Sentyabrın 20-si saat 21:05 radələrində Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində baş verən hadisənin görüntüləri yayılıb.

Day.Az AZXEBER.COM-a istinadla xəbər verir ki, ötən gün hadisə barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi ətraflı məlumat yaymışdı.

Məlumatda bildirilirdi ki, sərhəd zastavasının xidməti sahəsində içərisində 2 nəfərin olduğu avtomobilin əraziyə yaxınlaşması, avtomobildən bir nəfərin düşərək özünü şübhəli aparması və ətrafı müşahidə etməsi sərhəd naryadının diqqətini cəlb etmişdir.

Şübhəli şəxs gizlin yerdən bağlama götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edərkən sərhədçilər tərəfindən ona "dayan" əmri verilmiş, lakin o, əmrə tabe olmayaraq ərazidən uzaqlaşmağa çalış­mışdır.

Sərhəd naryadı tərəfindən yaxalanması zamanı şübhəli şəxs müqavimət göstərmiş, baş leytenant Allahverdi İsmayılova bıçaq ilə xəsarət yetirmişdir.

Buna baxmayaraq sər­hədçi zabit şücaət nümayiş etdirmiş və cinayətkarı tərkisilah edərək saxlamışdır.

Hadisə zamanı xəsarət almış sərhədçiyə təxirəsalınmaz tibbi yardım göstərilib. Onun vəziyyəti qənaətbəxşdir.

Saxlanılan şəxsin 1975-ci il təvəllüdlü Cəlilabad rayon sakini Əliyev Elşən Dövlət oğlu olması müəyyənləşdirilmiş, əraziyə atılmış bağlamaya baxış zamanı içərisində 1 kq 125 qram "marixuana", 1 kq 10 qram "tiryək" və 450 qram "heroin" narkotik vasitə aşkarlanaraq götürülmüşdür.

İdarə etdiyi avtomobil ilə hadisə yerindən qaçmış digər şəxsin saxla­nılması istiqamətində təxirəsalınmaz əməliyyat-qoşun tədbirləri həyata keçirilib.

Ərazi dərhal qapadılaraq ətrafda axtarış aparılıb. Nəticədə hadisə yerindən qaçmış şəxs Cəlilabad rayonunun Buravar kəndinin yaxınlığında saxlanılıb.

Həmin şəxsin 1979-cu il təvəllüdlü Naxçıvan MR, Babək ra­yon sakini Quliyev Samir Vidadi oğlu olması müəyyənləşdirilib.

Avtomobilin içərisindən 55 qram "tiryək" narkotik vasitə və şəxsi əşyalar aşkarlanaraq götürülmüşdür.

Qeyd olunan fakt üzrə müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

15 000-dək krediti 15 dəqiqəyə əldə et!