Lələtəpə zəfəri böyük qayıdışın təməli oldu

Day.Az представляет новость на азербайджанском языке

Day.Az "Azərbaycan" qəzetinə istinadən Rəşad Cəfərlinin yazsısını təqdim edir:

Heydər Əliyevin azad etdiyi Cocuq Mərcanlıya İlham Əliyev ikinci həyat bəxş etdi

"Keçən ilin aprel ayında erməni silahlı təxribatının qarşısını alaraq Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirdi. Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının bir hissəsi işğaldan azad edildi. O ərazilərdə Azərbaycan bayrağı dalğalanır. Minlərlə hektar torpaq işğaldan azad edildi. On minlərlə hektar torpağa bu gün Azərbaycan Ordusu nəzarət edir. O torpaqlarda təmizlik işləri aparılır və yaxın gələcəkdə məcburi köçkünlər o ərazilərə qayıdacaqlar".
İlham ƏLİYEV
 
Yolumuz Cocuq Mərcanlıyadır... Ulu öndər Heydər Əliyevin Ali Baş Komandanlığı ilə 1994-cü ilin yanvarında işğaldan azad olunan bu ərazilərdə indi yeni büsat var. Kənd və qəsəbələrdə həyat qaynayır, yazlıq əkin üçün torpaqlar əkilib-becərilir. Elə burada bir daha əmin olursan ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində bütün cəbhəyanı şəhər və kəndlərə yeni nəfəs verilib.
 
Bu kənd bizim kəndimizdir
 
Cocuq Mərcanlıya gedən yolun üzərində yerləşən Horadiz tamamilə dəyişib. Çünki statusuna uyğun tanınmaz dərəcədə dəyişib, gözəlləşib, olduqca abad və modern bir ünvana çevrilib. Horadizdən sonra Füzuli rayonunun Qazaxlar və Mirzənağılı kəndlərindən keçib Cəbrayıla yetişirik. Elə bu kəndlərin arası ilə Cocuq Mərcanlıya qədər çəkilən asfalt yol örtüyü, bütün evlərin qazlaşdırılması, inzibati binalar, abad küçələr bir daha göstərir ki, inkişaf bütün cəbhəyanı bölgələrdə, hətta səngərin cəmi bir neçə yüzmetrliyində belə hiss olunur. 
Mirzənağılıdan sonrakı kənd Cocuq Mərcanlıdır. Ürək dağlayan görkəmi ilə Cocuq Mərcanlı 23 ildir ki, sakinlərinin yolunu gözləyir. O gözəl, cənnətməkan kənddən demək olar ki, əsər-əlamət qalmayıb. Şiddətli döyüşlərin getdiyindən kənd tamamilə dağılıb. Bu günə gəlib çatan evlərin uçulmuş divarları, xarabalıqlardır. Cocuq mərcanlılılar bu 23 ildə öz doğma kəndlərinə qayıtmaq arzusu ilə yaşayıblar. İnanıblar ki, bir gün gələcək və onlar öz evlərinə dönəcəklər. Elə bir kənd sakini yoxdur ki, ildə bir neçə dəfə Cocuq Mərcanlıya baş çəkməsin, kənardan da olsa, öz evinə baxmasın...
Cəbrayılın işğalda olmayan yeganə kəndi Cocuq Mərcanlı Azərbaycan Ordusunun 1994-cü ildə uğurlu hərbi əməliyyatları zamanı azad edilən 22 yaşayış məntəqəsindən biridir. Ulu öndər Heydər Əliyevin qurduğu ordu o zaman Füzulinin bir hissəsini Araz çayı boyu düşməndən təmizləmişdi. Ümummilli lider Heydər Əliyevin döyüş bölgəsinə şəxsən getməsi isə ordudakı ruh yüksəkliyini daha da artırmışdır. Ordumuz 1993-cü ildə işğal olunmuş Cocuq Mərcanlıya qədər irəliləmiş və azad etmişdi. 
Kənd Cəbrayılın rayon mərkəzindən 35 kilometr cənub-şərqdə, Araz çayına yaxın düzənlikdə yerləşir. İşğaldan əvvəl ümumi sahəsi 1605 hektar olub. Bunun 630 hektarını qışlaq, 249 hektarını yaylaq, 368 hektarını isə əkin sahələri təşkil edib. Ümumi 1605 hektar sahənin 1134 hektarı kənd təsərrüfatına yararlıdır. Kəndin yerləşdiyi ərazi evlər və həyətyanı sahələrlə birlikdə 15 hektardır.
İşğala qədər Cocuq Mərcanlıda uçot kitabı üzrə 283 ev təsərrüfatı və 1075 nəfər sakin qeydə alınıb. Kənddə rayonun yerli icra nümayəndəliyi, orta məktəb, klub, kitabxana, feldşer-mama məntəqəsi, poçt fəaliyyət göstərib. Un dəyirmanı, qaramal və qoyunçuluq fermaları, anbar və kolxozun inzibati binası mövcud olub. Sakinlər əsasən üzümçülük, taxılçılıq, heyvandarlıq və baramaçılıqla məşğul olublar. 
2016-cı ilin statistikasına əsasən, kənddə 395 ev təsərrüfatı və 1428 nəfər sakin qeydiyyatdadır. Hazırda Cocuq Mərcanlıdan olan ailələr respublikamızın 17 şəhər və rayonunda məskunlaşıblar. Kənd əhalisinin əksəriyyəti - 172 ailə və ya 635 nəfər kompakt şəkildə Biləsuvar rayonu ərazisində salınmış məcburi köçkün qəsəbələrində məskunlaşıblar.
 
Düşmən təhlükə yarada bilməz
 
Ötən ilin aprel döyüşlərinə qədər Azərbaycan və Ermənistan qoşunlarının təmas xətti kəndin yaxınlığından keçirdi. Mirzənağılıda yaşayış olsa da, düşmənin atəş məsafəsinə çox yaxın olduğundan məcburi köçkünə çevrilmiş Cocuq Mərcanlı kəndinin sakinlərinin qayıdıb burada yaşamaları çox təhlükəli idi. Lakin uğurlu aprel hərbi əməliyyatlarından sonra burada vəziyyət tamamilə dəyişib. 
Həmin vaxt erməni hərbi birləşmələrinin cəbhə xəttindəki təxribatlarının qarşısını rəşadətlə alan Azərbaycan Silahlı Qüvvələrinin bölmələri qısa müddət ərzində düşmənə sarsıdıcı zərbə vurdular. Füzuli və Tərtər istiqamətlərində düşmənin işğal etdiyi torpaqlarımızda möhkəmləndirdiyi ön xətti qoşunlarımız tərəfindən çətinlik çəkilmədən yarıldı, erməni hərbi birləşmələri geri otuzduruldu. Beləliklə, Ermənistanın bu təxribatı öz başında çatladı. İrəliləyən Azərbaycan əsgəri işğal altında olan bir neçə yaşayış məntəqəsini və strateji əhəmiyyətli yüksəklikləri düşməndən təmizlədi, 2 min hektar ərazi işğaldan azad olundu. On minlərlə hektar torpaqlarımıza nəzarət təmin edildi. 
Azad edilən strateji əhəmiyyətli mövqelərdən biri də Cocuq Mərcanlı yaxınlığındakı Lələtəpə yüksəkliyidir. Hansı ki məhz bu yüksəklikdəki mövqedən ermənilər Cocuq Mərcanlı istiqamətində təhlükə yaradırdılar. Amma indi bu təhlükə aradan qaldırılıb. Çünki Lələtəpədə Azərbaycan Bayrağı sancılıb. Lələtəpə ərazisində əməliyyat şəraiti ilə tanışlıq zamanı Prezident, Ali Baş Komandan İlham Əliyev haqlı olaraq Lələtəpə əməliyyatını qəhrəmanlıq rəmzi adlandırıb: "Lələtəpə əməliyyatı bizim qəhrəmanlıq rəmzimizdir. Lələtəpə tarixə düşdü. Əgər erməni silahlı qüvvələri aprel döyüşlərindən düzgün nəticə çıxarmasalar, gələcəkdə Lələtəpə əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar olacaqdır. Ermənistanın siyasi rəhbərliyi, nəhayət, dərk etməlidir ki, işğalçılıq hərəkətləri onları uçuruma aparır. Azərbaycan gündən-günə güclənir, möhkəmlənir. Bizim güclü potensialımız və güclü ordumuz var. Biz ordumuzla, əsgər və zabitlərimizlə, sizinlə - bax, burada düşmənlə üz-üzə dayanan oğullarımızla fəxr edirik. Sizə eşq olsun! Azərbaycan inkişaf edəcək və biz ərazi bütövlüyümüzü bərpa edəcəyik!"
Bəli, Azərbaycan xalqı öz ərazi bütövlüyünü mütləq bərpa edəcək. Ötən ilin aprel döyüşləri də göstərdi ki, bunun üçün kifayət qədər gücümüz və imkanımız var. Ən əsası Azərbaycan xalqı öz ərazisini işğaldan azad etmək üçün daim hazır və səfərbərdir. Cocuq Mərcanlı üçün isə düşmən bundan sonra təhlükə yarada bilməz. Çünki əvvəlki mövqelərdən çox geri otuzdurulub və güclü Azərbaycan Ordusu qarşısında bundan sonra da geri çəkilməyə məcburdur.
 
