İnsanda əminlik hissini gücləndirən terapiya tətbiq olunur

Day.Az представляет новость на азербайджанском языке.


Rəssamlıq, rejissorluq, aktyorluq, bəstəkarlıq, mahnı ifa etmək, rəqs etmək, müxtəlif əl işləri düzəltmək və s. insanlara problemlərini həll etməyə kömək edir. İncəsənət vasitəsilə özünü ifadə həyatın ən çətin və dəhşətli anlarında belə insanı rahatlaşdırır, özünə inamı artırır. Bir çox insanlar art terapiya sayəsində ən təhlükəli xəstəliklərdən belə müalicə olunublar. Art terapiya insanı istənilən xəstəliyə qarşı mübarizə aparmağa ruhlandırır.

Psixoloq Günay Yaqubovanın sözlərinə görə, insana çətin anlarda kömək etmək üçün art terapiyanın müxtəlif növlərindən istifadə olunur. Bəzən elə olur ki, insan özünə rahatlıq tapa bilmir, içində müəyyən boşluqlar, cavabsız sualların yarandığını hiss edir. Çox vaxt insanlar üzləşdiyi dərdin qarşısında çarəsiz qalırlar. Mübarizə aparmağa gücü olmur. Elə də insanlar olur ki, xırda anlaşılmazlıqlara görə hətta səbəbsiz yerə narahatlıq yaşayırlar. "Bütün bu hallarda art terapiyanın tətbiqi yaxşı nəticələr verir. Misal üçün, əgər kimsə çox həyəcanlı və nəyə görəsə narahatdırsa, bu narahatçılığı rəsm çəkməklə ifadə etmək məsləhət olunur. Bu zaman çalışmaq lazımdır ki, bütün kədərini, qəlbindəki ağrını rəsmə ötürəsən. Hissləri, kədəri rəsmlə səmimi etiraf etdikcə insan daha da rahatlaşır. İnsan öz kədərini şəklə köçürəndən sonra o şəkli cırıb atmalıdır. Çox vaxt psixoloqlar bu zaman deyirlər: "Sənin kədərin, göz yaşların şəkildədir. Məhv et onu! Cırıb at və ya yandır onu".

Art terapiya əsasən güclü stressə məruz qalan, bədbəxt hadisə ilə üzləşən, yaxınlarını itirən və ya yaxınları ağır xəstə olan insanlara, psixiatrik diaqnozlu insanlara, depressiyalara meylli olanlara, həmyaşıdları arasında özünü narahat hiss edən, dərslərini çətin oxuyan uşaqlara və kəllə-beyin travmalarından sonrakı dövrlərdə tətbiq olunur. Psixoloq qeyd edir ki, müalicə zamanı art terapiyanın müxtəlif növlərindən istifadə olunur. Məsələn, izoterapiya, musiqi terapiyası, rəqs terapiyası, nağıl terapiyası və s. İzoterapiya art terapiyanın ən geniş tətbiq olunan növüdür. Bu zaman insanlara rəsm çəkmək təklif olunur. Emosiyaları, gizli fantaziyaları, problemləri danışmaqdansa, çəkmək daha asandır. Rəsm çəkərkən insan özünü qınayan fikirləri, onu çərçivəyə salan sərhədləri aşır. Bu terapiya zamanı yuxuların rəsmə köçürülməsi də təklif olunur.

Musiqi terapiyası sağlamlığa müsbət təsiri ilə seçilir. Musiqi terapiyasından ən çox Alsqeymer xəstəliyi, yuxusuzluq, müxtəlif depressiv hallar zamanı istifadə edirlər. İş qabiliyyətinin artırılması və fiziki ağrıların azalması üçün də musiqi terapiyasının xeyri var. Bu terapiya zamanı əsasən klassik musiqiyə qulaq asılır.

Rəqs terapiyası emosiyaların rəqsdə təzahürüdür. Ümumiyyətlə, bütün həyatımız boyu hərəkətdə oluruq. Hətta yuxuda da insan hərəkət edir. Sakit yatan insanlar belə gözlərini qırpır, tənəffüs edir və s. Hərəkət etmək insan üçün təbii bir prosesdir. İnsanlar uzun müddət kin saxlayanda, öz dərdlərini heç kimlə bölüşə bilməyəndə bu, onların sağlamlığına, psixi durumuna çox pis təsir edir. Rəqs edərkən isə insan yığılıb qalan mənfi enerjini özündən kənarlaşdırır.

Nağıl terapiyası zamanı insan emosiyaları, fikirləri haqqında yazır. Bu terapiya xəyalpərəst adamlar üçün daha xeyirli olur. Nağıl terapiyası insanın psixi vəziyyətinin analizi, çətinliklərin dəf edilməsi, xarakterin dəyişilməsi üçün də istifadə olunur. Mütəxəssislər nağıl terapiyasında psixoterapevtik və psixoloji nağıllardan istifadə edirlər.

Müsahibimizin sözlərinə görə, art terapiyanın bütün növləri insanın daxili dünyasının açılmasına kömək edir. Art terapiya həm uşaqlar, həm də böyüklər üçün faydalıdır. Art terapiya zamanı insanın gizli bacarıqları üzə çıxır, istedadı varsa, daha da inkişaf edir. Müntəzəm art terapiya ilə məşğul olmaq diqqəti, yaddaşı artırır. Terapiya insanda əminlik hissini gücləndirir və insanı rahatlaşdırır. Art terapiya başqa psixoterapiyalarla paralel aparıla bilər. Bu terapiyanın insana heç bir ziyanı olmur. Bir çox asıllılıqlara qarşı da art terapiya yaxşı mübarizə metodudur. O, insanı daha güclü etməklə yanaşı, psixoloji problemlərin həllinə kömək edir. Sosial adaptasiya ilə bağlı problemlər yaşayan insanlar üçün də art terapiya tətbiq olunur. Xüsusilə də, əlilliyi olan insanlar, özlərini cəmiyyətdən təcrid olunmuş hiss edənlər və başqa sosial mühitə adaptasiya ola bilməyən insanlar üçün art terapiya əvəzsizdir. Ünsiyyətə ehtiyacı olan, lakin heç kimlə ünsiyyətə girə bilməyən və ya sadəcə fikirlərini sözlərlə ifadə etməkdə çətinlik çəkənlər də bu terapiyanın sayəsində özlərini normal hiss edirlər. Belə ki, bu terapiya insanlara qeyri verbal formada da olsa ünsiyyət qurmağa kömək edir.

/Ekspress.az/