Rafiq Quliyev: "Bu mənada indi kasıb dövrü yaşayırıq" - FOTO

Day.Az представляет интервью на азербайджанском языке.

Azərbaycan Kinooperatorlar Gildiyasının sədri, əməkdar incəsənət xadimi Rafiq Quliyevin Milli.Az-a müsahibəsi

Dosye: Kinooperator, kinorejissor, ssenari müəllifi Rafiq Səfər oğlu Quliyev 27 fevral 1957-ci ildə Bakı şəhərində anadan olub. 1975-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir. 1981-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu, 1987- ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinooperatorluq fakültəsini fərqlənmə diplomu ilə bitirib.

Rejissor M.Kosırev-Nesterovla çəkdiyi "Gənc Mixailin görüntüsü" adlı diplom filmi xüsusi diqqət çəkərək Monreal film festivalında "Ən yaxşı film" və "Ən yaxşı fantaziya" mükafatlarına layiq görülüb və festival rəhbərliyi tərəfindən "Tələbə Filmlərinin Ümumdünya Proqramı"na salınaraq London, Berlin, Rimini, eləcə də digər film festivallarında nümayiş etdirilib. Bu uğurlu tandem M.Kosırev-Nesterovun müstəqil filmi olan "Cığır" filmində də davam etdirilib. "Cığır" Suzdal kinoforumunda və Moskva Beynəlxalq Kinofestivalının debüt proqramında uğurla iştirak edib.

R.Quliyev 1991-ci ildən bədii filmlərin ali dərəcəli quruluşçu operatorudur. Kinostudiyada çalışmaqla yanaşı, 1999-2001-ci illərdə Türkiyənin STV kanalının Azərbaycan təmsilçiliyində televiziya rəhbəri vəzifəsində çalışıb və Azərbaycanla bağlı həqiqətləri dünyaya çatdıran "Xəzərdən dünyaya" verilişinin Asiya və Avropa ölkələrinə yayımını təşkil edib.

2001-ci ildə "Lider" televiziyasında "Azərbaycan" redaksiyasını yaradıb və 2001-2004-cü illər ərzində tariximizin qürur doğuracaq müxtəlif hadisələri və şəxsiyyətləri haqqında 237 televiziya filminin ərsəyə gəlməsinə rəhbərlik edib.

1997-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino rejissoru və operator sənəti kafedrasında pedaqoji fəaliyyətlə məşğuldur. Sənətşünaslıq üzrə fəlsəfə doktoru olan R.Quliyev onlarla elmi məqalənin, tədris proqramı və metodik göstərişin, dərs vəsaiti və dərsliyin müəllifidir. 2005-ci ildə əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.

R.Quliyevin filmoqrafiyasını "Ağ rəngin simfoniyası", "Ali sevgi", "Azadlığa gedən yollar", "Bombardman", "Azərbaycan kapriççiosu","Bütün qadağaların fövqündə", "Cin mikrorayonda", "Çölçü", "Dənizin prelüdiyası", "Fransız", "Fövqəldünya və ya qəsdsiz məntiqi səhv", "Girov", "Göy rəngin melodiyası", "Günaydın, mələyim!", "İlham Əliyev. Yeni neftin strategiyası", "Ölüm növbəsi", "Səttar Bəhlulzadə", "Uzaq sahillərin əfsanəsi", "Yaşıl rəngin qamması" kimi onlarla maraqlı ekran əsərləri təşkil edir.

Operatorluq sənətimizin bu günü ilə bağlı Rafiq müəllimlə söhbətləşmək qərarına gələndə məlum oldu ki, onun və həmkarlarının təşəbbüsü ilə bu ilin martında Kinooperatorlar Gildiyası yaradılıb və hazırda yeni qurumun sənədləri Ədliyyə Nazirliyində qeydiyyata alınmaq üçün nəzərdən keçirilir. Beləliklə, müsahibə əlavə aktuallıq çaları qazanmış oldu.

Rafiq Quliyev:

- Çox adam operator sənətinin mahiyyətini dərk eləmir. Bu yaxınlarda bir monoqrafiyada operator sənətinin poeziya ilə yaxınlığı barədə fikirlə rastlaşdım. Bu, doğrudan da, belədi. Kinonun mövcudluğunu operator sənəti olmadan təsəvvür etmək mümkün deyil. Çünki kino təsvir sənətidi. Təsviri isə operator təmin edir. Bu sənəti öyrəndikcə öyrənmək olar. Plastik sənət növlərinin tarixinə və bu gününə mütləq bələd olmaq lazımdı. Bunları öyrənmədən, heykəltəraşlığın, rəssamlığın niyə yarandığı ilə maraqlanmadan operator olmaq mümkün deyil. Bu sənətlər insanın zamanla, ölümlə mübarizəsindən, insanın özünü daim yaşatmaq arzusundan doğub. Bütün bunlar insanın psixofiziologiyası ilə bağlı olan mətləblərdi. Paralel olaraq zahiri təsvirlə bərabər gerçəkliyin inikasıdı. Vaxt keçdikcə insanı düşündürən art-hauslar meydana gəldi. Və beləliklə operator sənəti insan hisslərinin mühəndisinə çevrildi.

