Su sayğaclarının quraşdırılması ilə bağlı sual

Day.Az представляет новость на азербайджанском языке. 

Vaqif adlı oxucu Milli.Az saytının redaksiyasına göndərdiyi məktubda aşağıdakı məsələyə toxunub:

""Çoxmənzilli binaların su təchizatı sistemi yenidən qurulur" xəbərinizlə əlaqədar olaraq belə bir məsələ yaranır. Hövsan qəsəbəsində yaşayıram. 5-mərtəbəli binalarda sayğacların quraşdırılması işləri normal formada həyata keçirilir. Bu proses 9-mərtəbəli binalarda necə həyata keçiriləcək? Bu sayğaclar blokda normal gediş-gəlişə mane olmayan yerlərdə quraşdırılmalıdır. Blokların əksər boş sahələri sakinlər tərəfindən zəbt olunub. Mənzil İstismar İdarələri (Mİİ) deyir, bizlik deyil. Zəbt edən deyir, Mİİ ilə razılaşdırıb tutmuşuq. Gərək ilk öncə blokların zəbt olunmuş yerləri təmizlənsin ki, sonra da sayğac quraşdırılsın".

Məsələyə aydınlıq gətirmək üçün Suraxanı Rayon Sukanal İdarəsi ilə əlaqə saxladıq. İdarənin operativ idarəetmə şöbəsinin rəisi Ramiz Xıdırov qeyd etdi ki, sakinlərin narahatlığına əsas yoxdur.

"Vətəndaşların fasiləsiz su ilə təmin olunması məqsədi ilə nəzərdə tutulan işlər plan üzrə həyata keçirilir. Artıq rayonun Günəşli qəsəbəsinin Q massivində su təchizatı sistemi yenilənib və sakinlər 24 saat kəsintisiz su ilə təmin ediliblər. Hazırda həmin işlər qəsəbənin V massivində və Hövsan qəsəbəsində həyata keçirilir. Günəşli qəsəbəsinin V massivində həyata keçirilən işlər iyul ayının sonuna qədər başa çatacaq. Hövsan qəsəbəsində isə həmin işlər avqust ayının ortalarına qədər başa çatdırılacaq", - o qeyd edib.

Oxucunun sualına gəlincə isə, Ramiz Xıdırov qeyd edib ki, Hövsan qəsəbəsinin binalarında zibil atmaq üçün şaxtalar var. Hazırda həmin zibil şaxtaları istifadə olunmadığına görə, bəzi sakinlər öz mərtəbələrində həmin sahələri qapayaraq dolab kimi istifadə edirlər.

"Ancaq bunun bizim işimizə heç bir maneçiliyi yoxdur. Su təchizatı sistemi yenilənməsi prosesinə başlamazdan əvvəl bütün bu nüanslar nəzərə alınıb. Layihəyə uyğun olaraq, sayğaclar pilləkən qəfəslərində quraşdırılır. Layihə elə qurulub ki, su təchizatı sisteminin dəyişdirilməsi sakinlərin narahatlığına səbəb olmasın", - R.Xıdırov əlavə edib.