Qeyri-düzgün işıqlandırma hansı fəsadlara gətirir
İşıq yalnız ətrafı görmək üçün deyil, yaddaşın, fiziki və əqli iş qabiliyyətinin, eşitmə orqanlarının, görmə qabiliyyətinin düzgün inkişafı üçün də vacibdir. İşıq sayəsində insan onun ətrafında baş verən hadisələrin 90 faizi barədə ümumi məlumat ala bilir.
Qaranlıq otaqlarda, hava qaralananda da işıqsız fəaliyyət göstərmək çətinləşir. İşıq cərrahi əməliyyatlar, yeraltı işlər, sənədləşmə zamanı və başqa hallarda da əvəzsizdir. Mütəxəssislər hesab edir ki, işıqlandırma zamanı işığın bərabər paylanması, gözləri qamaşdırmaması vacibdir. Ən əsası isə süni işıqlandırma zamanı da işıq gün işığına yaxın effekt verməlidir.
Dizayner Oqtay Həmidovun sözlərinə görə, çılçıraq seçərkən ilk növbədə otağın ölçüsü nəzərə alınmalıdır. "Otağın forması, tavanın hündürlüyü də vacib amillərdəndir. Əgər otaq balacadırsa, divarda da işıqlandırma vasitələri qurmaq olar. Bu zaman işıqlandırma vasitələrini içəri girərkən ilk görünən divarda qurmaq lazımdır. Dar, uzunsov otaqlarda çıraq və lampaları uzun divarlarda quraşdırmaq məsləhətdir. İşıq belə otaqları daha geniş göstərəcək. Hündür tavanı olan evlərdə isə iri çılçıraqlar daha gözəl görünür. Otağın dizaynında iri çıraqlardan da istifadə etmək olar. Tavanı alçaq olan evlərdə isə iri, dəbdəbəli çılçıraqlardan istifadə yersizdir. Burada tavana yapışan çılçıraqlardan istifadə etmək lazımdır. Belə balaca və ya ortaölçülü çıraqlar otağı daha hündür göstərəcək".
O.Həmidov qeyd edib ki, çox vaxt evin işıqlandırılmasına əhəmiyyət verməyərək çılçıraq və ya müxtəlif növ lampaları xarici görünüşünə görə seçirlər. "Lakin evdə, ofisdə düzgün işıqlandırmaya nail olmaq üçün bu vasitələrin xarici görünüşünə fikir vermək kifayət etmir. İşıqlandırma tək interyerin ümumi görünüşünə təsir etmir. Əhvala, əsəblərə, sağlamılğa da təsir edir. İşıq elə qurulmalıdır ki, rahatlıq gətirsin. İşıqlandırma düzgün olmadıqda baş ağrılarına, əsəb gərginliyinə, əhvalın pisləşməsinə gətirib çıxarır. Çıraq və lampaların düzgün yerlərdə qoyulmaması, gözləri qamaşdıran işıqlanma insanın əsəbi olmasına səbəb olan amillərdəndir. İşıqlandırmada, onun çalarlarında hormoniya gözlənilməlidir. İşıqla oynayaraq şən və ya əksinə qəmgin ab-hava yaratmaq mümkündür".
Onun dediyinə görə, işıqlanmanın texniki tərəflərini də bilmək önəmlidir. Belə ki, qonaq otağı üçün çılçıraqlardan, bra və lampalardan, asma çıraqlardan da istifadə etmək olar. Yazı işı üçün nəzərdə tutulan guşədə otağı ümumi işıqlandıran və kölgə salmayan çılçıraqdan istifadə olunmalıdır. Əlavə işıqlandırma üçün stolüstü lampa da qoymaq olar. Mətbəxdə isə işıqlandırma həm yuxarı rəflərin aydın görünməsi, həm də ümumi otağın işıqlanması üçün qurulur.
İnsanların günün yarıdan çoxunu ofisdə keçirdiklərini deyən dizayner bildirib ki, iş yerləri də yaxşı işıqlandırılmalıdır. "Xüsusilə də iş vaxtı gözlərimizi yoruruq. Bu səbəbdən də işıqlandırma düzgün verilməlidir. Ofisin işıqlandırılması adi gün işığına uyğun olmalıdır. Ofislərin dizaynı zamanı daha çox otaqların planlaşdırılmasına, mebelə, ümumi dizayna diqqət ayrılır. İşıqlandırmaya isə xüsusi əhəmiyyət verilmir. Lakin ofislərdə hava qaralanda da sənədləşmə işləri aparılır və bu zaman çox diqqətli olmaq, səhv buraxmamaq tələb olunur. Ona görə də ofislərdə işıqlandırmaya ilk növbədə fikir verilməlidir".
Onun sözlərinə görə, işıqlandırma elə qurulmalıdır ki, çox kiçik hərflər, rəmzlər, şəkillər, möhürdəki yazılar və s. görünsün. "Bunun üçün isə ofislərdə işıqlandırma sistemlərinin quraşdırılması mütəxəssislər tərəfindən aparılmalıdır".
Həmsöhbətimiz bildirb ki, ofislərdə əsasən ağ çalarlı işıqlanma tədbiq olunur. "Belə ki, sarımtıl işıq insanı rahatlaşdırır və sakitləşdirir. Bu isə işçilərin daha asta işləməsinə gətirib çıxarır. İşıqlandırma sistemləri düzgün qurulduqda isə iş qabiliyyəti artır" deyən dizaynerə görə, işıqlandırma elə olmalıdır ki, kopüterlər aydın görünsün. "Bəzən yanlış işıqlanma monitorlarda lampaların parıltısını əks etdirərək rahat işləməyə mane olur. Ağ işıq verən lampalar isə parıltı əks etdirmir. Bu səbəbdən də ofis və ya iş otağı üçün münasibdir. Lakin ağ işıq verən lampalar tez-tez sıradan çıxır, işıq tez-tez yanıb sönməyə başlayır. Belə hallar müşahidə olunduqda isə mütləq lampalar yenisi ilə əvəz olunmalıdır. Belə ki, tez-tez yanıb sönən işıq görmə qabiliyyətinə ziyandır".
Express.az
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре