Azərbaycanda bəzi məhsulların əkininə subsidiya limiti tətbiq oluna bilər
Azərbaycanda bəzi məhsulların əkininə subsidiya limiti tətbiq oluna bilər.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov "Toxumçuluqda yeni dövr: Yerli toxum, etibarlı təminat" konfransı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, fermerlərin bir il qiyməti yüksək olan məhsulun əkininə növbəti il üstünlük verməsi təkcə Azərbaycanda deyil, bütün dünyada müşahidə olunur. Onun sözlərinə görə, belə halların qarşısını almaq üçün fermerlərin məlumatlılığını artırmaq vacibdir.
Məcnun Məmmədov qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Statistika Komitəsi hər il məhsullar üzrə əkin sahələrinə dair məlumatları açıqlayır. Fermerlər bu göstəriciləri və əvvəlki illərin meyillərini nəzərə alaraq növbəti əkinlə bağlı qərar verə bilərlər.
"Rəqəmsallaşdırma və süni intellekt layihələri çərçivəsində fermerlərə əkinlə bağlı mərhələli tövsiyələrin verilməsi mexanizmi üzərində çalışırıq. İlk mərhələdə fermer əkinə başlamazdan əvvəl həmin məhsul üzrə nə qədər sahənin bəyan edildiyi barədə məlumat alacaq və qərarını özü verəcək", - deyə nazir bildirib.
Onun sözlərinə görə, fermerlər bu mexanizmə alışdıqdan sonra, təxminən bir-iki il ərzində subsidiya ilə bağlı icbari mexanizmə keçilməsi nəzərdə tutulur. Bu halda dövlət müəyyən məhsulun əkinini təyin edilmiş həddə qədər subsidiyalaşdıracaq, həmin həddi aşan əkinlərə isə subsidiya ayırmayacaq. Fermerlər bu sahələrdə məhsul əkib-əkməməyə özləri qərar verəcəklər.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре