https://news.day.az/azerinews/1872873.html Ağdaşda “Heyva festivalı” keçirilib - FOTO Ağdaşda II Heyva Festivalı və Aqrar Biznes Festivalı keçirilib.

Ağdaşda “Heyva festivalı” keçirilib - FOTO

Azərbaycanca, 7 ноября 2026 18:19 (UTC +04:00) 41
Ağdaşda “Heyva festivalı” keçirilib

Ağdaşda II Heyva Festivalı və Aqrar Biznes Festivalı keçirilib.

AZƏRTAC xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi və Ağdaş Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festivalda dövlət qurumlarının nümayəndələri, aqrar sahədə fəaliyyət göstərən şirkətlər, assosiasiyalar, fermerlər, sahibkarlar və digər iştirakçılar bir araya gəliblər.

Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə tədbirin xalqımız üçün əlamətdar günə - Zəfər Gününə təsadüf etdiyini vurğulayaraq, bu tarixi günün xalqımızın çoxillik arzularının gerçəkləşdiyi gün olduğunu qeyd edib. O, bu möhtəşəm Qələbəyə görə Müzəffər Ali Baş Komandana, rəşadətli Azərbaycan Ordusuna və xalqımıza minnətdarlığını ifadə edib. İcra başçısı əlavə edib ki, bu festival artıq ənənəvi xarakter alaraq rayonun aqrar potensialının, milli-mədəni irsinin və turizm imkanlarının tanıdılmasına mühüm töhfə verir. Festivallar çərçivəsində kənd təsərrüfatında tətbiq olunan müasir texnologiyalar və rəqəmsal həllər nümayiş etdirilməklə fermerlərin məlumatlandırılması və aqrar sahəyə marağın artırılması hədəflənir.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Zəfər Gününün xalqımızın çoxəsrlik dövlətçilik tarixində müstəsna əhəmiyyət daşıdığını vurğulayıb, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Qələbənin şəhidlərimizin, qazilərimizin və rəşadətli Azərbaycan Ordusunun, xalqımızın fədakarlığı sayəsində mümkün olduğunu bildirib.

Nazir Məcnun Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin kənd təsərrüfatına göstərdiyi diqqət və qayğı nəticəsində ölkədə aqrar sahənin inkişafı, o cümlədən meyvəçiliyin genişləndirilməsi istiqamətində mühüm hədəflər müəyyənləşdirilib. Nazir dövlət başçısının təsdiqlədiyi "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda müasir intensiv bağların sahəsinin 50 min hektardan 70 min hektara çatdırılmasının qarşıya məqsəd qoyulduğu diqqətə çatdırıb. Bildirib ki, Ağdaşın ənənəvi Heyva Festivalı rayonun aqrar potensialının, fermerlərin istehsal etdiyi məhsulların və müasir aqrar texnologiyaların nümayiş etdirilməsi baxımından mühüm platformadır.

Milli Məclisin deputı Sahib Alıyev bu cür festivalların bağçılıq və meyvəçiliyin inkişafına, eləcə də ölkənin ixrac potensialının artırılmasına mühüm töhfə verdiyini bildirib. Ağdaşın tarixi ənənələrinə toxunan natiq rayonun qədim dövrlərdən ticarət və ipəkçilik mərkəzlərindən biri kimi tanındığını qeyd edərək, festivalın gələcəkdə daha geniş miqyas alacağına əminliyini ifadə edib.

Milli Məclisin deputatı Məzahir Əfəndiyev Heyva Festivalı və Aqrar Biznes Festivallarının Zəfər Gününün 6-cı ildönümü və "Şəhərsalma və Memarlıq İli" çərçivəsində keçirilməsinin əhəmiyyətini vurğulayaraq, Böyük Qayıdış Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işlərinə diqqət çəkib. O, festivalların kənd təsərrüfatının inkişafının, fermer və sahibkarların əməyinin, Azərbaycanın iqtisadi potensialının, ərzaq təhlükəsizliyinin və milli həmrəyliyinin təbliği baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Çıxışlardan sonra tədbir iştirakçıları festivalda nümayiş olunan stendlərə baş çəkiblər.

Bu il ikinci dəfə təşkil edilən Heyva Festivalında Ağdaşın meyvəçilik ənənələri, yerli istehsalı və zəngin milli-mədəni irsi nümayiş etdirilib, rayonda yetişdirilən heyvanın müxtəlif sortları, ondan hazırlanan mürəbbə, şirniyyat və digər kulinariya nümunələri iştirakçılara təqdim olunub. Festival proqramında milli folklor, musiqi və rəqs çıxışları, ustad dərsləri, xalq sənətkarlığı nümunələri və müxtəlif əyləncəli tədbirlər yer alıb.

Tədbir çərçivəsində texnoloji həllər, robot texnologiyaları, süni intellekt, startap layihələri və alternativ enerji istiqamətində yeniliklərə də yer verilib. Bu təqdimatlarda müasir texnologiyaların müxtəlif sahələrdə tətbiqi, rəqəmsal həllərin əhəmiyyəti və innovativ sahibkarlıq imkanlarının yaratdığı imkanlar diqqətə çatdırılıb.

Festival çərçivəsində yerli fermerlərin, istehsalçıların və sahibkarların məhsulları da nümayiş etdirilib. Ziyarətçilər kənd təsərrüfatı məhsulları ilə yaxından tanış olmaq, onların istehsal xüsusiyyətləri barədə məlumat əldə etmək və yerli məhsulları birbaşa istehsalçılardan almaq imkanı qazanıblar.

Tədbir çərçivəsində "Aqrar inkişafda rəqəmsal və yaşıl sinerji" mövzusunda panel müzakirəsi keçirilib. Müzakirələrdə aqrar sahədə rəqəmsal texnologiyaların tətbiqi, innovativ həllərin istehsal proseslərinə inteqrasiyası, bərpaolunan enerji mənbələrindən istifadə imkanları və yaşıl iqtisadiyyata keçidin kənd təsərrüfatının dayanıqlı inkişafındakı rolu diqqət mərkəzində olub. Paneldə Ağdaş Rayon İcra Hakimiyyətinin, Aqrar İnnovasiya Mərkəzinin, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nümayəndələri spiker qismində iştirak edib, müzakirəyə "Digital Umbrella" şirkətinin nümayəndəsi moderatorluq edib.

Tədbirlə paralel təşkil edilən Aqrar Biznes Festivalında Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumları, eləcə də kənd təsərrüfatı təyinatlı məhsul və xidmətlər təqdim edən özəl şirkətlər iştirak ediblər. Şirkətlər öz məhsul və xidmətlərini, aqrar sahədə tətbiq olunan yenilikləri, fermer təsərrüfatlarının inkişafına yönəlmiş həlləri və sahibkarlar üçün təklif etdikləri imkanları festival iştirakçılarına nümayiş etdiriblər.

  • Ağdaşda “Heyva festivalı” keçirilib
  • Ağdaşda “Heyva festivalı” keçirilib
  • Ağdaşda “Heyva festivalı” keçirilib
  • Ağdaşda “Heyva festivalı” keçirilib
  • Ağdaşda “Heyva festivalı” keçirilib
  • Ağdaşda “Heyva festivalı” keçirilib
  • Ağdaşda “Heyva festivalı” keçirilib
  • Ağdaşda “Heyva festivalı” keçirilib
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости