Azərbaycan dünya üzrə mina probleminə görə ilk onluqdadır
Azərbaycan dünyada mina problemi olan ölkələrin siyahısında ilk onluqdadır.
Day.Az xəbər verir ki, bunu bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) yanında ictimai şuranın sədri Umud Mirzəyev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Birləşmiş Millətlər Təşkilatının qərarına əsasən, hər il 4 aprel tarixi Beynəlxalq Mina Maarifləndirmə və Mina Fəaliyyətinə Yardım Günü kimi qeyd olunur:
"Ölkə ərazisində 1 milyon 500 mindən artıq mina mövcuddur. Bu isə Böyük Qayıdış proqramının icrasını, keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz dönüşünü, həmçinin yeni yaşayış məntəqələrinin və infrastruktur layihələrinin qurulmasını əhəmiyyətli dərəcədə çətinləşdirir".
O qeyd edib ki, mina problemi yalnız siyasi məsələ deyil, ilk növbədə bəşəri və humanitar problemdir:
"Bu, insan həyatı, təhlükəsizlik və gələcək nəsillərin rifahı ilə bağlı olan qlobal bir çağırışdır. Müharibə başa çatsa belə, minalar onilliklər boyu insanların həyatını təhlükə altında saxlayır. BMT də bu təhlükəni qlobal humanitar məsələ kimi qiymətləndirir. Bu səbəbdən problemin həllində dünya ictimaiyyəti vahid mövqe nümayiş etdirməli, beynəlxalq təşkilatlar, donor qurumlar və insan hüquqları təsisatları bu istiqamətdə həmrəylik göstərməlidirlər. Təəssüf ki, qlobal güclər, dünya bu problemin həllində Azərbaycanı tək qoyur, dəstək göstərmirlər.
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanda təxminən 260 min hektar ərazi minalardan təmizlənib. Bu, mühüm nəticə olsa da, ümumi çirklənmiş ərazilərin həcmi nəzərə alınarsa, qarşıda görüləsi işlərin hələ çox olduğu aydındır".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре