Dəmir yolu nəqliyyatı ilə beynəlxalq yükdaşımaların dəyəri 15 %-dən çox artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda dəmir yolu nəqliyyatı vasitəsi ilə 1,745 milyard ABŞ dolları dəyərində 3,538 milyon ton yük daşınıb.

Day.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında bildirilib.

Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 232,2 milyon ABŞ dolları və ya 15, 3% çox, həcm ifadəsində isə 9,136 min ton və ya 0,3 % azdır.

Hesabat dövründə Azərbaycandan dəmir yolu nəqliyyatı ilə 634 milyon ABŞ dolları dəyərində təqribən 1,343 milyon ton yük ixrac olunub ki, bu, əvvəlki ilin eyni dövründəki göstərici ilə müqayisədə dəyər ifadəsində 219,7 milyon ABŞ dolları və ya 53 %, həcm ifadəsində isə 5,6 min ton və ya 0,4 % çoxdur.

Bu ilin yanvar-iyun aylarında Azərbaycana dəmir yolu nəqliyyatı ilə 1,111 milyard ABŞ dolları dəyərində 2,195 milyon ton yük idxal olunub ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 12,5 milyon ABŞ dolları və ya 1,1 % çox, həcm ifadəsində isə 14,8 min ton və ya 0,7 % azdır.

Qeyd edək ki, 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda nəqliyyat vasitələri ilə ümumilikdə 24,661 milyard ABŞ dolları dəyərində 26,450 milyon ton yük daşınıb. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 261 milyon ABŞ dolları və ya 1,1 % çox, həcm baxımından isə 2,8 milyon ton və ya 9,6 % azdır.

Hesabat dövründə yüklərin daşınma vasitələri üzrə Azərbaycandan ümumilikdə 16,320 milyard ABŞ dolları dəyərində 22,033 milyon ton yük ixrac edilib ki, bu da illik müqayisədə dəyər baxımından 3,4 milyard ABŞ dolları və ya 26,7 % artım, həcm ifadəsində isə 1,9 milyon ton və ya 7,8 % azalma deməkdir.

Eyni zamanda bu ilin yanvar-iyun aylarında yüklərin daşınma vasitələri üzrə Azərbaycana ümumilikdə 8,341 milyard ABŞ dolları dəyərində 4,416 milyon ton yük idxal edilib. Bu isə 2025-ci ilin eyni dövründəki göstəriciyə nisbətən dəyər ifadəsində 3,2 milyard ABŞ dolları və ya 27,6 %, həcm baxımıdan isə 941 min ton və ya 17,6 % azdır.

Ümumilikdə, Azərbaycan son illərdə Avrasiya məkanında əsas tranzit-logistika mərkəzlərindən birinə çevrilməsi istiqamətində iri infrastruktur layihələrini davam etdirir. Ölkə Şərq-Qərb, Şimal-Cənub və Orta Dəhliz üzrə yükdaşımaların artırılması məqsədilə dəmir yolu, avtomobil yolları, dəniz limanları və logistika infrastrukturuna milyardlarla dollar həcmində investisiyalar yatırıb. Bu siyasətin əsas hədəfi Azərbaycanın Avropa ilə Asiya arasında etibarlı tranzit qovşağı kimi mövqeyini daha da gücləndirməkdir.

Xüsusilə Orta Dəhlizin inkişafı dövlətin prioritet istiqamətlərindən biridir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Azad İqtisadi Zonası və yeni logistika mərkəzləri bu marşrutun rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artırır. Hazırda Bakı Limanının yükötürmə qabiliyyətinin 15 milyon tondan 25 milyon tona, konteyner emalı imkanlarının isə 500 min TEU-dan 1 milyon TEU-ya çatdırılması istiqamətində genişləndirmə işləri aparılır.

Trend-ə eksklüziv müsahibəsində Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (IRU) Baş katibi Umberto de Pretto bildirib ki, Azərbaycan son illərdə nəqliyyat və logistika infrastrukturuna yatırdığı investisiyalar hesabına Orta Dəhlizin əsas iştirakçılarından birinə çevrilib.

"Azərbaycanın nəqliyyat infrastrukturuna yatırdığı investisiyalar bu gün öz nəticəsini verir. Ölkə Avropa ilə Asiya arasında etibarlı tranzit qapısı kimi mövqeyini daha da möhkəmləndirir və Orta Dəhlizin inkişafında aparıcı rol oynayır", - deyə o vurğulayıb.

 

TRACECA Hökumətlərarası Komissiyasının baş katibi Asset Assavbayev isə Trend-ə müsahibəsində qeyd edib ki, Azərbaycanın həyata keçirdiyi nəqliyyat layihələri regionun logistika xəritəsini dəyişir.

"Azərbaycanın inkişaf etdirdiyi müasir nəqliyyat infrastrukturu və liman imkanları TRACECA marşrutunun rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artırır. Orta Dəhliz üzrə yük axınının artması bu investisiyaların səmərəsini nümayiş etdirir", - o bildirib.

Hesab edilir ki, Çin-Mərkəzi Asiya-Xəzər-Qafqaz-Avropa marşrutu üzrə daşımaların artması fonunda Azərbaycanın tranzit potensialı yaxın illərdə daha da yüksələcək. Bu isə ölkənin qeyri-neft gəlirlərinin artırılması, logistika xidmətlərinin genişləndirilməsi və Azərbaycanın beynəlxalq ticarət marşrutlarında strateji rolunun möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Xüsusən də vurğulanır ki, Zəngəzur dəhlizinin açılması Azərbaycanın tranzit imkanlarını daha da genişləndirəcək. Belə ki, bu marşrut Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərini birləşdirərək Orta Dəhlizin səmərəliliyini artıra, yükdaşımaların marşrutunu qısalda və Azərbaycanın regional logistika habı kimi mövqeyini daha da gücləndirə bilər. Bir sözlə, dəhlizin istifadəyə verilməsi həm Türk dünyası arasında nəqliyyat əlaqələrinin möhkəmlənməsinə, həm də Avropa ilə Asiya arasında yük axınlarının artmasına mühüm töhfə verəcək.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatına görə, Orta Dəhliz üzrə yükdaşımaların həcminin yaxın illərdə daha da artacağı gözlənilir. Bu məqsədlə dəhliz boyunca buraxılış qabiliyyətinin artırılması, rəqəmsallaşdırma və sərhəd prosedurlarının sadələşdirilməsi istiqamətində işlər davam etdirilir.

Trend-ə eksklüziv müsahibəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Baş direktoru Taleh Ziyadov bildirib ki, limanın hazırkı illik yükaşırma gücü 15 milyon ton və 150 min TEU konteyner təşkil edir, ikinci inkişaf mərhələsinin tamamlanmasından sonra isə bu göstəricilər müvafiq olaraq 25 milyon ton və 500 min TEU-ya çatdırılacaq.

"Biz Bakı Limanını yalnız yük qəbulu məntəqəsi deyil, Avropa ilə Asiya arasında inteqrasiya olunmuş logistika və sənaye mərkəzi kimi inkişaf etdiririk. Məqsədimiz Orta Dəhlizin rəqabət qabiliyyətini artırmaq və Azərbaycanın tranzit imkanlarını daha da genişləndirməkdir", - deyə T.Ziyadov Trend-ə bildirib.

O qeyd edib ki, Bakı Limanında rəqəmsal həllərin tətbiqi, yük emalının sürətləndirilməsi və multimodal daşımaların inkişafı tranzit müddətlərinin azalmasına və daşıma səmərəliliyinin yüksəlməsinə imkan yaradır.

Trend-ə müsahibəsində Ələt Azad İqtisadi Zonasının (AFEZ) İdarə Heyətinin sədri Valeh Ələsgərov isə vurğulayıb ki, zona Orta Dəhlizin əsas istehsal və logistika platformalarından biri kimi formalaşdırılır.

"Ələt Azad İqtisadi Zonası investorlar üçün regionun ən rəqabətli biznes mühitlərindən birini təqdim edir. Məqsədimiz Azərbaycanı istehsal, logistika və ixracyönümlü sənaye üzrə regional mərkəzə çevirməkdir. Burada fəaliyyət göstərəcək müəssisələr həm Orta Dəhliz, həm də digər beynəlxalq nəqliyyat marşrutları vasitəsilə yüz milyonlarla istehlakçının yerləşdiyi bazarlara çıxış əldə edəcəklər", - deyə V.Ələsgərov Trend-ə bildirib.

Onun sözlərinə görə, Azad Zonada həyata keçirilən layihələr yalnız tranzit daşımalarını deyil, eyni zamanda yüksək əlavə dəyər yaradan istehsalın inkişafını dəstəkləyəcək və Azərbaycanın beynəlxalq təchizat zəncirlərində rolunu daha da gücləndirəcək.

Beləliklə, nəqliyyat dəhlizləri üzrə yükdaşımalarının həcmi ilə bağlı açıqlanan statistika Azərbaycanın logistika və tranzit mərkəzi kimi mövqeyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən uzunmüddətli strategiyanın nəticələri fonunda xüsusi əhəmiyyət kəsb edir. Bakı Limanının genişləndirilməsi, Ələt Azad İqtisadi Zonasının inkişafı və Orta Dəhliz üzrə beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi yaxın illərdə ölkənin tranzit gəlirlərinin və regional logistikadakı payının daha da artmasına şərait yaradacaq.