Dünya çempionatının final matçı təxirə salına bilər
Futbol üzrə dünya çempionatında İspaniya və Argentina yığmaları arasında keçiriləcək final oyunu təxirə salına bilər.
Day.Az unikal-a istinadən xəbər verir ki, buna səbəb Kanadada davam edən meşə yanğınları nəticəsində yaranan tüstünün ABŞ-nin şimal ştatlarına qədər yayılmasıdır. Zəhərli hava kütləsinin futbolçuların, məşqçilərin və azarkeşlərin sağlamlığı üçün risk yaratdığı bildirilib.
Artıq Çikaqoda açıq havada keçirilməsi planlaşdırılan bəzi tədbirlər ləğv olunub. Hətta MLS-in müntəzəm mövsümündə keçirilməli olan "Çikaqo Fayr" - "Vankuver Uaytkaps" görüşü də təxirə salınıb.
Tüstünün yaxın günlərdə dağılmayacağı ehtimal olunduğundan, bəzi ekspertlər dünya çempionatının Nyu-Yorkda təşkil ediləcək final matçının da risk altında olduğunu düşünürlər.
Hazırda həlledici qarşılaşmanın təxirə salınacağı ilə bağlı rəsmi qərar yoxdur. Lakin havanın çirklənmə səviyyəsi sağlamlıq üçün təhlükə yaradacağı təqdirdə, FIFA-nın yarışın təqvimində dəyişiklik edilməsini nəzərdə tutan xüsusi protokolları mövcuddur.
Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi dünya çempionatının final görüşü iyulun 19-da "MetLayf" stadionunda keçiriləcək.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре