Kəlbəcər və Qarabağ bütün türk dünyasının tarixi-mədəni irsidir - Aktoty Raimkulova
Kəlbəcər və Qarabağ bütün türk dünyası üçün böyük dəyər daşıyan tarixi-mədəni irsdir.
Bunu Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktoty Raimkulova Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü çərçivəsində Trend-ə açıqlamasında deyib.
O bildirib ki, diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələrinin Qarabağa səfərləri regionda aparılan genişmiqyaslı bərpa və quruculuq işlərini yerində görmək baxımından mühüm əhəmiyyət daşıyır.
"Biz hər dəfə bu torpaqlara gələndə baş verən dəyişiklikləri görürük. Yeni möhtəşəm tikililər inşa edilir, insanların yaşayışı üçün böyük işlər görülür. Eyni zamanda, işğal illərində zərər görmüş mədəni irsin qorunması və bərpası istiqamətində ciddi səylərin göstərildiyinin şahidi oluruq", - deyə A.Raimkulova bildirib.
Fond prezidenti Qarabağa təxminən yeddinci dəfə səfər etdiyini, Kəlbəcərdə isə ikinci dəfə olduğunu qeyd edib.
O vurğulayıb ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu da Qarabağda mədəni irsin bərpasına töhfə verir:
"Biz Füzulidə XVIII əsrə aid Hacı Ələkbər məscidini bərpa edirik. Bu, çox ciddi layihədir və artıq üç ildir ki, "Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu" MMC ilə birlikdə həyata keçirilir. İşlər yekunlaşmağa yaxınlaşır".
A.Raimkulova Kəlbəcərdə tarixi abidələrin bərpasında görülən işləri yüksək qiymətləndirib. Onun sözlərinə görə, ötən illə müqayisədə abidələrin bərpasında böyük irəliləyiş müşahidə olunur.
"Bir il ərzində nə qədər böyük iş görüldüyünü aydın şəkildə görmək mümkündür. Bərpaçılar həm qorunub saxlanılmış hissələrə, həm də vaxtilə təhrif olunmuş və dırnaqarası "bərpa edilmiş" hissələrə son dərəcə həssas yanaşırlar. İndi abidələr öz orijinal görkəminə qaytarılır. Tarix heç bir saxtakarlığı qəbul etmir. Tarix necə varsa, elə də təqdim olunmalıdır", - o bildirib.
Fond prezidenti qeyd edib ki, aparılan tədqiqat və bərpa işləri tarixi abidələrin müxtəlif dövrlərdə keçdiyi inkişaf mərhələlərini də üzə çıxarmağa imkan verir.
A.Raimkulova Azərbaycan ərazisində yerləşən tarixi-mədəni abidələrin Azərbaycan xalqının sərvəti olduğunu vurğulayıb:
"Azərbaycan torpağında olan hər bir abidə, ilk növbədə, Azərbaycan xalqının sərvəti və mədəni irsidir. Eyni zamanda, bu irs bütün türk dünyasının, bütün türk xalqlarının ümumi mədəni sərvətinin bir hissəsidir. Qazaxıstanda, Özbəkistanda, Qırğızıstanda, Türkiyədə və digər türk dövlətlərində yerləşən abidələr də bizim ortaq maddi və qeyri-maddi mədəni irsimizdir. Biz bunları göz bəbəyi kimi qorumalıyıq".
O əlavə edib ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu bu istiqamətdə sistemli fəaliyyət göstərir. Fond tərəfindən Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illiyi çərçivəsində Ortaq Türk Mədəni İrsi Kataloqu hazırlanıb. Kataloqa yeddi ölkədən ümumilikdə 70 maddi və qeyri-maddi mədəni irs nümunəsi daxil edilib.
"Kəlbəcər və Qarabağ türk dünyası üçün dəyərdir, irsdir, bizim mədəni-tarixi irsimizdir. Bu, həm bu gün, həm də gələcək nəsillər üçün qorumalı olduğumuz torpaqdır. Azərbaycanın bu torpaqlardakı irsin qorunması istiqamətində gördüyü işlərlə qürur duyuram", - deyə A.Raimkulova vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzurda səfərdədirlər.
Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərdən ibarət heyət iştirak edir.
Sentyabrın 11-də diplomatik korpusun nümayəndələri Xankəndi və Şuşa şəhərlərində olublar. Diplomatlar əvvəlcə Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksində aparılan işlərlə tanış olublar. Daha sonra Xankəndi şəhərindəki Mədəniyyət Mərkəzi ziyarət edilib. Diplomatik korpusun nümayəndələri "Zəfər" parkını ziyarət edib, Zəfər tağı qarşısında xatirə şəkil çəkdiriblər. Səfər çərçivəsində, həmçinin Qarabağ Universiteti ilə də tanışlıq olub.
Nümayəndə heyəti Şuşa şəhərində həyata keçirilən bərpa-quruculuq işləri ilə tanış olub, Birinci yaşayış məhəlləsini, Yeni Şuşa məscidinin tikintisini, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini, Cıdır düzünü, Qarabağ küçəsini, "Sadıqcanın evi"ni, Aşağı Gövhər ağa məscidini, Şuşa mərkəzi meydanını, Şuşa Yaradıcılıq Mərkəzini və Üzeyir Hacıbəylinin ev muzeyini ziyarət edib.
Diplomatlar, həmçinin Şuşa Qala divarları önündə xatirə fotosu çəkdirib və Meksika Respublikasının Müstəqillik Günü şərəfinə keçirilən rəsmi qəbulda iştirak ediblər.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре