https://news.day.az/azerinews/783125.html Misir yazıçısı Nəcib Məhfuzun Azərbaycanda ilk dəfə çap edilmiş “Bildirçin və payız” kitabının təqdimat mərasimi keçirilib

Misir yazıçısı Nəcib Məhfuzun Azərbaycanda ilk dəfə çap edilmiş “Bildirçin və payız” kitabının təqdimat mərasimi keçirilib

Azərbaycanca, 21 мая 2016 21:52 (UTC +04:00) 1 290
Misir yazıçısı Nəcib Məhfuzun Azərbaycanda ilk dəfə çap edilmiş “Bildirçin və payız” kitabının təqdimat mərasimi keçirilib

Day.Az представляет новость на азербайджанском языке.       

Misir Ərəb Respublikasının ölkəmizdəki səfirliyinin Mədəniyyət Mərkəzində müasir ərəb ədəbiyyatının banisi, Misir yazıçısı, Nobel mükafatı laureatı ilk müsəlman ədib Nəcib Məhfuzun Azərbaycanda ilk dəfə çap edilmiş "Bildirçin və payız" kitabının təqdimat mərasimi keçirilib.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, tədbirdə ərəb ölkələrinin Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusunun nümayəndələri, həmçinin ölkəmizin elm, təhsil və mədəniyyət xadimləri iştirak ediblər.

Misir Mədəniyyət Мərkəzinin direktoru, səfirliyin mədəniyyət attaşesi Əhməd Sami əl-Aydi Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin son iki ildə ədəbi mübadilə istiqamətində gördüyü işlərdən, rəhbərlik etdiyi qurumla birgə həyata keçirilən layihələrdən danışıb.

Misirin Azərbaycandakı müvəqqəti işlər vəkili Heysam Cəlal yazıçının həyat və yaradıcılığından, toxunduğu mövzuların əhəmiyyətindən söz açıb. O deyib: "Nəcib Məhfuzun yaradıcılığı təkcə Misir cəmiyyətini əks etdirmir, o, bütün ərəb dünyasının yaşayış tərzinə, mədəniyyətinə güzgü tutur. Əminəm ki, onun əsərlərinin Azərbaycan dilinə tərcümə olunması iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcək".

Tərcümə Mərkəzinin direktoru, yazıçı Afaq Məsud mərkəzin dünya ölkələri ilə ədəbi əlaqələri, gələcək layihələr barədə məlumat verib. Bildirib ki, 2014-cü ilin may ayında Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə Tərcümə Mərkəzinə yeni status verilib. Bu Fərman Azərbaycanın dünya ilə ən vacib körpü - ədəbiyyat vasitəsilə əlaqəyə gətirilməsinə geniş imkanlar açıb. Mərkəzin direktoru ərəb dilinə və ədəbiyyatına Azərbaycanda həmişə marağın olduğunu vurğulayıb.

Daha sonra çıxış edən İordaniya Haşimilər Krallığının ölkəmizdəki səfiri Nassar Al-Habaşneh Azərbaycan və ərəb dünyası arasında din və dil baxımından tarixi əlaqələrin olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, bu cür ideoloji layihələrin uğuru qardaşlığımızın, ədəbi və mədəni əlaqələrimizin gələcəyinə, perspektivlərinə böyük inam və nikbinlik aşılayır.

Sudanın ölkəmizdəki səfiri Məhəmməd Elias Məhəmməd əl-Haq belə bir kitabın ərsəyə gəlməsinə görə Tərcümə Mərkəzinə minnətdarlığını bildirib, bu qurumun fəaliyyətini yüksək qiymətləndirib. Səfir gələcəkdə Tərcümə Mərkəzi ilə təhsil sahəsində də mübadilə aparılacağına ümidvar olduğunu deyib.

Şərqşünas-alim, BDU-nun ilahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev Azərbaycanda ərəb dilinə və poeziyasına olan maraqdan bəhs edib. Ərəb ədəbiyyatının görkəmli nümayəndəsi Nəcib Məhfuzun öz əsərləri ilə dünya xalqlarının yaxınlaşmasına yardımçı olmasından danışıb.

Sonda yazıçının əsərlərini dilimizə tərcümə edən Şahin Ələsgərov Nəcib Məhfuzun yaradıcılığı ilə ilkin tanışlığından, kitabın tərcümə prosesinin maraqlı məqamlarından söz açıb. Bildirib ki, kitaba yazıçının "Bildirçin və payız" romanı, "Zülmət gecədən işıqlı sabaha" povesti və 14 hekayəsi daxil edilib.

Tədbirin sonunda kitabın ərsəyə gətirilməsində xidmətlərinə görə Tərcümə Mərkəzinin direktoru Afaq Məsud Misir Ali Təhsil Nazirliyinin xüsusi diplomu, gənc tərcüməçi Şahin Ələsgərov isə nazirliyin medalı ilə təltif edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости