Lənkəranın ucqar dağ kəndinə ilk dəfə yol çəkilir

Day.Az представляет новость на азербайджанском языке.

Milli.Az Cənub TV-yə istinadən xəbər verir ki, Lənkəran rayonunun ucqar dağ kəndlərindən biri olan Türkəncil kəndinə ilk dəfə olaraq yol çəkilir. Rayon mərkəzi ilə kənd arasındakı məsafə 45 km-dir. Bu günə kimi həmin kəndə yol olmayıb. Ölkə başçısının göstərişinə əsasən, ötən il Lənkəran-Vilvan-Osaküçə yolu çəkilərək istifadəyə verilib. Hazırda isə Günəhir-Türkəncil yolu çəkilir. İş icraçısı Ramiz Məmmədov deyir ki, Günəhir-Türkəncil yolu 8,5 km-dir. Hazırda ərazidə 10 ağır texnika işləyir və torpaq işləri görülür.

Kəndə ilk dəfə yolun çəkilişi daha çox kənd sakinlərinin və sürücülərin sevincinə səbəb olub. Sakinlər deyirlər ki, yolun olmaması ucbatından çox əziyyət çəkirdilər. 20-25 dəqiqəlik yolu qət etmək üçün 3-4 saat vaxt sərf etməli olurdular. Xəstələri olanda onu vaxtında xəstəxanaya çatdırmaq müşkülə çevrilirdi.

Ərazi icra nümayəndəsi bildirir ki, yeni yolun çəkilişi, kənd əhalisinin ən böyük sosial problemlərinin həllinə kömək edəcək. Sakinlər əkib becərdikləri məhsulları rayon mərkəzinə - bazara rahat çıxara biləcəklər. Ən əsası isə kənddən əhalinin köç etməsinə son qoyulacaq.

Qeyd edək ki, yeni yolun hərəkət hissəsinin eni 7 metr, uzunluğu 8,5 km-dir. Hal-hazırda yol örtüyünün aşağı qatının tamamlama işləri gedir. Yola 7 sm qalınlıqda asfalt örtük səriləcək. Ayın axırında yolun hər iki qatının asfaltlaşdırılması başa çatdıracaq. Yolun ikinci qatının asfalt örtüyü 5 sm nəzərdə tutulub. Yolun təmiri başa çatdırıldıqdan sonra, təmirə ehtiyacı olan digər kəndlərdə də asfaltlama işlərinə başlanacaq. Günəhir-Türkəncil yolunun yay aylarının sonuna kimi istifadəyə verilməsi nəzərdə tutulub.