- Azərbaycan operator sənəti bu dövrü özündə necə ehtiva etdi?

- Azərbaycan kinosunun yüksəliş dövrü ötən əsrin 70-ci illərinə aiddir. Bu, bütün keçmiş sosialist ölkələrinin kinematoqrafiyasında müşahidə olunurdu. Kino müəllifləri öz audiovizual hisslərini tamaşaçılarla bölüşməyə başlamışdılar. O filmlər həm zamanın tələbindən irəli gəlirdi, həm də müəllif kinosunun yarandığını göstərirdi. Xutsiyev, Çuxray, Tarkovski, Klimov kimi rejissorlar öz art-hausları ilə tamaşaçıları düşündürməyə nail olurdular. Artıq yeni kinomanlar nəsli yetişdi. Sonrakı qeyri-müəyyənlik dövründə bu keyfiyyət tədricən itməyə başladı.

Bütün postsovet ölkələri kimi Azərbaycan da bu sahədə özünü bərpa etmək ərəfəsindədi. Hətta deyərdim ki, biz o ərəfənin hələlik yalnız birinci mərhələsindəyik. Zəngin təsvir üslublarından çox uzaqlaşmışıq. Hələ yalnız ənənələri çatdırmalıyıq. Və sizə deyim ki, çox istedadlı, bacarıqlı tələbələrimiz az deyil. Stalin dövründə belə bir şüar geniş yayılmışdı: "Kadrlar hər şeyi həll edir". Mükəmməl ekran əsəri üçün münbit zəmin lazımdı. Münbit zəmin isə yaxşı kadrlar deməkdi. Buna görə də gələcək kinematoqrafçılar həm akademik universitet keçməlidirlər, həm də həyati. Operator iki ildə üç-dörd film çəkməlidi. Bizdə isə iki-üç ildən bir film çəkilir. Vacib amillərdən biri də sənət seçimində məsuliyyətli olmaqdı.

Mən özüm əmək fəaliyyətinə təzə başladığım vaxtlarda iki ali məktəb bitirsəm də, hətta o vaxta qədər təcrübə toplasam da, hərdən fikirləşirdim ki, bu sahəni seçməkdə səhv etməmişəm ki? Yalnız Nesterovun "Gənc Mixailin görüntüsü" filmindəki işimi ekranda görəndən sonra anladım ki, səhv etməmişəm. Anladım ki, operator rejissor yozumu üçün ümdə vasitədi. Operatorluq həm incəsənətdi, həm də peşədi. Təsadüfi deyil ki, bizim sadəcə operator yox, həm də çox gözəl rəssam olan operatorlarımız sonradan rejissorluğa başlayıblar.

- Amma ümumilikdə götürəndə kifayət qədər usta operatorlar var və onların rejissorluğa meyl etməməsi sənətkarlıqlarının şübhə altına alınmasının göstəricisi ola bilməz. Elə deyilmi?

- Həm hə, həm də yox. Azərbaycan operatorluq sənətində də kifayət qədər belə adlar var. Məndə rejissorluğa həvəs 90-cı illərdə yaranmışdı. Amma həvəsi gerçəkləşdirmək üçün ona layiq ssenari olmalıdı. Ssenari səni elə maraqlandırmalıdır ki, onu təsvirlə danışdırmağa həvəslənəsən. Bizim gənc rejissorlar ilk dəfədən filosofluqla başlayırlar. Halbuki əvvəl peşə hazırlığını göstərməlidilər, tamaşaçının qavrama xüsusiyyətlərini öyrənməlidirlər. Əvvəl anlamalıyıq ki, tamaşaçını nə ilə maraqlandıra bilərik. Bu proses demək olar ki, əməlli-başlı tədqiqatdı. Bütün bu məsələlər vəhdət şəklində həll olunmalıdı. Bunda gecikmişik.

Tamaşaçının ekrandan aldığı emosiyanın empatiyaya keçməsi çox böyük yoldu. Həm də sənətdə sözünü demək üçün güclülərlə yarışmağı bacarmaq lazımdı. Sağlam rəqabət mühüm şərtdi. 2000-ci illərin əvvəllərinə qədər bütün postsovet məkanında olduğu kimi bizdə də kino istehsalı pərakəndə şəkildə idi. Sonrakı dövrdə filmlərin çəkilişinə dövlətin diqqətinin artması, əlbəttə, çox yaxşı haldı. Amma bu, ikiuclu dəyənək effekti də verə bilər. Çünki pulu verən sifarişi də verir. Belə olan halda isə dünyaya çıxmaq olmaz. Elə qanunlar işlənməlidir ki, sahibkarlar kino sahəsinin hərtərəfli inkişafında maraqlı olsunlar. Necə ki "Qız qalası əfsanəsi" filmi çəkiləndə bütün sahibkarlar kapitallarını o filmə sərf etməyi özlərinə borc bilirdilər. Marksın pul-əmtəə-pul sistemi qüvvədə idi. İndi hətta o boyda Rusiyada da azad sənətkarların yerini Nikita Mixalkovsayaq ələbaxanlar zümrəsi tutub...

- Buna görə də artıq rusiyalı kinematoqrafçıların adları nüfuzlu festivalların qalibləri sırasında, demək olar ki, səslənmir.

- Bəli. Yaradıcı adamdan əsl sənət nümunəsi tələb etmək üçün ona azadlıq verilmədi. Kino sahəsinə üz tutan gənclərlə bağlı fikrimi davam etdirib demək istəyirəm ki, gənclərin fiziki və mənəvi hazırlığı olmalıdı. Bu mənada indi kasıb dövrü yaşayırıq.

- Filmoqrafiyanıza daxil olan hansı filmlər yaddaşınızda dərin iz buraxıb, potensialınızın yeni tərəflərinin açılmasında rol oynayıb?

- Mən bu sənətə düşünülmüş şəkildə getməmişəm. Əvvəl aktyor olmaq istəyirdim. Mənim üçün önəmli və əziz olan filmlərdən Cəmil Quliyevin "Cansıxıcı əhvalat", Gülbəniz Əzimzadənin "Qətl günü", Vaqif Mustafayevin "Hər şey yaxşılığa doğru", Tofiq Tağızadənin "Köpək", Nesterovun "Cığır" ekran əsərlərinin adlarını çəkə bilərəm. "Cansıxıcı əhvalat" həm debütüm idi, həm də o filmdə operator bacarıqlarını üzə çıxararaq işləmək çox maraqlı idi. "Hər şey yaxşılığa doğru" ekran əsərinin janrı, mövzusu mənə yaxın olmasa da, verbal üslubda sənətkarlıq nümunəsi olduğu, aktyorun görüntüsü, sözü ön plana qoyulduğu üçün operator işi yeni məzmun qazanmış olurdu. O filmin həm də prodüseri idim. "Qətl günü" filmində hər şey əlli əlliyə idi, semantika ilə estetik təsir tarazlıq təşkil edirdi, görüntü həm informasiya, həm də təsir missiyasını yerini yetirirdi. "Köpək" və "Cığır" filmlərinin də hər birinin öz yeri var. Həmişə müxtəlif rejissorlarla işləmişəm, hər birindən nəsə öyrənməyə çalışmışam.

- Siz eyni dərəcədə həm bədii, həm də sənədli film rejissorusunuz. Amma hər halda hansı sizə daha yaxındı?

- Bədii kino mənə daha əzizdi. İnsan taleləri böyük iz buraxır. Hələ aktyorlarla ünsiyyəti demirəm.

- Hansı aktyorlarla ünsiyyət daha yaddaqalan olub?

- Ooo! Hamlet Xanızadə, Fuad Poladov, Həsənağa Turabov, Səməndər Rzayev, Yaşar Nuri, Həsən Məmmədov, Marqarita Terexova, Yevgeniy Yevstiqneyev kimi aktyorlarla işlədiyim dövrü böyük məmnunluqla xatırlayıram. Operatorluq çox gözəl sənətdi - yaşadığın anı dəyərləndirməyi öyrənirsən. Təəssüf ki, bu vaxta qədər potensialımıza görə hələ çox az işləmişik.

- Rəhbəri olduğunuz Gildiyanın neçə nəfər üzvü var və bu təşkilat operatorlara nə verəcək?

- Gildiyamızın 17 nəfər üzvü, 6 nəfərdən ibarət idarə heyəti var. İdarə heyətinə Nizami Abbas, Kənan Əziz (Məmmədov), Adil Abbas, Elşən Əliyev, Nadir Mehdiyev və Rafiq Quliyev daxildirlər. Kinooperatorlar Gildiyası Peşəkar Kinorejissorlar Gildiyasının nəzdində olan qurumdu. Bilirsiniz ki, onsuz da, az sayda çəkilən filmlərimizə əcnəbi operatorlar dəvət olunurlar. Halbuki Azərbaycan operatorluq sənətini azərbaycanlı operatorlar yaşatmalıdırlar. Özü də gənclər arasında maraqlı, istedadlı operatorlar kifayət qədərdi. Yaxşı ki, indi istehsalata buraxılan kinoalmanaxa cəlb olunanlar arasında onlar da var. Gənclərə şərait yaratmaq lazımdır ki, Avropada təhsillərini davam etdirsinlər.

Peşə adamlarının birliyini yaratdıq ki, yaradıcı proses başlasın. Gildiyanın mövcudluğu, fəaliyyəti bizə imkan verəcək ki, bir-birimizə kömək olaq, peşə qürurumuzu qoruyaq...