Sakinlərin öz evlərinə qayıtmasına imkan yaranıb
 
Aprel qələbəsindən sonra qarşıda duran ilk vəzifələrdən biri azad edilmiş ərazilərdə müdafiənin möhkəmləndirilməsi, ermənilərin kəndləri atəşə tutması nəticəsində dağılmış evlərin və təsərrüfatların bərpası idi. O vaxtdan heç bir il ötməyib, lakin dəymiş zərər aradan qaldırılıb.
Eyni zamanda Füzuli istiqamətində aparılan uğurlu hərbi əməliyyat və Lələtəpə yüksəkliyinin ələ keçirilməsi nəticəsində Cocuq Mərcanlının bərpasına, buradan məcburi köçkün düşmüş sakinlərin öz evlərinə qayıtmasına imkan yaranıb. Bununla əlaqədar Prezident 
İlham Əliyev yanvarın 24-də "İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb. Sərəncamda deyilir: "Ötən ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olmuşdur. Bununla da, tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranmışdır".
Sərəncama əsasən Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün 2017-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılıb.
Cocuq Mərcanlıya səfərimizin məqsədi də kəndin bərpası ilə bağlı görülən işlərlə yerində tanış olmaq idi. Kəndin dağılıb-uçulmuş evləri ürəyimizi göynətsə də, bizi müharibə illərinə qaytarsa da, buraya ayaq basar-basmaz insanı başqa hisslər də bürüyür. Bu, qələbədən doğan qürur hissidir. Çünki indi bu torpaqlarda biz ürək dolusu ilə, tamamilə təhlükəsiz hərəkət edə bilərik. Əvvəlki kimi düşmən gülləsinə tuş gəlmək qorxusu yoxdur.
 
Cocuq Mərcanlını tərk etməyən ailə
 
Əvvəllər kənddə yaşamağın təhlükəli olmasına baxmayaraq, Həziyevlər ailəsi 1994-cü ilin yanvarından sonra geri qayıdıblar. Hazırda ailə 7 nəfərdən ibarətdir - 80 yaşlı ana, onun iki oğlu və nəvələri. Vaxtilə yaşadıqları ev tərəfdə Azərbaycan Ordusunun mövqelərindən bir qədər aralıda çox çətinliklə də olsa, balaca bir ev tikiblər. Düşmən gülləsindən qorunmaq üçün evin arxası təmas xəttinə tərəf inşa olunub. 
Kəndlə tanışlıqdan sonra Cocuq Mərcanlıda yaşayan bu yeganə ailə ilə görüşdük. Cocuq Mərcanlıya gəlib bu ailəni görməmək ən azından səfərimizin yarımçıq olması demək idi. Çətin şəraitdə məskunlaşmalarına baxmayaraq, Həziyevlərin süfrəsi qonaq üzünə həmişə açıqdır. Qorxmadan, çəkinmədən, düşmənlə üz-üzə mətinliklə dayanan bu ailənin həyatı hər kəs üçün örnəkdir.
Ailənin başçısı 50 yaşlı Oqtay Həziyev deyir ki, kənd işğal ediləndən sonra müvəqqəti olaraq başqa yerlərdə məskunlaşmışdılar. Amma ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə aparılan uğurlu Horadiz əməliyyatından sonra işğaldan azad olunmuş doğma kəndlərinə qayıdıblar. "Kənd işğal olunan vaxt hamı buranı tərk etdi. Mən başqa yerdə duruş gətirə bilmədim. Nə qədər xoş münasibət olsa belə, kəndimizdən kənarda yaşamaq çətin idi. Sanki həyat mənim üçün bitmişdi, üzüm gülmürdü. Bəlkə də zamanla keçəcəkdi. Allah rəhmət eləsin ulu öndər Heydər Əliyevə, onun rəhbərliyi ilə 1994-cü ilin yanvar ayında Horadizdən bu yana bir neçə kəndi ordumuz geri qaytardı, o cümlədən Cocuq Mərcanlını. Elə o vaxtdan da ailəliklə qayıtdıq kəndimizə. Burada yaşamaq olduqca təhlükəli idi. Hər an düşmənin snayperinə tuş gələ bilərdin. Heç nəyə baxmayaraq, biz burada yaşadıq və bundan böyük qürur hissi keçiririk. İnsan üçün öz torpağında yaşamaqdan və ölməkdən yaxşı nə ola bilər ki?!" - deyə O.Həziyev bildirir.
Bu illərdə Həziyevlər ailəsi təsərrüfatla məşğul olub. Hazırda ailə mal-qara, 300-ə qədər toyuq-cücə, həmçinin arı saxlayır, taxıl, arpa, yonca və bostan bitkiləri əkirlər. Söhbət zamanı məlum olur ki, ailənin uşaqları orta məktəbə qonşu Mirzənağılı kəndinə gediblər. Elə evin işığı, qazı, suyu da Mirzənağılıdan çəkilib. Mirzənağılılılar da Həziyevlər ailəsinə həmişə diqqət göstəriblər. Hətta Oqtayın evinin işığı sönən kimi dərhal narahat olublar ki, görəsən, nə oldu.
 
İlham Əliyev Cocuq Mərcanlını daha abad edəcək
 

Ötən ilin aprelində elə düz Həziyevlərin evinin bir neçə yüzmetrliyində hərbi əməliyyatlar başlayıb. O.Həziyev deyir ki, həmin vaxt bir neçə mərmi evin kənarına düşsə də, kəndi tərk etmək ağıllarından belə keçməyib: "İndi başında İlham Əliyev duran güclü ordumuz var. Orduya güvənib 23 ildir burada belə bir şəraitdə yaşayırıq. Apreldəki döyüşlər vaxtı ermənilərin mövqeləri darmadağın edildi və əsgərlərimiz xeyli irəlilədi. Amma kaş hərbi əməliyyatlar dayandırılmazdı. Lələtəpə yüksəkliyi işğaldan azad olunandan sonra bizim üçün təhlükəsizdir. Aprel döyüşlərindən sonra dövlət başçısının Lələtəpə yüksəkliyinə gəlməsi isə bizə daha böyük ruh yüksəkliyi verdi".
O.Həziyevin 80 yaşlı anası Minarə Hakıyeva da kənd işğaldan azad olunan kimi, oğlu ilə birgə geri qayıdıb. Gününü nəticələri ilə keçirən bu ağbirçək qadının da həyat yolu bir vətənpərvərlik örnəyidir, düşmənə göz dağıdır. "Ay oğlum, öz torpağında yaşamaq başqa şeydi. Allah rəhmət eləsin Heydər Əliyevə, onun sayəsində qayıtdıq öz kəndimizə. Allah 
İlham Əliyevə cansağlığı versin. İndi kəndimizə pul ayırıb, camaat da köçüb gələcək evinə-eşiyinə. Bu xəbəri eşidəndən evimizdə bayram bayrama qarışıb, uşaqlı-böyüklü hamımız qohum-əqrəbanın qayıtmağını gözləyirik. Bala, nə qədər tək yaşamaq olar? İnşallah, kəndimizin sakinlərinin hamısı qayıdıb gələr, yenə də camaatımız əvvəlki kimi bir yerdə olar" - deyə Minarə nənə bildirir.
Anasının söhbətinə müdaxilə edən O.Həziyev də bildirir ki, Prezidentin Cocuq Mərcanlının yenidən qurulması ilə bağlı sərəncamı kənd sakinlərinin ürəyindən xəbər verib. Bu günlərdə bütün tanış-bilişlər, qohumlar zəngləşərək bir-birini təbrik edir, gözaydınlığı verir. Bu barədə danışan O.Həziyev dedi ki, o vaxt Heydər Əliyev Cocuq Mərcanlını azad etdi, İlham Əliyev isə sərəncamı ilə kəndimizə ikinci həyat verdi.
 
İlkin mərhələdə 50 ev tikiləcək
 
Bu günlərdə kəndə gəlib-gedən çox olduğundan Həziyevlərin evi də qonaq-qaralıdı. Cocuq Mərcanlıda olduğumuz vaxt Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov da kəndin bərpası ilə bağlı görüləcək işlərlə əlaqədar bura gəlmişdi. Onu uzaqdan görən Oqtay Həziyev deyir ki, təyin olunduğu günün səhərisi Cocuq Mərcanlıya gələn yeni icra başçısı fəaliyyətinə birbaşa Cəbrayılın ərazisindən başlayıb. Cəbrayıl İcra Hakimiyyətinin inzibati binası Biləsuvardakı məcburi köçkün şəhərciyində yerləşsə də, Prezidentin sərəncamından sonra demək olar ki, iki gündən bir görüləcək işlərlə əlaqədar kəndə gəlir.
Həziyevlərin evi isə bu günlər həm də qərargaha çevrilib. Çünki kəndə gələn bütün dövlət rəsmiləri, rəhbər şəxslər mütləq bu evə baş çəkir, müzakirələrini burada aparırlar. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Baş nazirin müavini Əli Həsənov da ötən ilin noyabrında Cocuq Mərcanlıya səfər edərkən Həziyevlərin ailəsinə baş çəkib.
Elə Kamal Həsənovla da bu ailənin həyətində söhbətləşdik. Kəndin bərpası ilə bağlı Prezident İlham Əliyevin sərəncamının Cocuq Mərcanlı sakinlərinin sevincinə səbəb olduğunu bildirən icra başçısı dedi ki, bu, həm də böyük qayıdışın başlanğıcıdır: "Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncam ölkə ictimaiyyəti, xüsusən Cəbrayıl sakinləri tərəfindən böyük sevinc və rəğbətlə qarşılanır. Dövlət başçısına minnətdarlıq məktublarını ünvanlayan cəbrayıllılar bu sərəncamı işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın başlanğıcı kimi qiymətləndirirlər. Çünki bu qərar işğal edilmiş torpaqlarımıza böyük qayıdışın ilk müjdəsidir. Cocuq Mərcanlı kəndinin bərpası həm də bütün məcburi köçkünlərin doğma yurda qayıtmaq inamlarını daha da artırır. Biz bir daha əmin olduq ki, işğal altında olan torpaqlarımız Prezident İlham Əliyevin rəhbərliyi ilə nəyin bahasına olursa-olsun, tezliklə azad ediləcək".
Məlum olduğu kimi, Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin inşası nəzərdə tutulur. Amma Kamal Həsənov deyir ki, cəmi bir neçə gün ərzində bununla bağlı Cəbrayıl Rayon İcra Hakimiyyətinə 200-ə yaxın müraciət daxil olub. Bu onu göstərir ki, Cocuq Mərcanlı sakinlərinin ən böyük arzusu doğma kəndlərinə qayıtmaqdır. Mərhələlərlə kənddə bütün ailələr üçün ev tikiləcək.
Cocuq Mərcanlının yenidən qurulmasının layihələndirilməsi ilə əlaqədar kəndə gələn Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Tikinti və Təmir şöbəsinin müdiri Ələddin Məmmədov da bildirdi ki, ilkin mərhələdə inşası nəzərdə tutulan 50 ev 10 hektar sahədə tikiləcək. Hazırda işlər layihələndirmə mərhələsindədir. Bütün tədbirlər vaxtında yerinə yetirilsə, Cocuq Mərcanlı kəndinin yenidən qurulmasının birinci mərhələsini payıza qədər başa çatdırmaq mümkündür. Yəni o vaxta qədər 50 ev və digər infrastruktur obyektləri inşa olunacaq.
Cocuq Mərcanlıdan reportaj hazırlayarkən Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin Mirzənağılı kəndində səyyar görüşü planlaşdırılmışdı. Mirzənağılıdan əvvəl Cocuq Mərcanlıya gələn Alı Alıyev də Həziyevlər ailəsi ilə görüşdü, onların problemləri ilə maraqlandı. Onun sözlərinə görə, Cəbrayıl rayonunun tabeliyində olsalar da, bu ailənin yaşayışı, şəraiti daim Füzuli Rayon İcra Hakimiyyətinin rəhbərliyinin diqqət mərkəzində olub. Füzuli RİH başçısı Alı Alıyev qeyd etdi ki, Cocuq Mərcanlının bərpası ilə əlaqədar onlar da əllərindən gələni etməyə hazırdırlar. 
Cocuq Mərcanlının yenidən qurulması ilə bağlı bütün maliyyə vəsaiti dövlət tərəfindən ayrılacaq. Lakin qürur hissi ilə deməliyik ki, artıq ayrı-ayrı adamlar, özəl şirkətlər də kəndin bərpası üçün əllərindən gələni etməyə hazır olduqlarını bildirirlər. Məsələn, bu günlərdə Cəbrayıl RİH başçısına zəng edən bir nəfər kəndin bərpası üçün tikinti materialları göndərmək istədiyini deyib. Bütün bunlar həm də ondan xəbər verir ki, bu gün hər kəs Prezident İlham Əliyevin xoş məramına dəstək verməyi özünün mənəvi borcu hesab edir.
Cocuq Mərcanlının yenidən qurulması layihəsinin icrası artıq başlamaq üzrədir. Bir neçə aydan sonra biz bu ərazidə salınan yeni və yaraşıqlı kənd görəcəyik. Azərbaycan Prezidentinin sərəncamı ilə Cocuq Mərcanlının bərpa olunması isə işğalçı Ermənistan hakimiyyətinə gözdağı olacaq. Çünki düşmən də gözəl bilir ki, Azərbaycan dövlətinin məqsədləri daha böyükdür. 

Bu gün Cocuq Mərcanlı bərpa olunursa, deməli, sabah Ağdam, Şuşa, Xocalı yenidən qurulacaq!

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.