Tahir Salahov: zəngin mədəniyyətimizin fəal təbliğatçısı

Day.Az представляет статью на азербайджанском языке.

Azərbaycan diasporunun formalaşması və inkişaf etdirilməsində zaman-zaman müxtəlif xarici ölkələrdə yaşamış tanınmış şəxsiyyətlər, mədəniyyət nümayəndələrinin də müstəsna rolu olub. Həmin şəxsiyyətlər fəaliyyət göstərdikləri sahələr üzrə Azərbaycanın təbliği prosesində yaxından iştirak ediblər. Belə şəxsiyyətlərdən biri də Tahir Salahovdur. Tahir Salahov1928-ci il noyabr ayının 29-da Bakı şəhərində anadan olmuşdur. O, 1957-ci ildə V.İ.Surikov adına Moskva Dövlət İncəsənət İnstitutunu rəssam-nəqqaş peşəsi üzrə bitirmişdir. 1960-1961-ci illərdə Azərbaycan Rəssamlar Birliyində məsul katib vəzifəsində, sonra dosent vəzifəsini yerinə yetirən müəllim olaraq çalışmış, 1963-74-cü illərdə isə M.Ə.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunda professor kimi fəaliyyət göstərmişdir. Sənətkar 20 il Rəssamlıq Atelyesinin rəhbəri olmuş, 1980-1992-ci illərdə V.İ.Surikovadına Moskva Dövlət Rəssamlıq İnstitutunun rəssamlıq və kompozisiya kafedrasını idarə etmişdir. Çoxillik pedaqoji fəaliyyətində Azərbaycan İncəsənət İnstitutu, eləcə də V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutunda gənc rəssamlar yetişdirmişdir. Onu müasir Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi adlandırmaq daha düzgün olardı. Sevənləri, hər kəs onu realist rəssam kimi tanıyır.

Hazırda Moskvada yaşayan sənətkar Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinin ən fəal məzunlarından biri olmuşdur. Təxminən 50 il öncə sənətkarın Ümumittifaq Rəssamlıq Sərgisində nümayiş etdirilən iki əsəri -"Bəstəkar Qara Qarayevin Portreti" və "Təmirçilər" zamanında yüksək dəyərini almışdır. Bu qiymət həm də Tretyakov qalereyasının ziyarətçisi olanların bəstəkarın portreti qarşısında ayaq saxlayıb uzun müddət rəsmi heyranlıqla seyr etməsidir. Tahir Salahov təkcə Rusiya deyil, eləcə də bütün dünyada Azərbaycan rəssamlıq sənətinin fəal təbliğatçısıdır. Sənətkarın fırçasının məhsulları olan "Səhər eşelonu" və "Rezervuar parkı" adlı sənaye peyzajları, "Abşeron qadınları" və "Aydan" tabloları, əsrin taleyinə görə məsuliyyət daşıyan insanın fəlsəfi portreti adlandırılan bəstəkar Dmitri Şostakoviçin, şair Rəsul Rzanın, bəstəkar Fikrət Əmirovun portretləri də istər peşəkarlar, istərsə də sənətsevərlər tərəfindən böyük maraqla qarşılanmışdır. 2008-ci ildə rəssamın doğma diyara həsr etdiyi bir neçə əsərinin reproduksiyaları buraxılan iki təqvimə də daxil edilmişdir. Söhbət "Köhnə Bakı", "Səhər ovu", "Nardaran qarpızları",eləcə də Abşeron triptixi - "Atəşgah", "Xəzər bu gün" və "Qız Qalası"əsərlərindən gedir.

Tahir Salahovun son illərə aid işlərinə gəlincə, sənətkarın yaradıcılığında ayrıca bir dövr təşkil edən bu əsərlər onun portretlər qalereyasını daha da zənginləşdirib.Tahir Salahovun şah əsərlərindən biri müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli lider Heydər Əliyevin portretidir. İkinci əsər isə dünya şöhrətli həmyerlimiz Mstislav Rostropoviçin monumental portretidir. Sənətinə dövlət qayğısı göstərilən bu böyük sənətkar saysız-hesabsız mükafatlar almışdır. 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Tahir Salahovun 80 illik yubileyi dövlət səviyyəsində qeyd edilmişdir. Fırça ustası Sovet İttifaqının ən yüksək təltifləri və ordenlərinə layiq görülmüş, Sosialist əməyi qəhrəmanı adını almışdır. Rusiyanın "Vətən qarşısında xidmətlərinə görə" ikinci və üçüncü dərəcəli ordenlərinə, müstəqil vətənimiz Azərbaycanın ali mükafatı olan "İstiqlal" ordeninə, Bolqarıstan, Polşa, Monqolustan və başqa ölkələrin ordenlərinə, müxtəlif medallara və mükafatlara layiq görülmüşdür. Rusiyanın və MDB-nin bir çox ölkələrinin rəssamlıq akademiyaları ilə yanaşı, Madriddəki San-Fernando Kral İncəsənət Akademiyasının və Fransa Zərif Sənətlər Akademiyasının müxbir üzvüdür.

Bundan başqa, Ölməzlər Akademiyası adlanan Fransa Zərif Sənətlər Akademiyasına SSRİ dən cəmi üç nəfər üzv seçilib ki, onlardan biri də həmyerlimiz Tahir Salahovdur. O, həm də Amerika Birləşmiş Ştatlarının bir neçə şəhərinin və Montana ştatının fəxri vətəndaşıdır. Azərbaycan Rəssamlıq Akademiyasında bakalavrlar və magistrlər buraxılışı üzrə dövlət komissiyasına sədrlik edir. Ulu öndər Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi üzrə Dövlət Komissiyasının, Heydər Əliyev Mükafatı Komissiyasının üzvüdür. Azərbaycan Ensiklopediyasının redaksiya heyətinə də daxildir.

Moskvada isə Rusiya Federal Məclisi Federasiya Şurasının sədri yanında Mədəniyyət Şurasının üzvü seçilmişdir. Bakıda yaşadığı dövrdə isə Azərbaycan Rəssamlar İttifaqının sədri, respublika Ali Sovetinin deputatı, 1973-cü ildə SSRİ Rəssamlar İttifaqının birinci katibi seçilmişdir. T.Salahov eləcə də YUNESKO-nun nəzdində Millətlərarası Rəssamlar Federasiyasının vitse-prezidenti, 1997-ci ildə Rusiya İncəsənət Akademiyasının vitse-prezidenti seçilmişdir. Elə buna görə də, çox zaman onu "incəsənətin səlahiyyətli səfiri" də adlandırırlar. Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, SSRİ Xalq rəssamı kimi yüksək adlara və mükafatlara layiq görülmüşdür. Sənətkarın bacarıqlı əllərinin məhsulu olan əsərləri dünyanın mötəbər muzeylərində və qalereyalarında, şəxsi kolleksiyalarda saxlanılır. 2008-ci ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Sərəncamı ilə "Heydər Əliyev" ordeni ilə təltif edilmişdir. 2011-ci ildə Avropa Elm və İncəsənət Akademiyasının incəsənət bölməsi üzrə həqiqi üzvü seçilmişdir.

Olaylar.az