfər qalib olub:

"Burada fərqlənərək ön sıralara yüksələnlər yaradıcılığı, analitik düşüncəsi, çevik qərar vermə bacarığı və komandada işləmək qabiliyyəti ilə seçilirlər. Müsabiqə, eyni zamanda, ölkədə insan kapitalının gücləndirilməsi və milli inkişaf strategiyasına töhfə verəcək liderlərin formalaşdırılması baxımından da önəmli bir mexanizmdir".