Azərbaycana peyvəndlər hansı ölkələrdən gətirilir?

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycana dövlət tərəfindən gətirilən peyvəndlər Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən tövsiyə olunan ölkələrdən gətirilir.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Dərman vasitələrinin keyfiyyətinin yoxlanılması laboratoriyasının müdiri Polad Hacıbalayev bu gün keçirilən mətbuat konfransında dövlət müəssisələrində istifadə olunan peyvəndlərin keyfiyyətsiz olması barədə səslənən fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ÜST özü də kütləvi istifadə olunan peyvəndlərə ciddi nəzarət edir:

"Əksəriyyət Hindistandan gətirilən peyvəndlərin pis olduğunu deyir. Düzdür, bəzən aralarında pisləri olsa da, Hindistanın yaxşı peyvənd istehsalçıları var".

P.Hacıbalayev bildirib ki, istifadə olunan peyvəndlər digər dərman preparatları kimi dövlət qeydiyyatından keçirilir və onlara görə 5 illik istifadə üçün qeydiyyat vəsiqəsi verilir:

"Digər dərmanlar kimi peyvəndlər də ölkəyə idxal olunan zaman onların sənədləşməsinə diqqət yetirilir. Onların qablaşdırılması, içlik vərəqəsi də olmalıdır. Peyvənd digər dərman preparatlarından fərqli olaraq bioloji maddədir. Onun əks təsirinin olması üçün bir çox amillər ola bilər. Bunun üçün genetik faktorlar da rol oynaya bilər".

Mərkəzin Dərman vasitələrinin qeydiyyatı-ekspertizası şöbəsinin əməkdaşı Ulduz Eyvazova isə deyib ki, çox zaman valideynlər peyvənddən sonra uşaqlarda yüngül soyuqdəymə əlamətləri gördükdə bundan narahat olurlar:

"Onlar hesab edirlər ki, peyvənd və vaksinlər köhnədir və uşaqlarda bunların əlavə təsirləri yaranıb. Əslində, peyvəndlər uşaqlara ona görə vurulur ki, onlar infeksiyon xəstəlikləri yüngül formada keçirsinlər. Peyvənd vurulduqda uşaq orqanizmində həmin xəstəliklərə qarşı antitellər yaranır. Buna görə də həmin mikrob orqanizmə düşdüyü zaman artıq onun bədənində buna qarşı qoruyucular olacaq. Yəni peyvənddən sonrakı əlamətlər əlavə təsir hesab oluna bilməz, bunların olması normal reaksiyadır".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.