Nəsimi Festivalının Təşkilat Komitəsi Azərbaycan Prezidentinə təşəkkür etdi

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Nəsimi-şeir, incəsənət və mənəviyyat Festivalının Təşkilat Komitəsi Azərbaycan Prezidenti İlham Əliyevə festivalın dövlət səviyyəsində, eyni zamanda beynəlxalq səviyyədə layiqincə qeyd edilməsinə göstərdiyi dəstəyə görə təşəkkür edib.

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına əsasən və bir çox hallarda onun şəxsi təşəbbüsü ilə ölkəmizdə baş tutan, xoş niyyətlərə xidmət edən, sülhsevər insanları, xalqları birləşdirən bütün mötəbər beynəlxalq tədbirlər kimi, Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı da bəşəri dəyərlərin təbliğinə, xalqlar arasında qarşılıqlı anlaşmaya, sivilizasiyalararası dialoqun və mədəni-mənəvi inteqrasiyanın inkişafına xidmət edir. "Festivalın dövlət səviyyəsində, hətta deyərdim ki, beynəlxalq səviyyədə layiqincə qeyd edilməsinə zəmin yaratmış Azərbaycan Respublikasında 2019-cu ilin "Nəsimi ili" elan edilməsi və şairin 650 illik yubileyinin qeyd edilməsi qərarlarına görə Təşkilat Komitəsi adından Azərbaycan Prezidenti cənab İlham Əliyevə sonsuz minnətdarlığımızı bildirirəm. Məhz bu qərarlar sayəsində zəngin Nəsimi irsinin vurğunu olan insanları, ədəbiyyat- və sənətsevərləri bir araya gətirmək, onun yaradıcılığına dair maraqlı fikir mübadiləsi aparmaq, iştirakçı və qonaqlarda bayram əhval-ruhiyyəsi yaratmaq mümkün oldu",-deyə Anar Ələkbərov bildirib.

Onun sözlərinə görə, ölkəmiz növbəti dəfə möhtəşəm bir tədbirə - ikinci Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalına ev sahibliyi edərək dörd gün ərzində Bakıda və Nəsiminin doğma diyarı Şamaxıda keçirilən bir-birindən maraqlı, yaddaqalan tədbirlərlə festival iştirakçılarına böyük şairin zəngin irsi ilə yaxından tanışlığa zəmin yaratdı. "Festival proqramının rəngarəngliyini təmin etmək məqsədilə tədbirlərin keçirilməsi üçün 50-dən çox tarixi-mədəni məkan seçilmişdi. Bütün bu məkanların hər birində tamaşaçı axını azalmırdı. Festival vətəndaşlarımıza ədəbiyyata, mədəniyyət və incəsənətə marağın aşılanmasına, milli mənəvi dəyərlərimizin qorunub saxlanılması və tanıdılmasına xidmət etməklə yanaşı, ölkəmizə dünyanın bir çox ölkəsindən gəlmiş çoxsaylı insanlara Azərbaycanı daha yaxından tanımağa kömək etdi. Bakımızın tarixi və mədəniyyət abidələrini ziyarət edən, Qərb və Şərq memarlığının ahəngdar şəkildə birləşdiyi küçələrini gəzən qonaqlar paytaxtımızın gözəlliyini, xalqımızın mehribanlığını və qonaqpərvərliyini əyani şəkildə gördülər".

 

Anar Ələkbərovun sözlərinə görə, işçi qrupunun fəaliyyətə başladığı ilk gündən layihəyə cəlb olunmuş hər kəsdə ruh yüksəkliyi, festivalın uğurla keçəcəyinə inam və əminlik var idi. "Məqsəd isə cəmiyyətdə milli mənəvi dəyərlərə, ədəbiyyata, Nəsimi yaradıcılığına maraq aşılamaqla yanaşı, festivala təşrif buyuran hər kəsə qədim mədəniyyətimizi, Azərbaycan xalqına xas olan tolerantlıq, dözümlülük, dostluq, sülhsevərlik və qonaqpərvərliyi göstərmək idi. Festivalın bütün qonaqları qeyd edirdilər ki, düşdükləri ab-hava, yaradıcı mühit onları heyran edib.

Bu işdə əməyi keçən hər kəsə - alimlərə, ziyalılarımıza, yaradıcı insanlara - şair, yazıçı, rəssam, aktyorlara, texniki heyətə, festivalın işıqlandırılmasında dəstək göstərən kütləvi informasiya vasitələrinin nümayəndələrinə və əlbəttə ki, fədakarcasına çalışan çoxsaylı könüllülərə təşəkkürümüzü bildiririk. Amma təbii ki, bütün müsbət nəticələrin əldə olunması, festivalın uğurla keçməsi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın dəstəyi, diqqət və qayğısı, hər bir məsələyə həssaslıqla yanaşması, ortaya çıxan problemlərin aradan qaldırılmasına və ümumiyyətlə bütün proseslərə bilavasitə nəzarət etməsi sayəsində mümkün oldu. İnanırıq ki, dahi şairin xatirəsinə dərin ehtiramın ifadəsi olaraq həyata keçirilən Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı zəngin ədəbi irsimizin qorunub saxlanılması və təbliğinə öz töhfəsini verəcək və ayrı-ayrı xalqlarla ədəbi əlaqələrin daha da genişləndirilməsinə və bu sahədə səmərəli əməkdaşlığa yeni imkanlar açacaq"-deyə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov bildirib.

Nəsimi Festivalının koordinatoru Cahangir Səlimxanov isə artıq ikinci ildir həyata keçirilən layihənin beynəlxalq müstəvidə mənəviyyat mövzusunda gedən müzakirələr üçün əlverişli platformaya çevrilməkdə olduğunu bildirib.

"Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşan Nəsimi Festivalı unikal konsepsiyaya malik çoxəhatəli mədəni layihə kimi ərsəyə gəlib. Burada Nəsimi yaradıcılığı ilə yanaşı, həm də onun misralarındakı mənəviyyat, dərin düşüncə mövzuları  müxtəlif yollarla təbliğ və müzakirə edilir. "Festivalın proqramında məna dərinliyi və ənənəyə söykənən eksperimental yanaşmalara yol verilməsi üçün işçi qrupa etimad və verilən yaradıcı sərbəstlik isə bizi həqiqətən həvəsləndirdi"-deyə Cahangir Səlimxanov qeyd edib. 

Festivalın könüllülərlə iz üzrə koordinatoru Əsmər Abdullayeva isə builki festivalda müxtəlif ali təhsil müəssisələrinin tələbələri də daxil olmaqla  60-a yaxın gəncin könüllü kimi fəaliyyət göstərdiyini bildirib.

"Könüllülərimiz festivalın təşkilinə yaxından dəstək göstərməklə yanaşı, eyni zamanda müəyyən iş bacarıqlarına yiyələnmək, mədəniyyət sahəsində yeni məlumatlar əldə etmək, gözəl məkanlarda olmaq, maraqlı insanlarla ünsiyyət qurmaq, yeni dostlar əldə etmək imkanı qazandılar. Bu baxımdan gənclərimiz üçün yaradılmış bu imkana görə təşəkkür etmək istərdim",- deyə Əsmər Abdullayeva bildirib.

Qeyd edək ki, Nəsimi-şeir, incəsənət və mənəviyyat Festivalı sentyabrın 28-dən oktyabrın 1-dək Bakı və Şamaxı şəhərlərində keçirilib. Festival 2018-ci ildən təşkil olunur. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.