Çimərliyə getmək üçün ən təhlükəsiz saatlar AÇIQLANIB
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Zakir Quliyev bildirib ki, çimərlik mövsümündə günvurmadan qorunmaq üçün dənizə səhər saat 08:00-11:00 və axşam 16:00-19:00 aralığında getmək daha təhlükəsizdir. Onun sözlərinə görə, saat 11:00-16:00 arasında ultrabənövşəyi (UV) şüalarının intensivliyi ən yüksək səviyyədə olur və bu saatlarda günəş altında qalmaq sağlamlıq üçün risk yaradır.
Day.Az xəbər verir ki, mütəxəssis çimərlikdə kölgədə istirahət etməyi, kifayət qədər su içməyi, açıq rəngli və yüngül geyimlərdən istifadə etməyi, həmçinin enli kənarlı papaq, UV qoruyuculu gün eynəyi və ən azı SPF 30 qoruma dərəcəsinə malik günəş kremini tətbiq etməyi tövsiyə edib.
Günəş kremi çimərliyə çıxmazdan 20-30 dəqiqə əvvəl çəkilməli, hər iki saatdan bir və üzgüçülükdən sonra yenilənməlidir.
Zakir Quliyev xüsusilə uşaqların, yaşlıların, hamilə qadınların və ürək-damar xəstəlikləri olan şəxslərin günün ən isti saatlarında birbaşa günəş altında qalmamaqla günvurma riskini əhəmiyyətli dərəcədə azalda biləcəklərini vurğulayıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре